Din həyatın bir hissəsidir

Din əxlaqı həyatın bir hissəsini deyil, hamısını əhatə edən, insana həyatının hər anında

Din əxlaqı həyatın bir hissəsini deyil, hamısını əhatə edən, insana həyatının hər anında gözəllik və rifah təqdim edən bir sistemdir. Təbii ki, burada nəzərdə tutulan həqiqi islam dinidir. Müsəlman 24 saatını Allahın razı qaldığı şəkildə keçirər. Səhər duranda, yemək yeyəndə, işləyəndə, məktəbə gedəndə, ticarətlə məşğul olanda, alış-veriş edərkən Allahın əmr etdiyi Quran əxlaqına əməl edər. Allahı razı olmayacağını düşündüyü hər cür davranışdan qəti şəkildə çəkinər. İslam əxlaqı həyatın yalnız bir hissəsini deyil, əksinə hamısını, hətta ondan da çoxunu əhatə edir. Bunun əksinə inanmaq Quranın bir qismini qəbul edib, bir qismini qəbul etməmək mənasına gəlir. Quranın bir hissəsini qəbul etməmək, şübhəsiz ki, hamısını inkar etmək deməkdir:

… Siz kitabın bir hissəsinə inanıb, digər hissəsini inkarmı edirsiniz? Sizdən kim bu cür işlər görərsə, onun cəzası dünya həyatında rüsvay olmaqdır. Qiyamət günü isə onlar ən şiddətli əzaba düçar olacaqlar. Allah etdiklərinizdən qafil deyil. Onlar axirəti dünya həyatına dəyişən kimsələrdir. Buna görə də onların nə əzabı yüngülləşər, nə də onlara kömək olunar. (Bəqərə surəsi, 85-86)

Quranda izah edilən din əxlaqı, heç bir şəkk-şübhəyə yer vermədən, tam təslimiyyətlə, Allaha inanıb bağlı olmaq, Onun əmr və qadağalarına hərtərəfli tabe olmaq prinsiplərinə əsaslanır. Möminlərin bu xüsusiyyətləri Quranın bir çox ayəsində açıqlanır. Bu ayələrdən bəziləri bunlardır:

Möminlər o kəslərdir ki, Allaha və elçisinə iman edər, sonra da bundan əsla şübhəyə düşməz və Allah yolunda malları və canları ilə cihad edərlər. Məhz onlar sadiq olanlardır. (Hucurat surəsi, 15)

De: “Şübhəsiz, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür.” (Ənam surəsi, 162)

O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı anmaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlbin və gözlərin çevriləcəyi (iztirab çəkəcəyi) bir gündən qorxarlar. (Nur surəsi, 37)

Bu ayələrdən də anlaşıldığı kimi, mömin həqiqətən özünü Allaha həsr etmiş insandır. Ömrünün hər anında Allahın rizasını qazanmağı hədəfləyən, Allahın yaratdığı hadisələrdə hikmət axtaran, axirət haqqında düşünən insandır. Quranda möminlər belə təsvir edilir:

Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru!” (Ali İmran surəsi, 191)

Şübhəsiz ki, Biz onları axirət yurdunu düşünən ixlaslı kimsələr etdik. (Sad surəsi, 46)

İman bilməyən insan belə bir gözəl təslimiyyəti və imanın dərinliyini anlamaqda çətinlik çəkər. Onun materialist və batil dünyagörüşünə görə, ölüm yox olmaqdır və buna görə də bacardığı qədər dünyadan həzz almalıdır. Bu səhv dünyagörüşünə malik bir insan üçün dünyadan yetərincə faydalana bilmədiyi hər an onun üçün itkidir.

Digər tərəfdən, iman etdiyini deyən, lakin imanın dərinliyini dərk etməyən bəzi insanlar, dinin insan həyatının müəyyən anları ilə məhdudlaşdığına dair səhv təsəvvürə malikdirlər. Bu insanların batil düşüncələrinə görə, bir insanın həyatının hər anında Allahı razı salacaq əxlaqa sahib olması yalnız Uca Rəbbimizin rizasını istəməsi ilə mümkün deyil. Bu insanlar bu cür batil düşüncələri yayaraq insanları səthi və zəif inanca yönəltmək istəyirlər. Allah möminləri bu cür insanların yalanlarına qarşı bu şəkildə xəbərdar edir:

