Dünyanın ən yaxşı havalandırma sistemi

Nəfəs alma – adi görünən möcüzə

Həyatımızın hər dəqiqəsində nəfəs alırıq. Havanı ciyərlərimizə çəkir və dərhal həmin havanı xaric edirik. Bunu o qədər çox edirik ki, adi proses olduğunu düşünürük. Halbuki, əslində, tənəffüs çox mürəkkəb prosesdir.

Bədənimizdəki sistem elə tənzimlənmişdir ki, tənəffüs zamanı düşünməyimizə ehtiyac qalmır. Yeriyərkən, qaçarkən, kitab oxuyarkən, hətta yatarkən bədən nə qədər nəfəs almalı olduğumuzu hesablayır və buna əsasən ciyərlərimizin fəaliyyətini təmin edir. Nəfəs almağa bu qədər çox ehtiyac duymağımızın səbəbi isə bədənimizdə hər saniyə baş verən milyardlarla əməliyyatın oksigenlə həyata keçən reaksiyalardan enerji əldə etməsidir.

Hal-hazırda gözünüzün torlu qişasındakı milyonlarla hüceyrənin fasiləsiz şəkildə oksigenlə qidalanması sayəsində bu yazını oxuya bilirsiniz. Əgər qanınızdakı oksigen nisbəti azalsa, “gözünüz qaralar”. Həmçinin bədəndəki bütün əzələlərin, onları təşkil edən hüceyrələrin hamısı karbon birləşmələrini “yandıraraq”, yəni oksigenlə reaksiyaya daxil edərək enerji əldə edir. Bu proses nəticəsində bədəndən dərhal xaric edilməli olan karbon-dioksid ortaya çıxır.

Tənəffüs etməyimizin səbəbi də məhz budur. Havanı içimizə çəkdiyimiz an ağciyərlərimizdəki təxminən 300 milyon kisəcik oksigenlə dolur. Bu kisəciklərin divarlarını əhatə edən kapillyarlar dərhal oksigeni çəkir, əvvəlcə ürəyə, sonra isə bütün bədənə daşıyırlar. Kapillyarlar oksigeni qəbul edib, tullantı maddəsi olan karbon-dioksidi xaric edirlər. Yarım saniyə belə çəkməyən bu əməliyyat sayəsində aldığımız təmiz havanı çirkli hava kimi geri veririk.