Dünyamız bu gün çox ciddi sınaqla üz-üzədir

Dünyamız bu gün çox ciddi sınaqla üz-üzədir

Dünyamız bu gün çox ciddi sınaqla üz-üzədir. İllərlə davam edən müharibələr, sonsuz silahlanma yarışları insanlığı parçalayır, təbiəti məhv edir. Trilyonlarla dollar silah sənayesinə, hərbi əməliyyatlara sərf olunur, amma həmin pullar kasıb ölkələrin inkişafı, təhsili, səhiyyəsi və sosial rifahı üçün xərclənsəydi, dünya hər kəs üçün daha ədalətli, xoşbəxt və firavan bir yer ola bilərdi.

Allah Quranda buyurur: “Onlara: “Yer üzündə fitnə-fəsad törətməyin!” – deyildikdə onlar: “Biz yalnız islahedicilərik!” – deyərlər”. (Bəqərə surəsi, 11) Amma biz görürük ki, böyük güclər öz maraqları üçün başqa ölkələrdə silah alverini artırır, müharibələr yaradır, nəticədə yerli xalqlar məhv olur, hökumətlər dağılır, cəmiyyətlər dağılır.

Müharibələrdə qazanan yoxdur. Proksi (proxy) müharibələr kimi dolayısı ilə aparılan savaşlarda yalnız adi insanlar, sadə ailələr zərər çəkir. Böyük dövlətlər isə özlərini gücləndirmək üçün insanları “oyuncaq” kimi istifadə edir. Bu yolla onlar həm iqtisadi, həm siyasi üstünlük əldə etməyə çalışır, amma sonunda heç kim qazanmayacaq. Allah buyurur: “Allah zalımları sevməz.” (Ali İmran surəsi, 57) Zalım olan hər kəs nəinki dünyada, axirətdə də hesab verəcək.

Son zamanlar böyük texnoloji irəliləyişlər sayəsində başqa planetlərdə həyat qurmaq barədə planlar ortaya çıxır. İnsanlıq Mars kimi başqa planetlərdə yeni həyat qurmaq üçün trilyonlarla dollar xərcləyir. Amma əgər biz özümüzün yaşadığı dünyanı belə məhv ediriksə, orada da eyni faciələri təkrarlayacağıq. “Biz başqa planetdə həyat quracağıq” demək, dünya problemlərindən qaçmaqdır, onları həll etmək deyil. Quran buyurur: “O Allah sizin üçün yer üzünü döşədi, göyü də tavan olaraq yaratdı…” (Bəqərə surəsi, 22) Bizim məsuliyyətimiz öz evimizi qorumaqdır, dağıtmaq deyil.

Əslində, bütün bu problemlərin kökündə insanın eqosu, acgözlüyü və bir-birinə qarşı olan nifrəti dayanır. İnsanın ən böyük imtahanı dünyada sülh və ədaləti təmin etməkdir. Təəssüf ki, bəzi qüvvələr bu imtahanı pozmaq, insanları parçalamaq, savaşlar vasitəsilə öz nəzarətlərini genişləndirmək istəyir.

Lakin unutmayaq ki, hər hansı bir dağıntı, hər hansı bir savaş insanın özünə zərər verir. Allah buyurur: “Zülm edənlər onlara deyilən sözü başqa bir sözlə dəyişdirdilər. Biz də o zülm edənlərə etdikləri haqsızlığa görə göydən şiddətli bir əzab endirdik”. (Bəqərə surəsi, 59)

Əgər silaha xərclənən milyonlarla, trilyonlarla pullar insanlara sərf olunsaydı, dünyada yoxsulluq yox, bərabərlik, aclıq yox, bolluq və rahatlıq hökm sürərdi. İnsanlar xəstəlikdən qorunar, uşaqlar təhsillə dolu həyat qurar, cəmiyyətlər daha sağlam və güclü olar. Amma indi isə biz görürük ki, savaş, qarşıdurma, ayrılıq artır, bu da şeytani bir plan kimi həyata keçirilir.

Dünya heç vaxt kiminsə şəxsi mülkiyyəti deyil, insanların yaşaması üçün bir nemətdir. Quran buyurur: “İnsan üçün öz əməlindən başqa bir şey yoxdur”. (Nəcm surəsi, 39) Biz öz əməllərimizlə bu dünyanı ya cənnətə çevirə, ya da cəhənnəmə bənzədə bilərik. Ona görə də ən böyük güc insanın öz vicdanında, mərhəmətində və haqqı müdafiə etməkdədir.

Bu günə qədər olan bütün müharibələrdən, zülmlərdən çıxan dərs budur: Dünya yalnız insanlıq və sülh yolu ilə inkişaf edə bilər. Başqa planetlərdə həyat qurmaq planları məhz bu təməl anlayışlara əsaslanmalıdır. Əks halda, biz sadəcə tarixin bir səhifəsini başqa məkanda təkrar edəcəyik.

Əgər hər kəs öz yerində sülhü, həmrəyliyi, insan sevgisini seçsə, trilyonlarla pulun silahdan insanlara yönəldilməsi mümkün olar. Bu, insanlıq tarixində yeni bir səhifə açar, dünya hamı üçün yaşanılacaq bir cənnətə çevrilər. Bizim əməyimiz isə dünyanı qorumaq, ədaləti təmin etmək və bir-birimizə hörmət etməkdir.

Bu gün dünyanın hər yerində sülh və ədalət uğrunda çalışanların səsləri yüksəlir. Bu səslərə qulaq asaq, vicdanlarımızı işə salsaq, çox uzağa getmədən insanlıq üçün daha parlaq bir gələcək yarada bilərik.