Dində məcburiyyət varmı?

Bu sualın cavabı ayədə açıq şəkildə verilmişdir:

Dində məcburiyyət (zorakılıq) yoxdur. Doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edilmişdir. Artıq kim Tağutu (bütləri və ya şeytanları) inkar edib Allaha iman edərsə, o, heç vaxt qırılmayan ən möhkəm qulpdan yapışmış olar. Allah hər şeyi eşidəndir, biləndir! (Bəqərə surəsi, 256)

Ayədə bildirildiyi kimi dini yaşamaq məsələsində insanın məcbur edilməsindən söhbət gedə bilməz. Digər insanlara Allahın varlığını və Quran əxlaqını izah etmək möminin vəzifələrindəndir. Bu vəzifəni yerinə yetirmək istəyən möminlər başqalarının hidayətinə vəsilə olmaq üçün dini izah edərlər, lakin Allah hidayət diləmədikcə heç nə edə bilməyəcəklərini bilərək bundan sonrasını insanın vicdanına buraxarlar. Çünki Allahın və axirətin varlığı açıq-aşkardır. Allahın çağırdığı doğru yol ilə şeytanın çağırdığı azğınlıq arasındakı fərqi görmək olduqca asandır. Hansının daha gözəl və daha faydalı olduğunu hər insan öz vicdanı ilə rahatlıqla anlaya bilər. Buna görə Allahdan qorxan insanlar doğru yola sevə-sevə, könüldən tabe olurlar.

Allah Quranda iman gətirənlərə düşən vəzifənin yalnız doğrunu çatdırmaq olduğunu bir çox ayədə bildirmişdir. Bir ayədə belə buyurulur:

Əgər səninlə mübahisə edərlərsə, de ki: “Mənə tabe olanlarla birlikdə mən özümü Allaha təslim etmişəm”. Kitab verilmiş kimsələrə və ümmilərə də belə de: “Siz də (Allaha) təslim oldunuzmu?” Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar. Əgər üz döndərərlərsə, sənin vəzifən ancaq təbliğ etməkdir. Allah bəndələrini görəndir. (Ali İmran surəsi, 20)