Din hər şeydən əvvəl insanlardan vicdanlarına uyğun yaşamağı tələb edir. Hər kəsin vicdanlı davrandığı bir mühitdə isə münaqişə, dava və ya nizamı pozan hər hansı bir davranışa rast gəlinməz.
Din əxlaqını yaşayan insanlar ağıl və sağlam düşüncə sahibi olarlar və hadisələrə də bu baxışla yanaşarlar. Məhz bu səbəbdən, hər zaman çətin anlarda çarə axtarar, ətrafa hüzur və təskinlik bəxş edən duruş sərgiləyərlər. Bu da onların olduğu mühitin rifah və rahatlıq içində olmasını təmin edər.
Din əxlaqında ədalət prinsipi vardır. Hər kəsə haqqı tam şəkildə verildiyi üçün insanların öz haqqı uğrunda mübarizə aparmasına və müxtəlif yollar axtarmasına ehtiyac qalmaz. Hər kəsin haqqı vicdanlı və dindar insanlar tərəfindən ən düzgün şəkildə qorunar.
Dindar insanlar Allahdan qorxduqları üçün qətl, intihar, oğurluq kimi Allahın haram etdiyi əməllərə yönəlməzlər. Axirətdə hesabını verə bilməyəcəkləri heç bir əməli əsla etməzlər.
Din əxlaqında şəxsi maraqlar uğrunda tamah və rəqabət yoxdur. Hər kəs dinin ümumi xeyri üçün bacardığının ən çoxunu etməklə məsuliyyət daşıyar. Buna görə də maraq toqquşmalarından doğan narahatlıqlar meydana çıxmaz.
Dində təzyiq və məcburiyyət yoxdur. Möminlər yalnız dinin göstərdiyi həqiqətləri çatdırmaqla məsuldurlar.
Bundan əlavə, Quranda Allahın iman edənlərin qəlbinə xüsusi olaraq güvən və rahatlıq endirdiyi bildirilir. Bu, saleh möminlərə Allah tərəfindən verilmiş böyük bir nemətdir. Bu həqiqət Quranda belə bildirilir:
Möminlərin imanlarını daha da artırmaq üçün onların qəlbinə mənəvi rahatlıq verən Odur. Göylərin və yerin orduları da Allaha məxsusdur. Allah hər şeyi biləndir, hikmət sahibidir. (Fəth surəsi, 4)
Burada izah edilənlər, din əxlaqının insanlara təqdim etdiyi gözəl mühitin çox ümumi bir təsviridir. Din həm insanlar, həm də cəmiyyətlər baxımından dünyada yaşana biləcək ən sakit, ən ideal və ən mükəmməl mühiti təmin edər.

