Dünya həyatının hikməti

Dünya həyatının hikməti

Bəşəriyyətin başlanğıcı yer üzündə başlamayıb. Qurani-Kərim Hz. Adəm və xanımının ilk olaraq Cənnətdə yaradıldığını və bir müddət orada yaşadıqlarını xəbər verir. Bu, təsadüfi bir başlanğıc deyil, Allahın insana Öz ruhundan üfürməsinin təbii nəticəsidir:

“Onu insan surətinə salıb ona Öz ruhumdan üfürdüyüm zaman dərhal ona səcdə edin!” (Sad surəsi, 72)

Biz dedik: “Ey Adəm, zövcən (Həvva) ilə cənnətdə məskunlaşın və oradakı nemətlərdən istədiyiniz qədər bol-bol yeyin!”… (Bəqərə surəsi, 35)

Allah Öz ruhunu daşıyan bir varlığı həmin ruhun şanına yaraşan bir məkanda – Cənnətdə yaradıb. Bunun hikməti ruh sahibi olan hər insanın əslində “Cənnət əhli” olduğunu elan etməkdir. Biz dünyaya qərib kimi deyil, əsl evini qısa müddətə tərk etmiş və oraya qayıtmaq üçün təlim keçən “özəl qonaqlar” kimi gəlmişik.

Allah sonsuz rəhmət və mərhəmət sahibidir. Öz ruhunu paylaşdığı bəndəsinə niyə əvvəlcədən əzab versin? Hz. Adəmin Cənnətdəki ilk həyatı bizim taleyimizin və oraya aid olmağımızın ən böyük dəlilidir. Dünya həyatı bu nəhəng mükafatın qədrini biləcək mənəvi yetkinliyə çatmaq üçün qurulub.

Kainatda tək bir mütləq iradə var; o da aləmlərin Rəbbi olan Allahdır. Tale; Allahın keçmişi, indini və gələcəyi tək bir an olaraq yaratması və təqdir etməsidir. Bizim üçün “gələcək” sayılan hər şey Allah qatında yaşanıb bitib. Cansız daşlardan hüceyrələrimizə, ucsuz-bucaqsız qalaktikalardan subatom zərrəciklərə qədər hər şey, hər an Allahın nəzarətindədir.

Tale bir “film lenti” kimidir. Biz bu lentin içindən keçərkən hadisələri ardıcıllıqla yaşadığımızı sanırıq; halbuki filmin sonu da, əvvəli də həmin lentdə mövcuddur. Ruh sahibi insanların Cənnət əhli olması da bu talenin bir parçasıdır.

Məzhəbçilərin iddia etdiyi “sınaq-yanılma” məntiqi Allahın elmi ilə bir araya sığmır. Allah bəndəsinin nə edəcəyini bilərək onu yaradıb. Dolayısı ilə dünya bir “ələnmə yeri” deyil, taledə artıq Cənnət əhli olan bəndənin həmin Cənnətə layiq hala gəlməsi, oradakı nemətlərdən zövq alacaq dərinliyi qazanması üçün hazırlanan bir səhnədir. İnsan bu dünyada öz taleyini seyr edərkən Allaha olan təslimiyyətini və ona olan sevgisini artırır.

Dünya həyatı axirət və Cənnət zamanı ilə müqayisədə bir “göz qırpımı” qədərdir. Bizim qavrayışımızda on illərlə davam edən bu ömür əslində röya kimi qısa bir yuxudur. Quran bu həqiqəti sarsıdıcı şəkildə ifadə edir:

“Allah: “Yer üzündə neçə il qaldınız?” – deyə soruşacaq. Onlar: “Bir gün, yaxud bir gündən də az. Sən sayanlardan soruş!” – deyəcəklər.” (Müminun surəsi, 112-113)

Axirətdə zaman anlayışı yoxdur. Buna görə də bu “Cənnət kursu” əslində taledə yaşanıb bitib və bizlər çoxdan Cənnətdəki yerimizə yerləşmişik, inşaAllah (doğrusunu Allah bilir). Hazırda dünyada yaşadığımızı sandığımız bu proses bitmiş bir hadisənin bizim qavrayışımıza “yavaşladılaraq” yansımasıdır. Vəfat anı çatanda insan əslində heç vaxt ölmədiyini, sadəcə qısa bir yuxudan əsl vətəninə oyandığını fərq edəcək:

“…Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Rəhmanın vəd etdiyidir. Elçilər doğru deyirmişlər!” (Yasin surəsi, 52)

Dünya həyatının niyə zəruri olduğunu anlamaq üçün “avtomobil” nümunəsini düşünək. Bir insana dünyanın ən sürətli və ən lüks idman avtomobilini hədiyyə etsəniz, amma həmin şəxs ömründə sükan görməyibsə, o maşın onun üçün sadəcə bir metal yığınıdır. Maşına baxar, oturacağına oturar, amma o sürətin həyəcanını, mühərrikin gücünü, yolun axışını heç vaxt hiss edə bilməz. Həmin hədiyyədən zövq alması üçün əvvəlcə bir təlimdən, bir kursdan keçməsi şərtdir.

