Dörd xəlifə hədislərin yazılmasına icazə verməmişdir

Hədislər arasındakı ziddiyyətlər

Bir-birindən fərqli, hətta bəziləri bir-birinə zidd olan yüz minlərlə hədisin varlığı və səhihliyi bir çox hədis alimləri arasında da müxalifətə səbəb olmuşdur. Məsələn, İkrimə Buxari və bir çox məşhur hədisçiyə görə, mötəbər ravi ikən, Müslim onu yalan danışmaqda günahlandırmışdır. Belə nümunələr çoxdur. Bunlardan ən maraqlısı İslamın məşhur hədis kitabının müəllifi Buxarinin Hənəfi məzhəbinin banisi Əbu Hənifəni etibarsız elan edib ondan tək bir hədis belə nəql etməməsidir. Ən məşhur hədisçiyə görə, ən məşhur məzhəbin qurucusu etibarsız adamdır. Lakin müsəlman aləminin böyük qismi onları ən etibarlı iki hədis alimi kimi qəbul edir. Bu, həqiqətdir ki, hədis nəql edənlərin etibarlılığı haqqında müzakirələrdə ziddiyyətli izahlar hədislərdəki ziddiyyətlər qədər çoxdur.

Peyğəmbərimizdən (s) nəql edilən və Quranın ruhunu əks etdirən hədislərə uydurma hədislərin qarışmasından savayı başqa bir problem isə hədislərin rəvayət şəkilləridir. Bir çoxları elə zənn edir ki, hədislər birbaşa Peyğəmbərimizin (s) ağzından çıxan sözlərdir. Halbuki bu, doğru deyil. Bunların birbaşa rəvayət edilən sözlər olduğunu hədis alimləri belə iddia edə bilməzlər. Buxari başda olmaqla, bir çox hədis ravisi belə qəbul ediblər ki, hədisin təkcə mənasının nəql edilməsi kifayətdir və mətnin özünü əzbərləmək şərt deyil. Bu da rəvayət edilən sözlərə çoxlu izahın əlavə olunmasına, yanlış anlaşılan məlumatların doğru kimi ötürülməsinə və mövzunu tam başa düşməyənlərin də nəql etməsinə səbəb olmuşdur.

Məna ilə hədis nəqli normal qəbul edildikdə bəzən hədisin əvvəlini və sonunu eşitməmək əhəmiyyətli dərəcədə məna itkisinə gətirib çıxarmışdır. Məsələn, Əbu Hüreyrənin “Uğursuzluq üç şeydə olur: ev, qadın və at”, -deyərək bunu Peyğəmbərimizin söylədiyini iddia etdiyini eşidən hz. Aişə buna cavab olaraq demişdir ki, Allaha and içirəm ki, Allahın Elçisi qətiyyən belə söz deməyib. O, deyib ki, “cahil camaat belə deyirdi ki, uğursuzluq üç şeydə olur: ev, qadın və at”.