Doğru yolu tapmaq

Yer üzündəki demək olar ki, hər bir insanın özünə məxsus doğruları və yanlışları mövcuddur

Yer üzündəki demək olar ki, hər bir insanın özünə məxsus doğruları və yanlışları mövcuddur. Hər kəsin öz doğrularını müəyyən etməkdə istinad etdiyi mənbə isə fərqlidir. Bəziləri oxuduğu bir kitabı, bəziləri ətrafında gördüyü bir insanı, kimisi bir siyasətçini, kimisi isə bir filosofu özünə rəhbər seçir. Halbuki ən doğru və insanı qurtuluşa çatdıracaq yeganə yol Allahın insanlar üçün müəyyən etdiyi dindir.

Bu yolda insanın yeganə hədəfi Allahın razılığını, rəhmətini və Cənnətini qazanmaqdır. Digər yollar insanlara nə qədər bəzəkli və cəlbedici görünsə də, bu, aldadıcıdır və onların hamısı insanları dünyada və axirətdə sonsuza qədər davam edəcək bir fəlakətə, ümidsizliyə, bədbəxtliyə və acı bir əzaba sürükləyir.

Kimlərin doğru yola yönəldildiyi isə Quranda bildirilən sirlərdən biridir. Bu sirlərə riayət edənlər, Allahın doğru yola yönəldərək Cənnətində qonaq etdiyi bəndələridir. Hər şeydən əvvəl, insanın doğru yola yönəldilməsi üçün iman gətirməsi şərtdir. Əgər bir insan göylərin, yerin və onların arasındakıların yeganə sahibi və Yaradanının Allah olduğuna, dünyada var olma məqsədinin isə Allaha qulluq etmək olduğuna iman gətirib, həyatı boyunca Allahın razılığını axtararsa, Allah onu doğru yola yönəldər.

Allaha, axirətə və Qurana olan imanın isə qəti bir iman olması lazımdır. Bəzi insanlar iman gətirdiklərini söyləsələr də, imanlarında şübhə və ya zəiflik ola bilər. Belə insanlar inkarcılarla bir yerdə olduqda onların təsirinə düşüb din əxlaqını yaşamaqda zəiflik göstərə bilər, Allaha və dinə qarşı bir mövqe sərgiləyə bilərlər. Lakin Allahın doğru yola yönəltdiyi bəndələrin imanı qəti və şübhəsizdir. Necə ki, Quranda buyurulur: “(Bu ona görədir ki) elm verilən kəslər onun (Quranın) Rəbbindən olan bir həqiqət olduğunu bilsinlər, ona iman gətirsinlər və qəlbləri ona arxayın olsun. Şübhəsiz ki, Allah iman gətirənləri doğru yola yönəldər.” (Həcc surəsi, 54).

İman gətirənlərin tam bir təslimiyyətlə Allaha yönəlmələri, qəlbi arxayın olmuş bir şəkildə Allaha bağlanmaları da doğru yola yönəlməyin bir sirridir.

Allaha iman edən və axirətdən qorxan bir möminin dünyaya qarşı bir hərisliyi olmaz. Onun yeganə məqsədi Allahı razı salmaqdır. Bu səbəbdən, bir mömin hər davranışında Allaha yönəlir, Allahın onu sınadığını bilərək, hər hadisədə Allahın onun üçün yazdığı taleyə təslim olur. Allah Özünə təslim olanların doğru yola yönəldiləcəyini bu şəkildə bildirmişdir:

Sizə Allahın ayələri oxunduğu və Onun elçisi də aranızda olduğu halda necə küfr edirsiniz? Kim Allaha (İslama) bağlanarsa, şübhəsiz ki, o, doğru yola yönəldilmişdir. (Ali İmran surəsi, 101)

Həmçinin başqa bir ayədə buyurulur:

Nuha tövsiyə etdiyi, sənə vəhy etdiyi, İbrahimə, Musaya və İsaya da tövsiyə etdiyi “Dini təhrif etmədən qoruyub saxlayın və onda ayrılığa düşməyin!” sözünü Allah dində sizin üçün qanun olaraq təyin etdi. Müşrikləri dəvət etdiyin (din) onlara ağır gəldi. Allah istədiyini (elçi) seçər və Ona yönələni doğru yola yönəldər. (Şura surəsi, 13)

Doğru yola yönəlmək istəyən bəndələrinə Allahın bir digər əmri isə verilən nəsihətləri yerinə yetirməkdir. Quranda bu haqda belə buyurulur:

…Əgər özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli olacaq və imanlarını daha çox möhkəmləndirəcəkdi. O zaman onlara Öz tərəfimizdən böyük bir mükafat verərdik Və həqiqətən, onları doğru yola yönəldərdik. (Nisa surəsi, 66-68)

Allahdan qorxan möminlər daima səhvlərindən təmizlənmək və Allahın ən çox razı qalacağı əxlaqa çatmaq üçün səy göstərirlər. Əlbəttə ki, səhvlərdən sürətlə təmizlənmək və doğru yola yönəlmək üçün insanın səmimi olması lazımdır. Səmimi və təmizlənmək istəyən bir insan, ilk növbədə, Allahın əmrlərini tam olaraq yerinə yetirir.

Həmçinin, saleh möminlər bir-birlərinin dostlarıdır; bir-birlərinə yaxşılığı əmr edər, pislikdən çəkindirərlər. Bu səbəblə, möminlərin bir-birlərinin nəsihətlərinə qarşı da səmimi olması, bir səhvini mömin qardaşının ona deməsinin axirəti üçün böyük bir nemət olduğunu bilərək sözə qulaq asması lazımdır. Ona verilən nəsihətlərə əməl edən insan sürətlə səhvlərindən arınacaq və Allahın ayədə bildirdiyi kimi, doğru yola çatacaqdır. Allah şeytana uymaqdan çəkinən, özünü Qurana və gözəl əxlaqa çağıran kəslərə tabe olan bəndələrinə bu cür müjdə verir:

Tağuta (bütlərə) ibadət etməkdən çəkinib Allaha yönələnlərə müjdə vardır. Bəndələrimə müjdə ver! Onlar sözü dinləyər, sonra da onun ən gözəlinə (Qurana) tabe olarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Əsil təmiz ağıl sahibləri də onlardır. (Zumər surəsi, 17-18)