“Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin.” (Hucurat surəsi, 10) ayəsində bildirildiyi kimi, müsəlmanlar imanla bir-birlərinə bağlanmış qardaşlardır. Odur ki, dünyanın müxtəlif bölgələrində yaşasalar da, fərqli dillərdə danışsalar da, milliyyətləri və irqləri fərqli olsa da, bir-birlərinin sadiq dostları və köməkçiləridirlər. Müsəlmanların qardaşlığı bir-birləri üçün hər cür fədakarlığı və xeyirxahlığı tələb edir. Bu qardaşlığın tələbi olaraq inananlar Allah yolunda çətinlik və sıxıntıya məruz qaldıqda digər müsəlmanların onlara tərəddüdsüz kömək edəcəklərinə əmin olmalıdırlar. Xeyirxahlıq və ehtiyac içində olan qardaşlarına dəstək olmaq bütün müsəlmanların məsuliyyətidir. Aralarındakı həmrəyliyə görə Allah möminləri “bir-birlərinin dostu” adlandırır.
Allahın əmrinə uyğun olaraq bütün müsəlmanlar qardaşlarının rahatlığı və xoşbəxtliyini səmimi istəməlidirlər. Əlbəttə, bu xidmət zamanı müxtəlif çətinliklərlə qarşılaşacaqlar. Ancaq müsəlmanların bir-birlərinə bağlılıqları və aralarındakı həmrəylik birlikdə bu çətinliklərin öhdəsindən gəlmələrinə səbəb olar.
Bildiyimiz kimi, son günlərdə İslam dünyasında böyük hadisələr baş verir: Dövlət çevrilişləri olur, daxili qarşıdurmalar baş verir, qısaca, müsəlmanlara edilən zülm artaraq davam edir. İstər dünya mediası, istərsə ölkəmizdəki qəzet, televiziya və sosial media xəbərlərinə baxdıqda hər kəsin pərdə arxasında bir səbəbkar axtardığını görürük. İslam coğrafiyasının dünyaya yayılmış “islamofobiya”dan qaynaqlanan bəzi haqsızlıqlara məruz qaldığı inkaredilməz faktdır. Lakin İslam dünyasını təşkil edən ölkələrin bu qarışıqlıqlarda heç payı yoxdurmu?
Şikayətlənmək, daima əzildiyini dilə gətirmək, etiraz etmək, həmişə təqsiri başqalarının boynuna qoymaq İslam aləminə nə qazandıracaq?
Müsəlmanlar bütün müsəlmanlardan məsul olduqlarını düşünüb birlik şüuru ilə hərəkət etməyin əhəmiyyətini nə vaxt qavrayacaqlar?
Zülm çəkən müsəlmanları qorumaq hər müsəlmanın vəzifəsidir. Fələstində, İndoneziyada, Şərqi Türküstanda, Arakanda, Misirdə, Suriyada və dünyanın hər hansı başqa yerində müsəlmanlar zülm çəkirlər. Hələ də müsəlman ölkələrin çoxunda müharibələr və daxili qarışıqlıq davam edir. Bu müharibələrdə yüz minlərlə silahsız insan həyatını itirir, qadınlar təcavüzə və işgəncəyə məruz qalır, milyonlarla müsəlman evlərindən, yurdlarından çıxarılır, şikəst olur, yaxınlarını itirirlər. Məsum uşaqlar da güllələrə hədəf olur, körpələr qundaqlarında qətlə yetirilir, qaçmağa çalışan insanlar minalara basaraq şikəst qalırlar. İnsanlara vəhşicəsinə zülm edilir. Hətta Misirdə müsəlmanlar namaz qılarkən belə zalımlıqla şəhid edilirlər. Müsəlmanların yaşadığı bir çox ölkədə qadınlar, uşaqlar zülmə məruz qalır, əziyyət çəkirlər. Müsəlman xalqlar bir-bir müstəqilliklərini itirir, onlara kömək əli uzadacaq vicdanlı insanların yardımını gözləyir, ancaq səslərini eşitdirə bilmirlər.
Əziyyət çəkən, şəhid edilən müsəlmanlardan hər kəs xəbərdardır. Çünki demək olar ki, hər gün xəbərlərdə, televiziyada bu çarəsiz, yazıq, kimsəsiz, möhtac insanların görüntülərinə rast gəlmək mümkündür. Çoxları bu insanların vəziyyətini görüb yazığı gəlir. Ancaq bir müddət sonra söhbəti və ya baxdığı kanalı dəyişdirdikdə bu insanların varlığını unudur. Bu insanları həmin vəziyyətdən xilas etmək üçün cəhd etməyi, müsəlmanların bir-birindən məsul olduqlarını heç düşünmür. “Dünyada o qədər zəngin, güclü ölkə və prezidentlər var ikən o insanları xilas etmək mənə qalıb?” kimi yanlış düşüncələrlə məsuliyyəti başqalarının üzərinə atır.
Bu insanlar “evimdə problem yoxdur, işimdə problem yoxdur, ticarətim yaxşı gedir, uşaqlarımın təhsilində problem yoxdur” deyib bir kənara çəkilirlər. Halbuki, bu hərəkət ancaq dünyaya ehtirasla bağlanan, müvəqqəti, çox qısa ömründə dünyəvi mənfəətlərin ardınca qaçan insanlara xasdır. Müsəlman səssiz qalaraq mane olmadığı bu zülmün bir gün böyüyərək özünə də böyük zərər verəcəyini unutmamalıdır.
