Cahil cəmiyyət dinin “çətin” olduğuna inandığı qədər onun “zorakı” və “azadlığı məhdudlaşdıran” olduğunu da düşünür. Bu səhv məntiqə görə, din insanlara müxtəlif məhdudiyyətlər qoyur və beləliklə də, onların sərbəstliyini yox edir. Bu cəmiyyət içində özlərini “sərbəst” adlandıranlar da mümkün olduğu qədər dindən uzaqlaşır, hətta dinə qarşı çıxırlar.
Ancaq həqiqət bunun tam əksinədir. Din sərbəstlik, dinsizlik isə təzyiq və əsarət gətirər.
Lakin bu həqiqətin qavranması üçün əvvəlcə insan ruhunun tam mahiyyətinin tanınması lazımdır. Mövzunu bizə açıq şəkildə Quran bildirir və insan ruhunun “cüt tərəfli” olduğunu “Şəms” surəsində belə açıqlayır:
And olsun nəfsə, onu yaradıb surət verənə, Ona şər və xeyir duyğularını ilham edənə (and olsun)! Nəfsini günahdan təmizləyən nicat tapmışdır. Nəfsini günaha batıran isə ziyana düşmüşdür. (Şəms surəsi, 7-10)
Ayələrdə nəfslə bağlı verilən məlumatlarda göstərilir ki, Allah insanı yaradarkən onun nəfsinə (mənliyinə) həm pisliyi, həm də ondan qorunmağa, yəni yaxşılığı ilham etmişdir. İnsanın içində bu iki güc eyni anda olur. İnsanın qurtuluşu isə bu pislikdən qorunmağı seçməsidir. Yox, əgər belə etməsə, süquta məhkum olar. Nəfsində pislik olduğunu qəbul etməz. Etmədiyi halda da bu pislikdən qorunacaq şüura sahib ola bilməz, ayənin ifadəsi ilə o pisliyin “üstünü örtər”, daxilində onu bəsləyər. Bir sözlə, o pislik onu udar.
Nəfsin içindəki bu pisliyin varlığını qəbul edib ondan qorunmaq insana “nicat”, yəni qurtuluşu gətirir. Sərbəstlik isə bu nicatın əsasıdır.
Çünki insanı ətraf güclərdən daha böyük təzyiq altına alan əsl güc nəfsindəki bəhs edilən pislikdir. Bu pislik insanı xudbin edir, ona qısqanclıq gətirir. Həmişə bir inamsızlıq və gələcək qorxusu yaradır. Ən pisi də, insanın nəfsindəki bu gücə görə sonu olmayan məhdudiyyət və qəzəb içində boğuşmasıdır. Nəfsin içindəki bu güc həmişə insana daha çox mal-dövlət yığmasını, çox pul qazanmasını və cəmiyyətdə status əldə etməsini əmr edir. Zəngin olmaq böyük həvəsdir, bu, təmin edilsə, yeni həvəslər yaranacaq.
Beləliklə də onlar bir-birinin ardınca davam edəcək. Nicatı bunlardan qurtarmaqla əldə etmək olar. Qurandakı ifadə ilə desək, “…nəfsinin xəsisliyindən, tamahından qorunub saxlanan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır” (Həşr surəsi, 9).
İnsan bu həvəslərin əsarətindən qurtardığı zaman müstəqilləşir. Bu məqamda artıq onun həyatının mənası, bitib-tükənməz həvəsləri əldə etmək deyil. Həyatdakı məqsədi yalnız Allahın razılığını qazanmaqdır ki, insan da elə bunun üçün yaradılmışdır.
Həqiqi sərbəstlik elə budur: Allaha bəndə olmaq və beləliklə də, Allahdan başqa hər şeydən azad olmaq. Buna görə də, hz. İmranın həyat yoldaşı Quranda keçən bu duanı etmişdir:
Bir zaman İmranın zövcəsi belə demişdi: “Ey Rəbbim, mən bətnimdəkini azad bir bəndə olaraq Sənin üçün nəzir etdim. (Onu) məndən qəbul et! Şübhəsiz ki, Sən eşidənsən, bilənsən”. (Ali İmran surəsi, 35)
Eyni səbəbdən hz. İbrahim atasına belə demişdir:
Bir zaman o, atasına demişdi: “Atacan! Eşitməyən, görməyən və sənə heç bir fayda verə bilməyən şeylərə (bütlərə) nə üçün ibadət edirsən? (Məryəm surəsi, 42)
Rəsulların işi isə insanları nəfsindəki tamahlardan və ya başqa insanlara qul olmaqdan qurtarmaq və onları yalnız Allaha bəndə olmağa dəvət etməkdir. İnsanlar yaradılış məqsədinə zidd olan bu azğınlıqlardan özləri qurtardıqca sərbəst olurlar. Buna görədir ki, Quranda rəsul möminlərin “ağır yüklərini yüngülləşdirən və üstündəki buxovları açan” (Əraf surəsi, 157) insanlar kimi təsvir edilmişlər.
Qurandakı islam, xurafatın əksinə olaraq insana təzyiq etməz, onu sərbəst buraxar. Bunun təbliğ edilən qarşı tərəfə açıqlanması olduqca mühümdür. Mövzu “sərbəstlik təsviri” ilə açıqlanmalı, həm də dini “təzyiq göstərən” bilməsinə səbəb olan xurafatlar və bidətlər (dinə sonradan daxil olanlar) qarşı tərəfin zehnindən silinməlidir.
İslam müstəqillik tərəfdarı olduğuna görə onun təbliğ edilməsində də təzyiqdən istifadə edilməyəcək. Rəsulullaha Allah Quranda bu əmri vermişdir:
(Ey Peyğəmbər!) Sən öyüd-nəsihət ver! Sən yalnız öyüd-nəsihət verənsən. Sən onları məcbur edən deyilsən. (Ğaşiyə surəsi, 21-22)
Eyni mövzudan aşağıdakı ayədə də bəhs olunur
Dində məcburiyyət (zorakılıq) yoxdur. Doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edilmişdir. Artıq kim Tağutu (bütləri və ya şeytanları) inkar edib Allaha iman gətirərsə, o, heç vaxt qırılmayan ən möhkəm qulpdan yapışmış olar. Allah hər şeyi eşidəndir, biləndir! (Bəqərə surəsi, 256)
Təbliğ edilən şəxsə bu mövzu açıqlanmalı, nə İslamın qanunları, nə də onlarla yaxınlıq edən möminlər tərəfindən heç bir təzyiq və ya məcburiyyətlə qarşılaşmayacağı, bunun Quran əxlaqına zidd olduğu və Allahın razı olmadığı bir əxlaq olacağı deyilməlidir. Beləcə, cahillərin keçirdiyi yersiz həyəcan hissi ortadan qalxar və təbliğin qarşısındakı əngəllərdən biri də aradan götürülər.

