Duada sərhəd tanımamaq

İnsan halal-haram sərhədləri daxilində Allahdan hər şeyi istəyə bilər

İnsan halal-haram sərhədləri daxilində Allahdan hər şeyi istəyə bilər. Çünki, Allah bütün kainatın tək hakimi və tək sahibidir və əgər diləsə, insana hər dilədiyini verər. Dua ilə Allaha yönələn hər insan, Allahın hər şeyə gücünün çatdığına, hər istəyinin Allah üçün çox asan olduğuna, duası özü üçün xeyirlə nəticələnəcəksə Allahın istəyini reallaşdıracağına iman etməlidir. Quranda nümunələri verilən peyğəmbərlərin və saleh möminlərin duaları, möminlərin Allahdan nələri istədiklərinə dair nümunədir. Məsələn Hz. Zəkəriyya Allahdan xeyirli soy istəmişdir və arvadı sonsuz olmasına baxmayaraq Allah onun duasına cavab vermişdir:

Bir zaman o, astadan Rəbbinə səslənmişdi. Demişdi ki: “Ey Rəbbim! Sümüklərim zəifləyib, başım da ağappaq ağarıb. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam. Doğrusu mən özümdən sonra gələn qohumlarımdan qorxuram. Zövcəm də qısırdır. Ona görə də Öz tərəfindən mənə bir dost (oğul) ver! O mənim və Yaqub nəslinin varisi olsun. Ey Rəbbim, onu razı qalacağın biri et!” (Məryəm surəsi, 3-6)

Allah Hz. Zəkəriyyanın duasını qəbul etmiş və onu Hz. Yəhya ilə müjdələmişdir. Hz. Zəkəriyya isə, bir oğlu olacağı müjdəsini aldıqda, yoldaşı doğuma əlverişli olmadığı üçün buna təəccüblənmişdi. Allahın, mələkləri vəsiləsi ilə Hz. Zəkəriyyaya verdiyi cavab möminlərin dualarında unutmayacaq sirri ehtiva etməkdədir:

O dedi: “Ey Rəbbim! Zövcəm qısır, özüm də qocalığın son həddinə çatdığım halda mənim necə oğlum ola bilər?” O (mələk) dedi: “Belədir. Ancaq Rəbbin: Bu, Mənim üçün asandır. Daha əvvəl səni də heç bir şey deyilkən (yoxdan) yaratdım!” dedi. (Məryəm surəsi, 8-9)

Quranda duasına razı olunan daha bir çox peyğəmbərin xəbəri verilir. Məsələn Hz. Nuh, hidayət tapmaları üçün hər yolu sınadığı, ancaq buna baxmayaraq azğınlığı gedərək artan qövmü üçün Allahdan əzab istəmiş və Allah duasına qarşılıq olaraq qövmünə, tarixə keçəcək böyük və şiddətli əzab vermişdir.

Bir sıxıntı səbəbindən Hz. Əyyub da Allahı çağıraraq “…Mənə zərər dəydi (başıma bəla gəldi). Sən mərhəmətlilərin ən mərhəmətlisisən!” (Ənbiya surəsi, 83) demişdir. Allah Hz. Əyyubun duasının qarşılığını Quranda belə bildirir:

Beləliklə, Biz onun duasını qəbul edib dərgahımızdan bir mərhəmət və ibadət edənlər üçün bir xatirə olsun deyə onun başına gəlmiş bütün bəlaları sovuşdurduq, ailəsini geri verdik və onlarla yanaşı bir o qədərini də ona bəxş etdik. (Ənbiya surəsi, 84)

Hz. Süleymanın Quranda xəbər verilən, “Ey Rəbbim, məni bağışla və mənə bundan sonra heç kimin əldə edə bilməyəcəyi bir hökmranlıq bəxş et! Şübhəsiz ki, Sən lütf sahibisən.” (Sad surəsi, 35) şəklindəki duasına qarşılıq Allah ona çox böyük iqtidar və zənginlik vermişdir.

Buna görə də, dua edənlər, Allahın gücünün hər şeyə çatdığını və Allahın “Ol” əmri ilə, hər şeyin bir anda ola biləcəyini bilməli və bunlara iman edərək Allahdan istəməlidirlər. Ayədə də bildirdiyi kimi, Allah üçün hər şey asandır və Allah hər duanı eşidər və bilər.