İnkarçıların Quranı dinləməmələrinin, ondan qaçmalarının səbəblərindən biri də yanlış və sabit fikirli olmalarıdır. Özlərindən əvvəlki nəsillərdən öyrəndikləri məlumatlar və yanlış adət-ənənələr, cəmiyyətdə gördükləri düşüncə tərzi bu insanların həyata baxışında mühüm rol oynayır. Hər hansı bir kiçik dəyişiklik və ya yenilik onların etirazına səbəb olur. Hətta yeniliklə, dəyişikliklə, haqq ilə gələn insanlara qarşı aqressiv, qəzəbli olmalarının səbəbi də bu yanlış və sabit fikirləridir.
Bu yanlış fikir bir pərdə kimi insanların bir-birlərini dinləmələrinin və görmələrinin qarşısını alır. Allaha iman gətirməyə dəvət edilən bu tip insanların cavabları “Fussilət” surəsində belə bildirilir:
Bu, anlayan bir qövm üçün ayələri izah edilmiş ərəbcə oxunan bir kitabdır. O, müjdə verən və xəbərdar edən bir kitabdır. Ancaq onların çoxu qulaq asmayıb üz döndərdilər. Onlar: “Bizi dəvət etdiyinə qarşı qəlbimiz bağlıdır, qulaqlarımızda da ağırlıq (karlıq) vardır. Bizimlə sənin aranda bir pərdə vardır. Ona görə də sən öz işini gör, biz də öz işimizi görəcəyik”, – dedilər. (Fussilət surəsi, 3-5)
Əslində, insan Qurana dəvət edilərkən batil, səhv düşüncələrindən uzaqlaşmaq fürsəti əldə edir. Belə bir vəziyyətdə bu dəvəti edəni dinləmək, dəvət etdiyi haqq kitabı oxumaq və düşünmək daha doğru olar. Vicdanlı insan doğrunu gördüyü andan öz fikirlərini tərk edəcək.
Yanlış və sabit fikirli olmaq insanı ağıllı və məntiqli düşünməyə qoymur. Üstəlik, burada bəhs etdiyimiz mövzu hər insanın borcudur. Quran hər insanın qurtulmaq üçün təslim olacağı yeganə kitabdır. Hər hansı bir mövzunu dinləmədən, oxumadan, düşünüb qiymətləndirmədən rədd etmək ancaq sabit fikirli, dar dünya görüşlü, yeni düşüncələrə bağlı olan insanların davranışıdır. Amma Allahın insanlara göndərdiyi təhrif edilməmiş son haqq kitab olan Quranı dinləməmək, ayələri oxumamaq sadaladığımızdan daha ciddidir.
İnsanın hər hansı bir vacib mövzuda yanlış fikirdə olması bəlkə ona böyük zərər verməz, amma Allahın əmrlərini dinləməmək mövzusunda sabit fikirlilik insanı cəhənnəmə aparan çox ciddi təhlükədir. Hər bir insan belə vəziyyətə düşməkdən çəkinməlidir.
Bundan başqa, insanın fitrətində daim mükəmməlik axtarmaq xüsusiyyəti var. Daha gözəl fikir, daha gözəl düşüncə insanı həmişə özünə cəlb edir. Ancaq dinsizlik insanın yaradılışına uyğun olmayan sabit fikirliliyi məqbul göstərir və insanın köhnəlmiş fikirlərinə bağlı qalmasına səbəb olur. Hadisələri olduğu kimi mühakimə etməyə izn vermir, köklü dəyişikliklər etməyə qoymur.
Bu dünyagörüşünü metroların, təyyarələrin, gəmilərin, inkişaf etmiş nəqliyyat vasitələrinin olduğu halda, başqa qitəyə at arabası ilə getmək istəyən insanın vəziyyətinə bənzətmək olar. Necə ki, bu insanın inadkar davranışı onu texnologiyanın nemətlərindən məhrum edirsə, eləcə də yanlış və sabit fikirli insan bütün çətinlikləri özünə tərəf çəkir, gözəllik və rahatlıqdan məhrum olur.