İnsanlardan eləsi də var ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da Allahı şahid göstərər. Halbuki o, düşmənlərin ən qatısıdır. (Bəqərə surəsi, 204)

Bu insanların azğın həyat fəlsəfəsi; “din var və lazımdır”, “müsəlmanlıq çox gözəl şeydir, amma hər şeyi ağıllı şəkildə etmək lazımdır”, “çox dərinə getməmək lazımdır, yoxsa ağlını itirərsən” kimi boş, məqsədsiz və cahil sözlərdən ibarət dünyagörüşüdür. Bu cür insanlara Quran əxlaqından bəhs edildikdə, sanki heç eşitməmiş kimi təkəbbür göstərərlər. Allah bu insanların vəziyyətini belə izah edir:

İnsanlardan elələri də var ki, cahilliklə Allah yolundan döndərmək və onu məsxərəyə qoymaq üçün boş sözləri satın alırlar. Onlar üçün alçaldıcı bir əzab vardır. Ayələrimiz ona oxunduğu zaman sanki onları eşitmir və qulaqlarında ağırlıq (karlıq) varmış kimi təkəbbürlə üz çevirir. Sən də ona acı bir əzabla müjdə ver! (Loğman surəsi, 6-7)

Ümumi cəmiyyətlə ziddiyyət təşkil etməmək, pis qarşılıq görməkdən qaçmaq, ətrafdakıları da özünə oxşatmaq üçün özünə “müsəlman” adı verən, lakin yuxarıdakı kimi islamla heç bir əlaqəsi olmayan, əslində bunu bilən və bu cür səhv zehniyyətə sahib olan insanlara Quranda “münafiqlər” deyilir.

Münafiqlər, həqiqətən inanmadıqları halda, “iman etdik” deyərək müxtəlif dünya mənfəətlərini qorumağa çalışırlar; onlar da insanlara bu cür azğın zehniyyəti aşılamaqla insanları islamdan və Quran əxlaqından uzaqlaşdırmağa çalışırlar. Beləliklə, ətrafında vicdanını narahat edəcək səmimi imanlı insanların olmaması üçün çalışırlar. Allah Quranda bu cür insanları belə tanıdır:

İnsanlardan elələri də var ki, inanmadıqları halda: “Allaha və axirət gününə inandıq”, – deyirlər. Onlar, (özlərinə görə guya) Allahı və möminləri aldadırlar. Halbuki yalnız özlərini aldadır və bunu dərk etmirlər. Onların qəlbində xəstəlik (küfr, nifaq) vardır. Allah onların xəstəliyini daha da artırmışdır. Yalan söylədiklərinə görə onlar üçün şiddətli bir əzab vardır. Onlara: “Yer üzündə fitnə-fəsad törətməyin!” – deyildikdə onlar: “Biz yalnız islahedicilərik!” – deyərlər. Bilin ki, əsil fitnə-fəsad törədənlər onlardır. Lakin bunu dərk etmirlər. (Bəqərə surəsi, 8-12)

Onların batil dinləri Allaha deyil, öz mənfəətlərinə, istəklərinə və nəfsinin arzularına ibadət etmək və onlara xidmət etmək üzərində qurulmuşdur. Bu vəziyyət Quranda belə bildirilir:

Nəfsinin arzularını ilahlaşdıran kimsəni gördünmü? Onu sənmi qoruyacaqsan? Yoxsa sən onların əksəriyyətinin söz dinləyəcəyini, yaxud düşünəcəyinimi zənn edirsən? Onlar heyvan kimidirlər, hətta daha da azğın bir yoldadırlar. (Furqan surəsi, 43-44)

Münafiqlərin, iman etmədikləri halda, “iman etdik” deyərək Allahı və möminləri aldada biləcəklərini düşünmələri, möminlərə zərər vermək və onları Allahın bildirdiyi haqq yoldan azdırmağa çalışmaları əlbəttə ki, boşuna olan bir cəhddir.

Quranda münafiqlərin “Allah və din adı ilə” yalan danışdıqlarını, ikiüzlü olmaları və səmimiyyətsiz olduqlarına görə digər inkarçılardan, dinsizlərdən və ateistlərdən daha böyük əzab çəkəcəkləri bildirilir:

Şübhəsiz, münafiqlər cəhənnəmin ən alt təbəqəsindədirlər. Artıq onlar üçün heç bir yardımçı tapa bilməzsən. (Nisa surəsi, 145)