Bir möminin imanının gücü, səmimiyyəti və qətiyyəti onun Allah yolunda mübarizəsindən, İslama olan sevgisindən aydın olur. Onun bu mübarizədə göstərdiyi hərəkət və davranışları dini əxlaq mövzusunda zəif və ya şövqlü olmasını müəyyən edir.
Allah səmimi möminlərə onların arasında yaşayan bu zəif və ləng insanların mənfi təsirinə düşülməməsi, onların şövqlərinin, həvəs və əzminin qırılmaması üçün xəbərdarlıq edir və buna bənzər hərəkətlərdən çəkindirir:
“Sən səbirli ol! Həqiqətən də, Allahın vədi haqdır. Qoy yəqinliklə inanmayanlar səni qeyri-ciddi olmağa (dindən dönməyə) sövq etməsinlər.” (Rum surəsi, 60)
Əlbəttə, daimi zəiflik həqiqi iman sahibi olan bir insana aid edilə bilməz. Lakin mömin müvəqqəti zəiflikdən, laqeydlikdən, məsuliyyətsizlikdən, vaxtaşırı nəfsinə tabe olmaq kimi mənfi hərəkətlərdən uzaq olmalıdır. Möminləri müxtəlif mövzularda göstərilmiş zəiflikdən çəkindirən ayələrin bəziləri bunlardır:
“Düşməniniz olan qövmü təqib etməkdə zəiflik göstərməyin! Əgər siz əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah biləndir, hikmət sahibidir!” (Nisa surəsi, 104)
“Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz!” (Ali-İmran surəsi, 139)