İnsanların yanlış və sabit düşüncələri sadəcə dinə baxışları ilə məhdudlaşmır, bütün həyat tərzində özünü göstərir. Evlərinin dekorasiyasında dəyişiklik etməmək, yeni texnoloji məhsullara qarşı ön mühakiməli yanaşaraq bu məhsullardan istifadə etməmək, eyni cür geyinmək, eyni yeməkləri yemək, eyni cür əylənmək, eyni zarafatları etmək bu səhvlərdən sadəcə bir neçəsidir. Bu sabit fikirlilik düşüncə formalarını da öz təsiri altına alır. Buna görə, səhv olsa da, eyni fikri müdafiə edir, eyni doğrulara və yanlışlara sahib olurlar. Bu qaydalar ucbatından müstəqil və rahat düşünə bilmir, yeni fikirləri müdafiə edən kitabları oxumur, yeniliklərdən zövq almır, həyatını yaxşılaşdırmağa cəhd etmirlər.
Dəyişikliyə, yeniliyə qarşı çıxmaq, müxtəlif fikirləri dinləmədən rədd etmək bu insanların qürur hesab etdikləri anlayışdır. Halbuki Quran əxlaqına dəvət edilmələri bu insanların keçmiş təcrübələrindən dərs almaları, səhvlərindən nəticə çıxarmaları, daha gözəlini, daha yaxşını axtarmaları sabit fikirlərindən qurtulmaları üçün fürsətdir.
Ancaq yanlış fikirləri ucbatından onlara məsləhət verən insanları aşağı səviyyəli görür, səmimi, xoş niyyətli təklifi düşünmədən rədd edir, kor-koranə bağlandıqları inanclarından əsla vaz keçmirlər.
Niyə hər cür yeni məlumata, yeni fikrə, yeni anlayışa və ya elmi həqiqətə qarşı çıxan bu insanlar yanlış və sabit fikirlərindən dönmürlər?
Məhz burada şeytanın insanlar üzərindəki təsiri qarşımıza çıxır. Şeytan inkar edənlərə gördükləri işləri gözəl göstərib, onları doğru yolda olduqlarına inandırmışdır. Vicdanın səsini dinləməyənlər və Qurandan qaçan bu insanlar şeytana aldanmışlar. Ayədə bu şəkildə bildirilmişdir:
…Şeytan onlara etdikləri əməlləri gözəl göstərib onları haqq yoldan çıxartdı. Halbuki onlar gözüaçıq adamlar idilər. (Ənkəbut surəsi, 38)
Doğruları görən, mənfi cəhətlərinin fərqinə varan bu insanlar şeytanın təsiri ilə sonradan görməyən, həqiqətlərə qulaq tıxayan insanlara çevrilirlər. Həqiqətən də, bu tip insanla danışmaq, xəbərdarlıq etmək və ya fikir mübadiləsi aparmaq mümkün deyil. Çünki onlar öz fikirlərini paylaşmayan insanları dinləməyə, onların sözlərinə qulaq asmağa və onların tənqidinə dözə bilməzlər.
Ağıllı, vicdanlı, düşünməyi bacaran bir insan rahat şəkildə qüsurlarını görə bilir, lakin sabit fikirli insan isə özünü kənardan izləyib dəyər verə bilmir. Bu insanların ən vacib xüsusiyyəti sabit fikirləri ilə öyünmələri, illərlə dəyişməyən düşüncə sistemləri və həyat tərzləri ilə qurur hissi keçirmələridir.
Allahın “şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər.” (Zuxruf surəsi, 37) ayəsi ilə bildirdiyi kimi, bu insanlar doğru yolda olduqlarını zənn edirlər. Amma heç də düşündükləri kimi deyil. Hesab günü düşünmək, xatırlamaq və peşman olmaq haqdan üz çevirən insanlara bir fayda verməz. Ayədə bu şəkildə bildirilir:
Və o gün cəhənnəm gətiriləcək. O gün insan xatırlayacaqdır. Lakin xatırlamanın ona nə faydası? (Fəcr surəsi, 23)

