Yer üzündəki hər insanın özünə görə doğru və səhvləri vardır. Hər birinin doğrularını təsbit etmədə qaynağı isə fərqlidir. Bəziləri oxuduğu bir kitabı, bəziləri ətrafında gördüyü bir insanı, bəziləri bir siyasətçini, bəziləri isə bir filosofu özünə rəhbər edər. Halbuki ən doğru və insanı qurtuluşa qovuşduracaq tək yol Allahın insanlar üçün təyin etdiyi dindir. Və bu yolda insanın tək hədəfi Allahın məmnuniyyətini, rəhmətini və Cənnətini qazanmaqdır. Digər yollar, insanlara nə qədər bəzəkli, cazibədar kimi görünsə də, bu, aldadıcıdır. Hamısı insanları dünyada və axirətdə sonsuza qədər davam edəcək bir çöküşə, ümidsizliyə, bədbəxtliyə və acı bir əzaba sürüyər.
Hər şeydən əvvəl insanın doğru yola gəlməsi üçün iman etməsi lazımdır. Əgər bir insan göylərin, yerin və ikisi arasındakıların tək sahibi və yaradıcısının Allah olduğuna və dünyada var olma məqsədinin Allaha qulluq etmək olduğuna iman edib, həyatı boyunca Allahın rizasını axtarsa, Allah onu doğru yola çatdırar. Bəzi insanlar, hər nə qədər iman etdiklərini söyləsələr də, imanlarında şübhə və ya zəiflik vardır. Belə insanlar, inkarçılarla birlikdə olduqlarında onların təsirinə girib din əxlaqını yaşamaqda zəiflik göstərə bilərlər. Halbuki Allahın doğru yola çatdırdığı qullarının imanı qəti və şübhəsizdir.
İman edənlərin tam təslimiyyətlə Allaha yönəlmələri, Allaha tam bağlanmaları da doğru yola çatdırılmanın sirridir. Allaha iman edən və axirətdən qorxan bir möminin dünyaya meylli ehtirası yoxdur. Tək məqsədi Allahı razı etməkdir. Bu səbəblə, mömin hər davranışında Allaha yönələr, Allahın özünü sınadığını bilərək, hər hadisədə Allahın özü üçün yazdığı taleyə tabe olar.
Allahdan qorxan möminlər həmişə səhvlərindən təmizlənmək və Allahın ən çox razı olacağı əxlaqa çatmaq üçün çalışarlar. Möminlərin bir-birilərinə verdiyi nəsihətlərə qarşı da təvazökar olması, axirəti üçün böyük nemət olduğunu bilərək söz dinləməsi lazımdır. Ona verilən öyüdlərə əməl edən bir insan sürətlə səhvlərindən təmizlənəcək və Allahın ayədə bildirdiyi kimi, doğru yola çatacaq.

