Allahın bütün insanların Rəbbi olduğu kimi, sizin də Rəbbiniz olduğunu, həyatdakı ən böyük dostunuzun və dayağınızın Allah olduğunu, hər şeyi ilk öncə Allahdan istəməli olduğunuzu unutmayın.
Dua insanı Allaha səmimi olaraq yaxınlaşdıran vacib ibadətlərdən biridir. Bütün insanlar duaya möhtacdır. Dua möminlərin həyatlarının ayrılmaz bir parçası olduğu halda, digər insanlar üçün ancaq çətinliklər vaxtı, təhlükələrlə qarşı-qarşıya qaldıqları zaman yada düşür. Təbii ki, yalnız müəyyən mənfəəti əldə etmək üçün edilən dua Allah Qatında məqbul qarşılanmaya bilər. Çünki əsas olan həm rahatlıq zamanı, həm də darda olan zaman Allahdan yardım istəməkdir. Çünki dua edən insan Allaha qarşı acızliyini, Allah istəmədən heç bir şeyə gücü çatmadığını anlayan insandır.
Dua özü ilə birlikdə Allaha təslimiyyəti də gətirir. Dua edən insan qarşısına çıxa biləcək çətin və ya asan hər bir hadisədə kainatın yaradıcısı və hakimi olan Allahı vəkil edib. Bir problemi həll etməyin və ya qarşısını almağın bütün yollarının kainatdakı bütün qüdrətin sahibi Allaha bağlı olduğunu bilmək, bütün işlərində Allahı vəkil etmək, sadəcə Ona dua etmək mömin üçün fərahlıq və güvən mənbəyidir.
Amma əlbəttə burada yanlış bir anlayışı da vurğulamaq lazımdır. Bir insanın bütün işləri üçün Allaha dua etməsi demək, heç bir şey etmədən oturub gözləməsi mənasına gəlmir. İnsan qarşılaşdığı hər şeyin Allahın nəzarətində olduğunu bilib bunun rahatlığını yaşamalı, amma eyni zamanda Allahın ona həll yolu olaraq göstərdiyi səbəbləri də ən gözəl şəkildə tətbiq etməlidir. Allaha həqiqətən səmimi dua edən bir insan Onun qoyduğu qaydalara görə əməli duasını da etməlidir. Əməli dua insanın hər hansı bir arzusuna çatmaq üçün əlindən gələn hər şeyi etməsidir. Məsələn, xəstə olan bir insanın həkimə getməsi, dərman içməsi, özünə diqqət etməsi, sağalmaq üçün gördüyü işlər əməli duadır. Bütün bunlarla yanaşı Allahın ona şəfa verməsini istəməsi sözlü duadır. Buna görə də əməli dua sözlü dua ilə birlikdə edilməli olan əsas ibadətlərdəndir.
Dua edərkən səmimi olmağı unutmayın. Çünki Allah insana şah damarından daha yaxın olan, hər şeyi bilən və eşidəndir. Dua Allaha çatmağın ən asan yoludur. İnsanın içindən keçirdiyi heç bir fikir Allahdan gizli qalmır. Ancaq insanların çoxu Allahın bütün dualara, istəklərə şahid olduğunun fərqində deyil. Onlar zənn edirlər ki, dua etdikdə Allah bəzilərini eşidir, bəzilərini eşitmir və ya eşitsə də cavab vermir. Bu çox yanlış fikirdir. İnsanın içindən keçən hər fikrə, dili ilə ifadə etdiyi hər istəyə Allah şahiddir və qarşılıq verir.