Özünə zərəri toxunmayan zorakılığa səssiz qalmaq böyük vicdansızlıqdır. Xüsusilə də əhəmiyyətsiz məsələlərdə özünü qabağa atıb lovğalananların bu mühüm hadisə ilə qarşılaşdıqda məsuliyyəti başqalarının boynuna atması ciddi əxlaqi pozuntudur. Allah rizası üçün cəhd etmək əvəzinə zülm çəkən müsəlmanları köməksiz qoymaq, “o ölkədən bizə nə, biz öz ölkəmizin dərdini çəkək” məntiqi ilə hərəkət etmək, hadisələrin səngiməsini seyr etmək səmimi müsəlmanlıq deyil.
Zülm çəkən müsəlmanları xilas etmək üçün hər vicdanlı müsəlman bu məsuliyyəti şəxsən üzərinə götürməlidir. Bütün müsəlmanların üzərinə düşən bu məsuliyyətə uca Allah belə diqqət çəkmişdir:
Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!” – deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda cəhd etmirsiniz? (Nisa surəsi, 75)
Məsuliyyət daşıyan müsəlmanlar İslam dünyasındakı problemlər haqqında səmimi düşünməlidirlər. Müsəlmanlar zülmə qarşı Allahın və Rəsulullahın yoluna tabe olmaqla məsuldurlar
Müsəlmanlara edilən zülmə qarşı çəkingən və ya zorakılığa meylli həll yolları təqdim edənlər bilməlidirlər ki, onların hadisələrə laqeyd yanaşması müsəlmanlara qarşı zülmü daha da artırır. Çünki dünyanın hər hansı yerində çarəsiz, məsum müsəlmanlar heç bir səbəb olmadan qətlə yetirilərkən digər müsəlmanların baş verənləri səssizcə seyr etməsi pislərə və zalımlara dəstək olmaq deməkdir. Məhz öz rahatlıqları pozulmasın deyə zülmə laqeyd yanaşanlar, əlbəttə axirətdə cənnəti ümid edə bilməzlər.
Müsəlman ölkələrdə baş verən hadisələr haqqında bəzi müsəlmanların fərqli düşüncələri var. Bəziləri zorakılığa zorakılıqla cavab verməyin tərəfdarıdırlar. Xalqın və dövlətin qüvvələrinin qarşı-qarşıya gəlməsinin, bir-birlərinə silah tətbiq etmələrinin zülmə çarə olduğunu düşünənlər bilməlidirlər ki, bu düşüncə ilə zülmə əsla mane ola bilməzlər. Zorakılıq metodları ilə meydana gələn dəyişiklik əsla insanların həsrətini çəkdiyi əmin-amanlığı, sülhü və təhlükəsizliyi bərqərar etməz.
Bəziləri isə yaxşı niyyətlərlə humanitar yardım, atəşkəs, koridor, qaçqın düşərgələri kimi süni həll yolları təklif edərək müsəlmanlara qarşı zülmə son qoyulacağını düşünürlər. Əlbəttə, humanitar yardımlarla bəzi irəliləyişlər əldə oluna bilər. Ancaq bunlar daimi və tam qaneedici həll yolu deyil. Humanitar yardımlar, gücsüz, zəif insanların hər cür ehtiyacının təmin olunması Allahın Quranda əmr etdiyi gözəl əxlaqi xüsusiyyətdir. Ancaq təkcə bu yolla insanların problemləri həll oluna bilməz. Çünki bu yardımların kim tərəfindən, necə paylanacağı, yəni millətin mənfəətinin nəzərə alınıb-alınmayacağı da məsələnin başqa tərəfidir.
Digər tərəfdən, insanların həyat şəraitinin yaxşılaşdırılması üçün ölkədə intizamın və sabitliyin mövcud olması çox vacibdir. Bu sabitlik iqtisadiyyatdan sosial həyata qədər hər sahədə hakim olmalıdır. Müsəlman ölkələrin bir qismində bu cəhətdən tam qarışıqlıq hökm sürür. Elə isə humanitar yardımların məsələni həll etməsi, bu yardımların kiçik, təsirinin böyük nəticələr doğuracağının gözlənməsi böyük xətadır. Çünki Allah bu sahədə bütün insanlar üçün yeganə həll yolunu bildirmiş və birləşməyi əmr etmişdir:
Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər! (Saff surəsi, 4)
İslam birliyini təcili təsis etmək əvəzinə bu birliyin qurulmasını öz ağıllarına görə qeyri-mümkün hesab edənlər, bunun üçün cəhd göstərməyənlər, bu yolda edilən fəaliyyətləri dəstəkləməyənlər çox böyük məsuliyyət altına girirlər. Zülmə izin vermək də zülmdür. Bu böyük coğrafiyada axan hər damla qandan, dağıdılan hər evdən, şəhid olan hər məsumdan, yaralanıb şikəst qalan hər məzlumdan, aclıq və yoxsulluq içində yaşayan hər insandan İslam birliyi üçün cəhd etməyən hər müsəlman məsuldur. İslam Birliyinin qurulması Allahın Quranda göstərdiyi, Peyğəmbərimizin axırzaman hədislərində ətraflı izah etdiyi yeganə həll yoludur. Qurana əsasən birləşmək fərz, parçalanmaq haramdır.

