Hz. Adəmdən (as) etibarən hər bir insan fərqli yaradılış, fərqli xarakterlə var olub. Necə ki, hər insanın barmaq izləri bir-birinin eynisi deyil, hər insanın şəxsiyyəti də eyni deyil. Allah insanları bir-birindən fərqli talelərlə yaradıb. Hər kəs öz şəxsiyyətinə, xarakterinə və nöqsanlarına görə qədərində (tale) yaradılan müxtəlif detallarla Allah tərəfindən sınanır, tərbiyə edilir, yəni imtahan olunur.
Hər insan fərqli fitrətdə yaradılıb. Bəzi insanlar üzüyoladır, mehribandır. Bəziləri həyəcana, qorxuya, bəziləri qəzəbə, bəziləri tez kədərlənməyə, bəziləri isə mübahisə etməyə meyillidirlər. Burada onlarla punkt sıralamaq olar. Oxşarlıqlar ola bilər, amma əslində hər insan Allah dərgahında xüsusi var edilib. Bu uca Rəbbimizin yaratma sənətindəki müxtəliflikdir.
İmtahan insana müxtəlif istiqamətlərdən mütləq gəlir. Çünki dünya bunun üçündür. Dünya axirətdə gözəl şəkildə qarşılanmağımızı təmin etmək üçün yaradılmış sınaq yeridir.
Rəbbimiz “Mülk” surəsinin 2-ci ayəsində “Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur” deyə buyurur.
Məhz buna görə də dünyanın qüsuru əsla bitmir. Hər şey qaydasında gedərkən Allah insan üçün hadisələri fərqli formaya salır. Gözlənilmədən bir anda həyatında bir çox sürprizlərlə qarşılaşır. Etməyəcəyəm dediyi səhvini təkrar edir. Heç gözləmədiyi bir anda xəstəliklərlə üzləşir, malını, mülkünü itirir. Stabil getdiyini düşündüyü həyatının tamamilə dəyişdiyini görür. Bir anda sevdiklərindən uzaq qalır və bütün bunlarla imtahan olunur. Məhz bu məqamda imanlı insan üstünlüyü Allaha verməlidir. Vacib olan Allaha üz tutmaqdır. Allahın istədiyini, İslamın xeyirinə olanı seçməkdir. Önəmli olan İslam yolunda cəhd edən müsəlmanlarla birlikdə dəccaliyyətə qarşı elmlə, fikirlə mübarizə aparmaqdır.

