Dünyanın resepti Qurandır

Qurani-Kərim Rəbbimizin insanlara rəhmətinin təzahürüdür

Quran Rəbbimizin bütün insanlara çox böyük lütfü, Rəhman və Rəhim isimlərinin üstün təcəllisidir. İnsanların əsl dini öyrənəcəyi tək mənbə Qurandadır. Quran bütün kainatı yoxdan yaradan, hər şeyin ən doğrusunu bilən, sonsuz rəhmətə sahib olan Uca Allahın sözüdür. Quranın Rəbbimizin bizə rəhməti olduğu ayədə belə bildirilir:

(Bu) Mərhəmətli və Rəhmli (Allah) tərəfindən nazil edilmiş, ayələri Quran kimi ərəbcə müfəssəl izah edilmiş, (anlaya) bilən camaat üçün (nəzərdə tutulmuş) bir Kitabdır. (Fussilət surəsi, 2-3)

Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixtilafda olduqları şeyləri bəyan edəsən və (bu) mömin camaat üçün doğru yol göstərən rəhbər və mərhəmət olsun. (Nəhl surəsi, 64)

O gün hər ümmətə özlərindən bir şahid göndərəcəyik, səni də onlara şahid gətirəcəyik. Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

Biz onlara biliyimizlə izah etdiyimiz, iman gətirən camaat üçün hidayət və mərhəmət olan bir Kitab göndərdik. (Əraf surəsi, 52)

Allahın insanlara açıqlayıcı kitablar endirməsi və hökmlərini bildirib Zatını tanıtması, bilmədiklərini ən doğru olaraq Öz sözü ilə və hikmətlə bildirməsi insanlar üçün böyük rəhmətdir. Allah insanlara endirdiyi müqəddəs kitablar təhrif edildikdə yeni elçilər göndərib, ancaq Peyğəmbərimizə vəhy etdiyi Quranın qiyamətə qədər qorunacağını bildirib.

Ən son İlahi kitab olan Quranın Allahın nəzarətində olması da insanlar üçün rəhmətdir. Ənam surəsində belə buyurulur:

… Və ya: “Əgər bizə Kitab nazil edilsəydi, onlardan daha çox doğru yolda olardıq”– deməyəsiniz. Artıq sizə Rəbbinizdən açıq-aydın bir dəlil, hidayət və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə pis əzabla cəzalandıracağıq. (Ənam surəsi, 157)

Quran hər insanın başa düşdüyü, sadə üsluba və bənzərsiz hikmətə sahib olan bir kitabdır.

Allah Quranı insanların içində yazılanları öyrənmələri, oxuyub başa düşmələri, bütün kainatı yoxdan yaradan Rəbbimizi tanımaları, Ona necə qulluq edəcəklərini bilib Ondan qorxmaları kimi bir çox hikmətlə endirib. İstər dünya həyatı, istərsə də ölümdən sonrakı həyat ilə bağlı mövzular Quranda ən hikmətli şəkildə izah edilib.

Allah “Sizə sizləri xatırladan bir Kitab nazil etdik. Məgər başa düşmürsünüz?” (Ənbiya surəsi, 10) ayəsi ilə də bizlərə bu həqiqəti bildirir. Allahın “Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq.”(Ənam surəsi, 38) ayəsində də bildirdiyi kimi, Quranda bir insanın vicdanla axtardığı bütün sualların cavabı var.

Quran həqiqətləri əhatə edən hidayət rəhbəri, hər mövzu haqqında Rəbbimizin hz. Muhəmmədə (səv) vəhy etdiyi ən doğru məlumatlardan ibarətdir. Buna görə də həyatlarında sadəcə Quranı və Peyğəmbərin (səv) sünnəsini özlərinə nümunə götürən insanlar Allahın rəhmətinə və hidayətinə qovuşdurulurlar.

Quranın bu xüsusiyyəti ayələrlə belə xəbər verilir:

Həqiqətən, bu Quran (insanları) ən doğru yola yönəldir və yaxşı işlər görən möminlərə, özləri üçün böyük mükafat olacağı ilə müjdə verir. (İsra surəsi, 9)

Bu (Quran) insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yol göstəricisi və mərhəmətdir. (Casiyə surəsi, 20)

Özünə rəhbər kimi Quranı və Peyğəmbərimizin (səv) yolunu seçən bir insanın həyatı digər insanlarınkından çox fərqli olur. Məsələn, bu insan sıxıntı, narahatlıq, qorxu, ümidsizlik, bədbinlik kimi ruh hallarından uzaqdır, ya da bir çətinlik qarşısımda təlaşlanmaz. Çünki hər anında Allahın ayələri və Peyğəmbərimizin (səv) hərəkətləri onun üçün yol göstəricidir. Qarşılaşdığı hər hadisəyə mütləq Allahın hökmləri ilə qarşılıq verir.

Aldığı hər qərar, dediyi hər söz, etdiyi hər iş Quran əxlaqını yaşadığının göstəricisidir. Buna görə də vicdanı həmişə təmiz olur və bunun gətirdiyi mənəvi rahatlıq ilə yaşayır. Allahın Quran əxlaqını yaşayanlara rəhmətindən bəxş etdiyi bu gözəl ruh halı, rahatlıq və sevinc möminlər üçün çox böyük nemətdir.