Dövrümüzün yoluxucu xəstəliyi: Tənhalıq

Müasir dövrün texnologiyası insanların daha əvvəl heç olmadığı şəkildə bir-biriləri ilə əlaqə

Müasir dövrün texnologiyası insanların daha əvvəl heç olmadığı şəkildə bir-biriləri ilə əlaqə qurmalarına imkan verir. Tanışlarımız artıq ailəmiz, qonşularımız və ya iş yoldaşlarımızla məhdud deyil. İnternet əsrinin təqdim etdiyi sonsuz imkanlar və kommunikasiya hamını bir-birinə yaxınlaşdırır.

Bu səbəbdən belə bir şəraitdə insanların özlərini daha tənha hiss etdiklərini eşitmək çox təəccüblüdür.

ABŞ-da aparılan bir araşdırmada iştirak edən 2 min nəfərdən 72%-i özünü tənha hiss etdiyini, bir çoxu da özlərində bu duyğunun tez-tez yarandığını bildirirlər. Bundan başqa “Tənhalığa son vermək üçün Birləşmiş Krallıq kampaniyası” adlı təşəbbüsə görə, insanların 52%-i tənhadırlar. Dünyanın digər yerlərində də vəziyyət fərqli deyil.

İnternetin təmin etdiyi bu qədər ünsiyyət vasitəsi olduğu halda, necə olur ki, insanlar özlərini heç vaxt olmadığı qədər tənha hiss edirlər? Texnologiyaya olan asılılığımızın hər gün daha da artdığı məlumdur, ancaq sosial texnologiya və virtual ünsiyyət üz-üzə ünsiyyətin yerini heç vaxt vermir. Buna baxmayaraq, insanlar yanlış və daha az yararlı ünsiyyət növlərindən istifadə etməyə davam edirlər.

Dövrümüzdə bir çox gənc, dostları ilə vaxt keçirmək əvəzinə kompüter ekranı və ya mobil telefon qarşısında virtual dostları ilə birlikdə olmağı daha təhlükəsiz hesab edir. İnsanlar internetdə minlərlə virtual dostları olduğu halda, qapı qonşularını tanımırlar. Həmçinin insanların böyük hissəsi qohumlarını ziyarət etmir, bunun əvəzinə internetdəki dostları və ya ev heyvanları ilə vaxt keçirməyə üstünlük verirlər.

Lakin bu, çox təhlükəli gedişatdır. Aparılan araşdırmalara görə, tənhalıq ölüm hallarını 26% artırır, uzunmüddətli olduqda isə hər gün 15 siqaret çəkməkdən daha təhlükəli olur. Dr. Vivek Murthy bir məqaləsində tənhalığın “ürək-damar xəstəlikləri, əqli qabiliyyətin tədricən itirilməsi, depressiya və qorxu” kimi bir çox xəstəlik riskini artırdığını yazır. “Əqli Sağlamlıq” Cəmiyyəti proqnozlaşdırır ki, insanın özünü tənha hiss etməsi zehnin sağlamlığına mənfi təsir edir və depressiyaya səbəb ola bilər.

Bu, təəccüblü hal deyil. Elm adamları sosial əzabların fiziki əzablar qədər gerçək olduğunu, fiziki əzab və tənhalığın beyinin eyni bölgələrini hərəkətə keçirdiyinin fərqinə varıblar. Harvard Universitetində aparılan bir araşdırma tənhalığın zəhər təsiri yaratdığını və insanların təcrid olduqca bədbinliklərinin artdığını göstərir.

Bunu dərhal həll etmək lazımdır. İnsanlar tənha olmaq üçün yaradılmayıblar. Onlar sosiallaşaraq başqaları ilə ünsiyyət qurmalıdırlar. Bu, eyni zamanda gənclərin sağlam inkişaf etməsinin yeganə yoludur. Tənhalıq xəstəliyinə bu gün həll yolu tapılmasa, yaxın on illərdə daha ciddi fəsadlar yaranacaq. Tənhalıq hissi ilə böyüyən gənclər bir müddət sonra bu dünyanı idarə edən adamlar olacaq. Tənhalıq və təcrid olunmağa görə gənclərimizin əqli inkişaf və ruhi müvazinətinin riskə atılmasına icazə verilməməlidir.

Təbiidir ki, tənhalığın yaşlılar üzərindəki təsiri daha böyükdür. Dünyada milyonlarla insan ailələri və ya cəmiyyətləri tərəfindən tərk edildiyi üçün tənha yaşayır.

Depressiya və əqli qabiliyyətin tədricən itirilməsi, adətən, təcrid və tənhalıqla bağlı olur. Bir çox yaşlı insan cəmiyyətdə və ailələrində lazımi diqqət və qayğı görmədikləri üçün bu problemlərlə üzləşirlər. Lakin hər problemin həlli olduğu kimi, tənhalığın da həlli var. Əvvəla, eqoist və materialist fikirlərin təsirinin qarşısını almaq lazımdır. İnsanların daha diqqətcil və daha fədakar olması təşviq edilməli, mərhəmət və sevginin sağlamlıq üzərindəki müsbət təsirləri dərk edilməlidir. Tənhalığın cəmiyyətin gələcəyi və insan sağlamlığı baxımından təhlükəsi ilə bağlı ictimai kampaniyalar vasitəsilə insanlar məlumatlandırılmalıdırlar.