Həqiqi və səmimi imana sahib olan insanlar heç vaxt özlərini aldatmaz və həqiqətlərdən qaçmazlar. Çünki bu insanlarda güclü Allah qorxusu var, buna görə də Allahın razılığını itirməkdən çox çəkinirlər. Amma Quranda bildirilən ifadə ilə qəlbində xəstəlik olanlar Allaha ibadət etməkdə ağır davranırlar. Allah bu insanların varlığını “Nisa” surəsinin 72-ci ayəsində “Aranızda elələri də vardır ki, ağır tərpənər” şəklində bildirmişdir. Bu insanlar Qurana uyğun olan həyat və əxlaq modelini bilsələr də, dini mövzuda səmimi olmadıqları üçün istəksizdirlər. İbadətləri yerinə yetirməmək üçün həmişə bəhanə axtarırlar. Hər zaman, hər bir şərait və mühitdə özlərini aldadan, ya da doğru olandan uzaqlaşdıran saxta səbəblər tapırlar. Allahın bir başqa ayəsində bildirdiyi kimi, bir ucundan dini yaşayır və Allaha lazımi qaydada qulluq etmirlər. Halbuki, onlar belə səmimiyyətsiz ibadət anlayışı ilə yalnız özlərini aldadırlar. Allah bu vəziyyəti Quranda belə açıqlayır:
İnsanlardan elələri də var ki, inanmadıqları halda: “Allaha və axirət gününə inandıq”, – deyirlər. Onlar, (özlərinə görə guya) Allahı və möminləri aldadırlar. Halbuki yalnız özlərini aldadır və bunu dərk etmirlər. Onların qəlbində xəstəlik vardır. Allah onların xəstəliyini daha da artırmışdır. Yalan söylədiklərinə görə onlar üçün şiddətli bir əzab vardır. (Bəqərə surəsi, 8-10)
Allahın dinində səmimiyyət əsasdır. Əgər bir insan vərdişləri səbəbindən və ya ətrafındakı insanlardan əks reaksiya görməmək üçün bəzi ibadətləri istəmədən yerinə yetirirsə, yuxarıdakı ayədə də bildirildiyi kimi, yalnız özünü aldatmış olur. Allah Quranda istəksiz edilən ibadətlərin qəbul olunmayacağını insanlara belə xəbər verir:
Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız odur ki, onlar Allahı və Peyğəmbərini inkar edərlər, namaza tənbəl-tənbəl gələrlər və mallarını (Allah yolunda) könülsüz xərcləyərlər. (Tövbə surəsi, 54)
Səmimiyyətdən uzaq insanlar Allaha qarşı olan məsuliyyətlərindən qaçmaq, ömrünü dünyəvi həvəslərə sərf etmək üçün bitib-tükənməyən bəhanələr axtarırlar. Gənc yaşlarında, məktəb illərində, iş həyatında, əylənərkən, uşaq sahibi olanda, kədərlənəndə, sevinəndə… hər vəziyyətdə ibadət etmələrinə, Allahın əmrlərinə itaət etmələrinə mane olan süni səbəblər tapırlar. Burada əhəmiyyətli olan məsələ insanların bu səbəbləri qarşıya qoyduqları zaman səmimiyyətsiz olduqlarını başa düşmələridir. Çünki dünyada bir insanın Allahın əmrlərini yerinə yetirməsinə mane ola bilən heç bir səbəb ola bilməz. Əgər insanın belə bir səbəbi varsa, bu, onun səmimiyyətsizliyinin və ya iradəsizliyinin göstəricisidir.
Allahın ona şah damarından yaxın olduğunu, hər şeyi gördüyünü, eşitdiyini, hər kəsin gizlətdiklərini də, aşkar etdiklərini də bildiyini anlayan insan Ona olan qulluğunda əsla səmimiyyətsizlik etməyə cəhd edə bilməz. Bir bəhanə gətirsə, onu qəlbindən keçirərkən və hətta hələ bundan öncə Allahın biləcəyini və ya daxilən könülsüz olduğundan Allahın xəbərdar olacağını çox yaxşı bilir. Belə bir səmimiyyətsizliyə cəhd etmənin əvəzsiz qalmayacağını da düşünüb anlayır. Buna görə də, özünü aldatmanın çıxış yolu olmadığının, əksinə, onu çox böyük itkilərə məruz qoyacağını dərk edər. Belə bir insan heç bir şəraitdə Allahın rizasından uzaqlaşmaz. Çünki Allaha qəti şəkildə iman etdiyi üçün zəifliyi yoxdur. Qeyd-şərtsiz səmimiyyətə malikdir.
Qəlbində xəstəlik olan insanlar isə Allahı açıq şəkildə inkar etməsələr də, imanlarında zəiflik vardır. Yəni inancları müəyyən şərtlərə bağlıdır. Mənfəətlərinə zidd olan anda Quran əxlaqını yaşamaqdan imtina edə bilərlər. Özlərinə asan gələn ibadətləri yerinə yetirərək vicdanlarını rahatlaşdırmağa çalışarlar.
Bu insanlar özlərini açıq şəkildə aldadaraq bunu anlamazlar. Siz də bu insanların Allah qatında düşdüyü səmimiyyətsiz vəziyyətə düşmək istəmirsinizsə, diqqət edin və əsla özünüzü aldatmayın. Əgər bilginiz azdırsa, Rəbbimizi Quranı oxuyaraq tanıya bilərsiniz. Çünki Allah, Özünü qullarına endirdiyi kitabında tanıtmışdır. Beləliklə, Allahın qədrini haqqı ilə təqdir edə bilər, kamil imanlı, səmimi dindar ola bilərsiniz. Amma Allahı və dinini cahiliyyə cəmiyyətinin dünyagörüşü ilə qiymətləndirsəniz, bərpası mümkün olmayan böyük səhvlər edərsiniz.
Unutmayın! Ancaq Allaha qəti şəkildə iman etdiyinizdə və səmimi qulluq etdiyinizdə qurtula bilərsiniz.

