İnsanlara Allahın varlığını və tək olduğunu izah etmək, İslam əxlaqının gözəlliyinə dəvət etmək hər müsəlmanın borcudur. Ancaq bu məsuliyyəti, Allahın Quranda bildirdiyi kimi yerinə yetirmək lazımdır. Allahın bildirdiyi, Peyğəmbərimizin tətbiq etdiyi yoldan başqa öz ağıl və məntiqinə görə hərəkət edən insan dini izah edərkən müvəffəqiyyət əldə edə bilməz. Bundan başqa, o, bir çox insanın dindən uzaqlaşmasına da səbəb ola bilər.
Quranın bir çox ayəsində insanların Allahın yaratdıqları üzərində düşünmələrinin (iman həqiqətləri) vacib olduğu bildirilmişdir. İnsanlar göyün və yerin yaradılışı, meyvələr, bitkilər, dənizlər, heyvanlar, öz bədənləri qısaca desək, ətrafda gördükləri hər şey üzərində düşünməyə dəvət edilmişlər.
Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru! (Ali İmran surəsi, 191)
Quranda elm təşviq edilir və elmin Allahın sənətini öyrənmə yollarından biri olduğu xəbər verilir. Elm və texnologiyanın inkişaf etdiyi və insanların yeni məlumatlara yiyələnməsinin asan olduğu bu əsrdə məlumatların elmi tapıntılarla və dəlillərlə dəstəklənməsi imanın təmin edilməsində əhəmiyyətli vasitədir. Elm sahələrinin yaradılışı açıq şəkildə göstərdiyi bu dövrdə elmdən istifadə etməmək və hətta ağıla və məntiqə zidd, cahilcə izahlar verərək dini izah etməyə çalışmaq çox yanlışdır.
Biz (varlığımızı və qüdrətimizi göstərən) dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində göstərəcəyik ki, onun haqq olduğu onlara aydın olsun. Rəbbinin hər şeyə şahid olması kifayət deyilmi? (Fussilət surəsi, 53)
Belə hesab edilir ki, dünyada İslamın yayılmaması Quran və hədislərin izah edilməməsi ilə bağlıdır. Halbuki hidayət üçün iman həqiqəti lazımdır.
Ancaq iman həqiqətlərinin izahından əvvəl insanların ağlını örtən, ön mühakiməyə düşmələrinə səbəb olan və onlara izah edilənləri açıq şüurla dinləmələrinə mane olan batil inancların, yəni bütlərin ortadan qaldırılması çox əhəmiyyətlidir.
Allah Quranda hz. İbrahimin dövründəki bütün bütləri qırdığını xəbər verir. Hz. Musa da qövmündən bəzi insanların əldə etdiyi bütü qırmış, külünü dənizə sovurmuşdur. Bu hekayələr müsəlmanların yaşadığı dövrdə dövrün bütünün elmi cəhətdən yerlə-yeksan edilməsinin vacib olduğunu göstərir. Bu dövrün insanlarını Allahdan və İslam əxlaqından uzaqlaşdıran ən böyük büt darvinizmdir.
İnsanların əksəriyyətinin Allahın varlığını və tək olduğunu qavramalarına mane olan darvinizmin elmi dəlillərlə əsassızlığının ortaya qoyulması, heç bir elmi dəyərinin olmadığının isbat edilməsi və bunun ağıllı, məntiqli və elmi üsulla reallaşdırılması insanların şüurunun bağlanmasına səbəb olan önəmli maneənin ortadan qaldırılmasına səbəb olacaq. Darvinizmin əsassız olduğunu görən, illərlə saxta ideologiya ilə aldadıldığını qavrayan bir insan, təbii ki, doğrunu axtarar. Bu əsnada kainatdakı qüsursuz tarazlığı, canlılardakı mükəmməl sistemləri, öz bədənində bir hüceyrənin içində böyük aləm olduğunu öyrənən bir insan bütün bunların üstün güc və qüdrət sahibi olan Yaradıcının, yəni Allahın əsəri olduğunu asanlıqla anlayar. Aydındır ki, Allahın sənətini görən, Allahın yaratmasındakı mükəmməlliyi qavrayan bir insan Allaha “haqqəl-yəqin” iman gətirər və din əxlaqını ən mükəmməl şəkildə yaşayar.
Lakin bir sıra insanların ağıl və məntiqə zidd məlumatları İslam adına təbliğ etməsi insanların şüuraltına təsir edir. Bu da insanların əksəriyyətinin Allahdan və dindən uzaqlaşmasının ən vacib səbəblərindən biridir. Buna görə də, bütün müsəlmanlar dini təbliğ edərkən ağıla, iman həqiqətlərinə və elmə əsaslanaraq təbliğ etməlidirlər. İslam belə təbliğ edilsə və Allahın Quranda bildirdiyi, Peyğəmbərimizin yaşadığı şəkildə yaşansa, insanlar dəstə-dəstə Allahın dininə girəcəklər və İslam əxlaqı qısa müddətdə bütün dünyaya hakim olacaqdır, inşaAllah.

