Dünyadakı aclıq problemı

Dünyadakı hadisələr, qiymətlərin artması, Fələstin və ya Ukraynada baş verənlər

Dünyadakı hadisələr, qiymətlərin artması, Fələstin və ya Ukraynada baş verənlər… Bunlar son günlərdə dünya gündəmində tez-tez yer alan mövzulardan bəziləridir. Halbuki ən az bunlar qədər əhəmiyyətli olan, ancaq dünya gündəmində heç yer almayan bir mövzu daha var: Milyonlarla insanın aclıq çəkməsi.

Dünyada mövcud olan qida hər insanın gündəlik ehtiyacını qarşılaya biləcək səviyyədədir. Amma bir çox insan aclıq və buna bağlı digər səbəblərdən həyatını itirir. Acından dünyada hər beş saniyədə bir uşaq həyatını itirir. Aclıq çəkən insanların sayı 1 milyarda yaxınlaşıb. Bunların böyük əksəriyyəti Səhra Altı Afrika deyilən bölgədə yaşayır. Ancaq dünyanın başqa yerlərində Çində, Hindistanda əvvəlki qədər olmasa da hələ də aclıq çəkən insanlar mövcuddur.

Dünyadakı qida mənbələri bütün dünya əhalisinin ehtiyacını rahatlıqla təmin edəcək səviyyədədir. O zaman bu qədər insan niyə aclıq çəkir?

Sualın cavabına keçmədən öncə bunu bilməkdə böyük fayda var. Aclıq əslində resurs qıtlığı deyil, paylaşma problemidir. Aclıq çəkən insanların əsas ehtiyaclarını təmin edilməsinin xərci ildə təxminən 40 milyard dollardır. Bu isə dünyanın ən varlı 225 nəfərinin ümumi mal varlığının yalnız 4%-nə bərabərdir. Yəni dünyadakı varlı insanlar vicdanlı, mərhəmətli, şəfqətli, ədalətli davransalar, dünyada aclıq deyə bir problemin olması mümkün deyil.

Bəs aclıq problemini meydana gətirən texniki səbəblər hansılardır? Bu səbəblər necə aradan qaldırıla bilər?

İlk cavab üçün Zimbabvenin yaxın tarixinə baxmaq kifayətdir. Bir müddət öncə qida ixrac edən ölkələr arasında yer alan Zimbabve artıq qida yardımına möhtac olan ölkə halına gəlib. Bu ölkə zəif dövlət idarə etməsi nəticəsində bir ölkədə nələr baş verə biləcəyi ilə bağlı önəmli nümunədir. Diktatorluqla idarə edilən, ölkə resurslarını dəyərləndirə bilməyən, hətta təbii qaynaqlarını sui-istifadə edən bir çox ölkədə aclıq problemi mövcuddur. Hindistan və Çin düzgün siyasət yürüdərək aclıq probleminin öhdəsindən gəlinə biləcəyini göstərən iki əhəmiyyətli nümunədir. Son illərdə Çin və Hindistanda aclıq çəkən insanların sayında xeyli azalma baş verir.

Aclıqla mübarizədə qalıcı həll yolu üçün atılacaq ən önəmli addım zənn edildiyinin əksinə qida yardımı deyil. Həll yolunun ən önəmli addımı aclıq çəkilən bölgələrdə iş imkanlarının artırılması və beləliklə insanların alış gücünün artırılmasıdır. Burada aclıq probleminin yaşandığı ölkələrin hökumətlərinə böyük məsuliyyət düşür. Bu bölgələrdə eynilə Çin və Hindistan kimi özəl sektor gücləndirilməli, dövlətin iqtisadiyyata müdaxiləsi məhdudlaşdırılmalı və xüsusilə də korrupsiyaya qarşı ciddi mübarizə aparılmalıdır.

Şübhəsiz ki, aclıqla mübarizədə inkişaf etmiş ölkələrin də bilavasitə görə biləcəkləri işlər var. Aclıq çəkən yoxsul ölkələrlə ticarət edərkən gömrük rüsumlarını, vergiləri və xərcləri yüngülləşdirməli və bu yolla onlara asanlıq yaratmalıdırlar. Beləliklə, həmin ölkələrdə tələb artacaq və daha çox qida istehsal ediləcəkdir.

İnkişaf etmiş ölkələrin aclıq çəkən yoxsul ölkələrdə əkinçiliyin inkişafı üçün etdikləri yardımları artırmaları da önəmli həll yoludur. Halbuki bu cür yardımları artırmaq əvəzinə azalır. 25 il öncə inkişaf etməkdə olan ölkələrə edilən kənd təsərrüfatı yardımı 17% olarkən, bu nisbət bu gün 3,7% azalmışdır.

Mütəxəssislər aclıq problemində artan ərzaq qiymətlərinin önəmli rolunun olduğu barədə həmfikirdirlər. Ərzaq qiymətlərinin artdığı bölgələrdə insanların gəlir səviyyəsindəki azalma, ərzaq olduğu halda aclıq olmasına səbəb olur. Bir çox ölkədə əhalinin sayı artarkən, işsizlik nisbəti də yüksəlir. Uzun müddət davam edən mənfi şərtlərə görə ərzaq qiymətləri də artır.

Allahın ayələrdə diqqət çəkdiyi “ehtiyacdan artıq qalanının infaq edilməsi” (Bəqərə surəsi, 219) əmrinə uyğun hərəkət edildikdə cəmiyyətdə səadətə aparan ədalətli bölgü asanlıqla təmin ediləcək. Ayədə belə buyurulur:

Səndən nə infaq edəcəklərini soruşurlar. De ki: “Malınızdan verəcəyiniz hər bir xeyir (sədəqə) ata-anaya, qohumlara, yetimlərə, miskinlərə və yolda qalanlara məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz hər bir xeyirli işi biləndir. (Bəqərə surəsi, 215)

Əsrlərdir insanların qarşı-qarşıya olduqları problemləri həll edə bilməməsinin səbəbi həll yolunun həmişə səhv sistem və inanclarda axtarılmasıdır. Halbuki həll yolu Allahın insanlar üçün seçib bəyəndiyi Quran əxlaqındadır. Dünyanı həll edilməmiş problemləri ilə qəbul etmək, hadisələrə izləyici qalmaq və ya bütün bu problemlərin həll edilməsini uzaq və mümkünsüz kimi görmək böyük bir səhv olar.

Çünki bütün insanları yaradan Allah onların ən rahat olacaqları, rifah, hüzur və güvən duyğusu içində yaşayacaqları sistemi də yaratmış və bunu insanlara Quran vasitəsilə bildirmişdir. Allahın “…Kitabı sənə, hər şeyi bəyan edən və müsəlmanlar üçün hidayət, rəhmət və müjdə olaraq nazil etdik.” (Nəhl surəsi, 89) ayəsində də bildirdiyi kimi, Quran hər mövzuda insanlara yol göstərici bir Kitabdır.