Dua Allahın Rəhman və Rəhim isminin çox üstün təcəllisi, möminlərə böyük lütfüdür. Çünki insan Allaha dua edərək səmimi imanını, sevgisini və qorxusunu ifadə edə bilər. Yeganə dost və vəli kimi Ona təslim olduğunu, yalnız Ondan mədət umub, Ondan kömək istədiyini göstərə bilər. Din əxlaqından uzaq cəmiyyətdə Allaha dua etmək müxtəlif batil inanc və xurafatlarla çətinləşdirilmişdir. İnsanlar hər an Allaha üz tutacaqları halda, bunun üçün vaxt müəyyən etmiş və ya araya vasitəçilər qoymuşlar. Allah bu batil inanclara qarşı insanları belə xəbərdar edir:
Bilin ki, xalis din Allahındır. Ondan başqasını özlərinə dost tutanlar: “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırsınlar deyə ibadət edirik”, – deyirlər. Əlbəttə, Allah onların ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və inkarçı kimsəni doğru yola yönəltməz. (Zumər surəsi, 3)
Allaha dua etmək üçün müxtəlif vasitəçilər lazım olduğunu deyən insanlar, əslində dini çətin göstərərək insanları doğru yoldan azdırırlar. Çünki “İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq” (Qaf surəsi, 16) ayəsində bildirildiyi kimi, insana ən yaxın daima Allahdır. Yəni insan istədiyi zaman Allaha yönələ, dua ilə kömək istəyə bilər. Sonsuz mərhəmət sahibi olan Rəbbimiz səmimi qəlblə dua edən qullarının duasına cavab verəndir. İnsan Allahın varlığını və yaxınlığını hiss edərək dua etməlidir. Çünki ancaq Allahın varlığını dərk edən insan duanın mənasını və əhəmiyyətini dərk edir. Duanın xüsusiyyəti Allah ilə qulu arasında səmimi əlaqə qurmasıdır.
İnsan bütün çətinliklərini, istəklərini Allaha açar, Ona yalvarar. Allah da qulunun istəyinə cavab verər, duasını qarşılıqsız buraxmaz. Dua etmək üçün xüsusi vaxta, xüsusi dua formalarına ehtiyac yoxdur. Hər an, hər dəqiqə və hər yerdə Allaha dua edilə bilər.
İnsan bir yerə gedərkən, pilləkəndən düşərkən, alış-veriş edərkən, yemək hazırlayarkən, televizor seyr edərkən, liftdə, bir yerdə gözləyərkən, gecə yatdığı zaman, səhər qalxdıqda, nahar edərkən, avtomobil sürərkən bir sözlə hər yerdə və hər zaman Allaha dua edərək, Allaha istədiklərini bildirə bilər.
Bunun üçün ağlından keçirməsi belə kifayətdir. Çünki Allah insanın qəlbində gizlətdiklərini bilən, hər şeydən xəbərdar olandır. Mömin, Allahın onu eşitdiyini, gördüyünü, düşüncələrini bildiyini bilərək dua edər. Bu səbəbdən mömin içindən keçirdiyi bir anlıq fikri də Rəbbimizin bildiyini bilərək bu əhəmiyyətli ibadəti yer, zaman ayırd etmədən istədiyi şəkildə edə bilər. Belə mühüm bir ibadətdə Allahın verdiyi asanlıq mömin üçün lütfdür.
Dua dedikdə insanın ağlına Allahı zikr etməsi, Allaha qüsurlarını etiraf etməsi, özünün və möminlərin ehtiyaclarını istəməsi, dilə gətirməsi gəlir. Bunun üçün duada Allaha qarşı səmimi üslub olmalıdır. Dua zamanı əhəmiyyətli olan insanın ruh halı, niyyəti, səmimiyyətidir.
Dua mömin üçün çox böyük nemətdir. Mömin etdiyi hər işdə Allaha üz tutar. Allaha yalvara-yalvara dua edər. Ən çətin şərtlərdə belə imanlı insan heç vaxt ümidsizliyə qapılmadan, Allahdan güc, qüvvət və səbir diləyər. Allahın hər zaman hər şeyin ən xeyirlisini yaratdığını bilərək ümidlə və qorxu ilə yalnız Allaha yalvarar.
Allahdan istədiyi hər şeyin ən xeyirli şəkildə nəticələnəcəyini bilər. Bütün güc Allahın əlindədir. Bir şeyin olub-olmaması yalnız Allahın istəyinə bağlıdır. Mömin bunu bilərək Rəbbinə dua etdiyi təqdirdə, Allah o insanın duasını ən xeyirli və ən gözəl şəkildə qəbul edər. Rəhman və Rəhim olan Allah ehtiyac içində olan insanların həmişə Özünə üz tutduqları təqdirdə işlərini asanlaşdıracağını bu ayə ilə bildirir:
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa darda qalan biri dua etdiyi zaman duasını qəbul edib sıxıntısını aradan qaldıran və sizi yer üzünün varisləri edən?! Allahla yanaşı başqa bir ilah varmı?! Nə qədər də az düşünürsünüz! (Nəml surəsi, 62)

