Tənqidə izah gətirmək xəstəlikdir, tənqid qarşısında gözəl əxlaq göstərərək onu qəbul etmək lazımdır
İnsanlar özləri ilə əlaqədar bir mövzuda ətrafdakı insanlara özlərini sübut etmək istəyirlər. Əgər demək istədikləri bir şey varsa və bunu istədikləri kimi izah edə bilməyiblərsə, böyük sıxıntı keçirirlər. Çox kiçik bir detal olsa belə, onu mütləq izah etmək istəyirlər.
Demək olar ki, bütün insanlarda olan izah etmək arzusu, əslində, pis vərdiş deyil. Həqiqətən də, insanın mövzu ilə əlaqədər demək istədiyi vacib şeylər ola bilər. Hətta bəzən bunları deməməsi və izah gətirməməsi bir çox səhvə yol aça bilər. Məsələn, cinayət törədildiyi və ya səhv edildiyi zaman günahsız insan özünü müdafiə etmək üçün izah gətirməlidir. Bu davranış Qurana uyğun əxlaq formasıdır. Çünki bu insanın məqsədi öz nəfsini təmizə çıxarmaq deyil, Allahın rizasını qazanmaqdır.
Ancaq bir də sadəcə nəfsi rahatlaşdırmaq, ya da nəfsin mənfəətlərini güdmək məqsədilə izah etmək vərdişi var. Nəfslərinin bu təlqininə qapılanlar hər gün qarşılaşdıqları hadisələrdə daim özlərini təmizə çıxarmaq üçün izahlar gətirirlər. Hər hadisədə bunu təkrarladıqları üçün bu, onların normal dialoqlarına çevrilir. Özləri bu vərdişlərinin ətraflarında yaratdığı narahatçılığı hiss etmirlər. Ancaq ətraflarındakı insanlar onların ən kiçik hadisədə belə bu cür uzun izah gətirmələrindən və insanların vaxtını almalarından çox narahat olurlar.
Məsələn, qələmi yerə salan insan sadəcə qələmi yerdən götürüb yerinə qoymalıdır. Ancaq bu tip insanlar ətrafdakı insanlara “əslində, özlərinin çox diqqətli olduqlarını, qələmin yerə düşməməsi üçün əllərindən gələni etdiklərini, o qələmi ora başqasının qoyduğunu və buna görə düşdüyünü” deyərlər. Kiçik bir mövzunu həddən artıq böyütdüklərini hiss etməzlər.
Bəzən də heç bir hadisə baş vermədiyi halda, insanların şübhələndikləri mövzulara izah gətirərlər. Məsələn, qarşısındakı insanın onun təmizliyinə şübhə etdiyini düşünər və daim özünün nə qədər təmiz olduğundan bəhs edər. Tənbəl olduğunu düşündüklərindən şübhələnər, hər fürsətdə nə qədər çalışqan olduğundan danışar.
Bəzən elə olur ki, bu insanları tənqid edirlər. O zaman belə insanlar özlərinin günahsız olduqlarını sübut edənəcən rahatlaşmazlar. Halbuki təndiq həmişə faydalıdır. İnsan ən yaxşı, ən mükəmməl olduğu zaman belə tənqidi sevinclə qəbul etməlidir. Çünki mütləq hər yaxşıdan daha yaxşısı vardır. İnsan tənqid vasitəsilə daha mükəmməl olma imkanı əldə edir. Ancaq bəhs etdiyimiz bu insanlar ən kiçik tənqidi belə böyük mübahisəyə çevirirlər. Böyük ehtirasla özlərinin haqlı olduqlarını, qarşılarındakı insanın haqsız olduğunu sübut etməyə çalışırlar. Nəfslərində olan izah etmə arzusu bəzən bu insanların ağıllarının tamamilə bağlanmasına səbəb olur. Nəfsi həmin insanın eqoizminə, qüruruna, əsəblərinə də təsir etdiyi üçün olduqları mühit daha da çətinləşir. Belə ki, bu insanlar gözəl tövsiyələrdən istifadə edə bilmirlər. Həmişə özlərini haqlı bilir, özlərini ön planda saxlayır, özlərinə güvənirlər. Ağıllarını, rəftarlarını, əxlaqlarını çox bəyənən və tövsiyələri dinləməyən bu insanlar xarakterlərini inkişaf etdirə bilmir, irəliləyə bilmirlər.
Əlbəttə, bu insanların düşündükləri bəzi məntiqlər var. Məsələn, özlərindən asılı olmayan bir səhvi izah etməsələr, insanların onları düz tanımayacağından qorxurlar. Ya da səhv etdikləri bir məsələdə daha onlara güvənilməyəcəyindən çəkinirlər. Yaxud mütləq zərərə uğrayacaqlarını düşünürlər. Bu cür izahat verdikləri zaman özlərini qoruyacaqlarına inanırlar.
Halbuki bu narahatlıqları Quran əxlaqına uyğun deyil. Çünki insanları qoruyan yeganə güc Allahdır. Nəfsinə qarşı Quran əxlaqı ilə rəftar edən insanı Allah qoruyur. Bu insanın zərərə uğraması mümkün deyil. Əgər nəfsini müdafiə etməkdənsə, Allaha təvəkkül edib, haqqından keçsə, gözəl əxlaqla, təmkinlə davransa, bu, o insanın xeyrinə olacaqdır.

