Səbir Rəbbimizin Quranda da bildirdiyi kimi, şüurlu şəkildə və həssaslıqla yerinə yetirilən ibadət, Allahdan razı və məmnun əhval-ruhiyyədir. Bu gözəl əxlaq nümunəsi müsəlmanın həyatının hər anında təzahür edən olduqca əhəmiyyətli ibadətdir. Səbir imanın əsas göstəricilərindən biridir. Təvəkküllə, Allaha sonsuz güvənlə sıx əlaqəlidir.
Cahiliyyə cəmiyyətində səbir etmək dedikdə, adətən, hər hansı bir şeyə və ya hadisəyə qısa müddət təhəmmül etmək, dözmək kimi başa düşülür. Təhəmmül edən insan bütün danışıq və davranışlarında yaşadığı vəziyyətdən narazılığını büruzə verir. Çünki təhəmmül özündə narazılıq, narahatçılıq hissini də ehtiva edir. Qarşılaşdıqları hər hadisənin Allah tərəfindən xeyirlə yaradıldığını dərk etməyən insanlar qəflətdə olduqları üçün hər şeyin Onun nəzarəti daxilində baş verdiyini unudurlar. Təhəmmül edən insanlar bütün hadisələrin insanların güc və iradəsi daxilində, onların istək və qərarlarına uyğun formalaşdığını düşünürlər.
Dolayısı ilə, bu insanlar hər şeyin qədər çərçivəsində, Allah tərəfindən məqsədli şəkildə yaradıldığını dərk etmir, hadisələri qəflət içində dəyərləndirirlər. Halbuki, hər an, hər hadisə, bütün səbəb və nəticələr Allahın müəyyən etdiyi qədərə uyğun inkişaf edir. Allah insanları sınamaq üçün hadisə və şəxsləri vəsilə edir.
Müsəlman üçün səbir ibadətinin sərhədi yoxdur. Allahın onun üçün müəyyən etdiyi qısa dünya həyatında hər hadisə qarşısında səbir göstərmək iman gətirdiyi andan etibarən müsəlmanın ən üstün bildiyi ibadətlərdəndir və son nəfəsinə qədər bu ibadəti şövqlə yerinə yetirməyə çalışır. Allahdan gələn hər şeydə xeyir olduğuna, dünyaya milyon dəfə də gəlsə eyni şeyi yaşayacağına, Uca Rəbbimizin qədərdə seçib bəyəndiyinin əsla dəyişməyəcəyinə, hər birində mütləq bir gözəlliyin və hikmətin olduğuna səmimi iman gətirir. Rəbbimiz Nəhl surəsinin 30-cu ayəsində müsəlmanların bu üstün əxlaqını belə bildirmişdir:
“Müttəqilərə: “Allah nə nazil etmişdir?”– deyildikdə, onlar: “Xeyir!”– deyərlər. Bu dünyada xeyirli işlər görənlər üçün gözəl mükafat hazırlanmışdır. Axirət yurdu isə daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir.” (Nəhl surəsi, 30)

