Diqqətli olmaq

Təfəkkürün mühüm bir hissəsini diqqət təşkil edir

Təfəkkürün mühüm bir hissəsini diqqət təşkil edir. Allah dünyamızı və bütün kainatı varlığına dəlil kimi yaratmışdır. Ancaq inkar edənlər bu həqiqəti qavraya bilməzlər, çünki gözlərindəki “pərdə” bu dəlilləri görməyə imkan vermir. Quranda bu insanlar haqqında “…gözləri vardır bununla görməzlər…” (Əraf surəsi, 179) ayəsi ilə bəhs edilir. Gözləri ilə gördükləri maddi kainatın üzərindəki incə “pərdəni” qaldırıb arxasındakı həqiqəti görəcək ağıl və qavrayışa sahib deyildirlər.

Mömin isə Allahın bütün kainatı, bütün hadisələri hikmətlə və məqsədli şəkildə yaratdığını bilir. Buna görə də gözləri olduğu halda görməyən insanlardan fərqlənir. Lakin görüb qəbul etmək iman gətirməyin ilk mərhələsidir. İman və ağıl dərinləşdikcə mömin qəbul etdiyi həqiqəti qarşısına çıxan hər detalda, hər zərrədə daha aydın görməyə başlayır.

İmanın dərinləşməsi üç mərhələyə ayrılır: Elm-əl yəqin, Ayn-əl yəqin, Haqq-əl yəqin.

Bu mərhələləri yağış nümunəsi ilə izah edə bilərik: Küçədə yağışın yağdığını bilməyin üç dərəcəsi var. Birinci, yəni Elm-əl yəqində pəncərələri bağlı evdə oturduğumuz vaxt bayırdan gələn bir insan bizə yağışın yağdığını deyir və biz də buna inanırıq. İkincisi, Ayn-əl yəqin, yəni gözlə qavramaq dərəcəsidir: biz pəncərəyə yaxınlaşıb, pərdəni çəkib yağışın yağdığını öz gözlərimizlə görürük. Haqq-əl yəqində isə qapını açıb evdən çıxırıq və artıq yağışın “içində”yik.

İmanın Elm-əl yəqindən Ayn-əl yəqinə və daha da dərinləşməsinə vəsilə olan feli dualardan biri diqqətdir.

Quranda möminlər Allahın elmini, gücünü, yaradılışını görmək üçün diqqətli olmağa çağırılırlar:

Diqqətli olun; göylərdə və yerdə olanların hamısı Allahındır. O, sizin nə əməl sahibi olduğunuzu və (qullarının) Onun hüzuruna qaytarılacaqları günü bilir. Allah onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi bilir. (Nur surəsi, 64)

Diqqətli olun; həqiqətən onlar, Rəblərinə qovuşacaqlarına şübhə edirlər. Diqqətli olun; həqiqətən O, hər şeyi biləndir. (Fussilət surəsi, 54)

Allahın ayələrinin təcəllisini görmək və qavramaq üçün insan dərin düşünməli və zehnini buna öyrətməlidir. Əks halda, düşüncələrimizi sərbəst buraxsaq, bir neçə saniyədə mövzudan mövzuya keçib boş düşüncələrlə vaxt itirərik. Bu, bir növ sərxoşluqdur. Belə olduqda həm ətrafda baş verən hadisələrin xırdalıqlarını qavramırıq, həm də bu hadisələrə müdaxilə etmək iradəsini itiririk.

Halbuki, mömin, Allahın izni ilə, düşüncələrini Allahın rizasına uyğun istiqamətləndirməli, ağlını daima Allahı tanımaq və Onun dininə xidmət etmək üçün istifadə etməlidir. Buna görə də iman gətirən insan boş fikirləri dərhal anlayır və Quranda təsvir edildiyi kimi bu düşüncələrdən uzaqlaşır. Fikirlərimizi idarə edə bilməyimizin ən vacib hissəsi isə diqqətdir.

Allah hər şeyi hikmətlə yaradır. Allahın hikməti yaratdığı hadisələrin nəticədə möminlərə, dinə fayda gətirməsidir. Çünki Allah möminlərlə birlikdədir və onların əleyhinə heç bir şey yaratmaz.

Möminin qarşısına çıxan bəzi hadisələr, məsələn, inkarçıların onlar üçün qurduğu tələlər ilk baxışda mənfi hal kimi görünə bilər. Lakin Allah orada mütləq xeyir yaratmışdır. Mömin Allaha tamamilə güvəndiyi və özünü Ona təslim etdiyi üçün qısa müddət ərzində başına gələn hadisələrin hikmətini də görüb anlayır. Buna görə də möminlər qarşılaşdıqları hər hadisədə xeyir olduğunu bilməlidirlər.

Quranda hz. Yusifin həyatı buna gözəl nümunədir. Hz. Yusif kiçik yaşlarında qardaşları tərəfindən quyuya atılır. Daha sonra yoldan keçən karvan onu quyudan xilas etmişdir. Ancaq bir müddət sonra günahsız olduğu halda zindana atılır. Hz. Yusif bütün bu hadisələrin Allahın iradəsi ilə olduğunu və hər bir işdə mütləq xeyir olduğunu heç vaxt unutmur. Nəticədə Allah bir müddət sonra bütün bu “fəlakət”lərin arxasındakı xeyiri ona göstərir və hz. Yusif atıldığı Misir zindanından xilas edilərək sarayda yüksək vəzifəyə gətirilir.

Püşk atma nəticəsində gəmidən dənizə atılan, daha sonra nəhəng balıq tərəfindən udulan hz. Yunisin taleyi də hz. Yusifinkinə bənzəyir. Quranda hz. Yunisin Allahı “təsbeh edənlərdən” olduğu üçün balığın qarnından xilas olduğu və mükafatlandırıldığı belə izah edilir:

Əgər o, Allahı təsbeh edənlərdən olmasaydı, Həqiqətən, qiyamət gününə qədər onun qarnında qalacaqdı. Beləcə, onu halsız bir vəziyyətdə boş bir sahilə atdıq. Və onun üstünə (kölgə salması üçün) balqabaq tağı bitirdik. Biz onu yüz min və daha çox kimsəyə peyğəmbər göndərdik. Nəhayət, onlar iman gətirdilər. Buna görə də Biz onları müəyyən vaxta qədər yaşatdıq. (Saffat surəsi, 143-148)

Quranda bildirilən bütün bu hadisələr iman gətirənlər üçün dərsdir. Bir hadisənin “fəlakət” kimi görünməsi xeyirsiz olduğu mənasını vermir.

İnkarçılar üçün isə heç bir hadisədə xeyir yoxdur. Onlara zövq və sevinc verən, gözəl görünən şeylər də əslində axirətdə çəkəcəkləri əzabı artıran səbəblərdir. İnkar edənlərin haqsızlıqla əldə etdikləri bütün qazancların hesabı qiyamət günü veriləcəkdir. Allah Quranda belə bildirir:

Allahın, Öz lütfündən verdiyi şeylərdə xəsislik edənlər elə zənn etməsinlər ki, bu onlar üçün xeyirlidir. Əksinə, bu onlar üçün zərərlidir. Onların xəsislik etdiyi şeylər, qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır. (Ali İmran surəsi, 180)