Allah da Hz. Adəmə və bütün ruh sahibi insanlara əvvəlcə “avtomobili” (Cənnəti və hər şeyin adını) verib, ardınca bu nemətdən necə istifadə olunacağını öyrətmək üçün bizi dünya kursuna göndərib. Biz dünyada:

  • Susuzluğu öyrənirik ki, Cənnətdəki bulaqların ləzzətini qavraya bilək.
  • Xəstəliyi və acizliyi görürük ki, Cənnətdəki sonsuz sağlamlığın dəyərini bilək.
  • Ayrılığı və ölümü yaşayırıq ki, Cənnətdəki sonsuz həyatın və ölümsüzlüyün nə qədər böyük bir nemət olduğunu hüceyrələrimizə qədər hiss edək.

Bu təlimi almadan Cənnətə gedən bir ruh oradakı nemətləri tam anlamaz; detalları görə bilməz, dərinliyi dərk etməz.

Dünya kursunun əsl məqsədi insana səmimiyyəti və “Allaha aşiq olmağı” öyrətməkdir. Allah yaratdığı hər bir detalda (bir çiçəyin ətrində, bir meyvənin dadında, göy üzünün rəngində) Öz elmini və sənətini bizə göstərir. Mömin dünyadakı bu təcəlliləri seyr edərək Yaradana olan heyranlığını artırır.

Cənnət sadəcə “qızıl taxtlar”“çaylar” demək deyil; Cənnət, ən böyük eşq olan Allah ilə bərabər olma məqamıdır. Allah bizi bu dünyada çətinliklərlə, acizliklə və gözəlliklərlə tərbiyə edərək Öz zatına olan tutqumuzu artırır. İnsan dünyadakı çətinliklərə baxmayaraq “Rəbbim, Sən nə gözəlsən, hər şey Sənin əlindədir” deyə bilirsə, həmin ruh Cənnətdəki sonsuz ehtişama layiq bir hala gəlib deməkdir. Sevgi təlimi almayan bir qəlb Cənnətdə bomboş qalar. Çünki oranın yanacağı səmimiyyət və eşqdir.

Qurani-Kərimdə Allah dünya imtahanının əslində nə qədər asanlaşdırıldığını belə müjdələyir:

“İman gətirib yaxşı işlər görənlər – Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik – Cənnət əhlidirlər və onlar orada əbədi qalacaqlar.” (Əraf surəsi, 42)

Bu ayə kursun “uğursuzluq” üçün deyil, “uğur” üçün dizayn edildiyini göstərir. Hər imtahan bəndənin dərəcəsini artırmaq və Cənnətdəki zövq potensialını genişləndirmək üçün bir fürsətdir. Müsəlman dünyada gözəl əxlaqı, bağışlamağı və qəzəbinə qalib gəlməyi öyrənir. Bu “Cənnət tərbiyəsini” alanların qəlbindəki bütün çirklər axirətdə tamamilə təmizlənir:

“Biz onların qəlblərindəki kin-küdurəti çıxartdıq. Onların altından çaylar axar. Onlar deyərlər: “Bizi bura yönəldən Allaha həmd olsun!…” (Əraf surəsi, 43)

Cənnətdə zövq alacağımız hər şeyin toxumu bu dünyada ruhumuza əkilir. Məsələn, estetik bir süfrədən, gözəl bir qədəhdən və ya sənətkarlıqla qurulmuş bir memarlıq əsərindən zövq almağı biz bu qısa kursda öyrənirik. Bir çiçəyin ətrindəki incəliyi fərq edə bilməyən biri Cənnət bağlarındakı o möhtəşəm qoxuları anlaya bilməz. Bu səbəbdən dünya kursu çox detallıdır.

Burada sevgini, sədaqəti, ehtirası və dərinliyi öyrənirik. Cənnətdə uçmağı, köşklərin içində bitmək bilməyən otaqları və hər saniyə dəyişən sürpriz mənzərələri ancaq bu dünyada təxəyyülü və ruhu inkişaf etmiş olanlar tam mənası ilə təqdir edə bilər. Allah, sevgini heç bir halda tərk etməyən, Onun təcəllilərinə eşqlə yönələn hər ruh sahibi bəndəsinə bu sonsuz sarayları bir miras olaraq vəd edib.

Dünya həyatı taledə çoxdan yaşanıb bitmiş, bir günün bir hissəsi qədər davam edən qısa bir röyadır. Hz. Adəmin timsalında Cənnətdə yaradılan ruh sahibi hər bir insan bu qısa təlim kursunu bitirdikdən sonra təkrar əsl evinə qayıdacaq, inşaAllah. Ölüm, bu kursun məzuniyyət mərasimidir. Gözümüzü açdıqda onsuz da əvvəlcədən tanıdığımız o hüzur yurduna, bu dəfə “maşın sürməyi öyrənmiş”, sevgini və Allaha olan dəli eşqi dadmış kamil ruhlar olaraq dönəcəyik, inşaAllah (doğrusunu Allah bilir).

İman edib yaxşı əməllər edənlər üçün isə (ağacları) altından çaylar axan cənnətlər vardır. Böyük uğur budur! (Büruc surəsi, 11)