Din əxlaqını tək başına yaşamaq

Uca Rəbbimiz Allaha ürəkdən iman edən hər bir insan Quran əxlaqını tam şəkildə yaşaya bilmək

Uca Rəbbimiz Allaha ürəkdən iman edən hər bir insan Quran əxlaqını tam şəkildə yaşaya bilmək üçün son dərəcə diqqətli hərəkət etməlidir. Həyatının hər anını Qurana uyğun yönləndirməlidir.

Quranda möminlərin bir yerdə olmaları, bir-birlərinə dəstək və kömək etmələri, bir-birlərinə qayğı göstərmələri tez-tez xatırladılır. Ayələrdə belə buyurulur:

Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın! Allahın, sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlbinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz. (Ali İmran surəsi, 103)

Şübhəsiz ki, Allah Öz yolunda möhkəm bir divar kimi cərgə-cərgə düzülüb cəhd edənləri sevər. (Saff surəsi, 4)

Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! … (Kəhf surəsi, 28)

Göründüyü kimi ayədə “gözünü onlardan çevirmə” ifadəsi ilə məlum olur ki, ayrı yaşamaqdan bəhs edilmir və möminlərin birlikdə olduqları zaman belə bir-birlərinə qayğı bəsləmələri vurğulanır. Başqa bir ayədə Peyğəmbərimizin möminlərə qarşı qayğıkeş olmasından bəhs edilir və bu, əsl müsəlmanın nümunə götürməsi vacib olan ruh halıdır. Mövzu ilə bağlı “Tövbə” surəsində belə buyurulur:

Həqiqətən, sizə öz içinizdən elə bir elçi gəlmişdir ki, sizin çətinliyə düşməyiniz ona ağır gələr. O, sizə qarşı qayğıkeşdir, möminlərə qarşı çox şəfqətli və mərhəmətlidir. (Tövbə surəsi, 128)

Bu ayələrdən də anlaşıldığı kimi, tək başına din əxlaqını yaşamaq modeli yoxdur. Odur ki, “mən dini təkbaşına da yaşayaram” deyən hər kəs yanılır.

Yuxarıda qeyd edildiyi kimi, möminlər bir-birlərinə yaxşılığı əmr edib, pis əməllərdən çəkindirməyə, insanları haqqa dəvət etməyə borcludurlar. Aydındır ki, insan bunu təkbaşına edə bilməz.

Üstəlik, islamın təməli sevgi üzərinədir. Allah möminlərin qəlbində digər möminlərə qarşı sevgi bağı yaratmışdır. Mömin əvvəlcə Allahı, sonra Quran əxlaqını yaşayan insanları sevər. Allahın rizası əsasında belə bir sevgi bağı quran, eyni gözəl əxlaqı yaşayan, sonsuza qədər birlikdə olmaq niyyətində olan insanların ayrı qalaraq fərqli işlərlə məşğul olmaları ağlasığmazdır. Belə bir düşüncə insanda həqiqi sevgi və iman əksikliyini göstərir. Halbuki, “Möminlər ancaq qardaşdırlar…” (Hucurat surəsi, 10) ayəsində bildirildiyi kimi, qardaşlar arasında ayrılıq olmaz.

Peyğəmbərimiz möminlərin bir yerdə olmalarını, bir-birləri ilə möhkəm dostluq və sevgi ilə bağlı olmalarını belə bildirmişdir:

Əbu Musa belə nəql etdi: “Möminlə mömin divar kimidirlər, bir-birlərini bərk-bərk tutarlar” və bunu deyərkən barmaqlarını bir-birinə keçirib möhkəm sıxdı. (Səhih Buxari, 2-ci cild, səh. 569)

Ən-Numan ibn Bəşir belə deyir:

“Allahın Peyğəmbəri belə buyurdu: “Bütün möminlər bir-birlərini mərhəmətə, sevgiyə, lütf etməyə və köməkləşməyə sanki bədən üzvləri kimi bir-birlərini xəstə orqanın ağrılarına şərik olmağa dəvət edərlər.” (Səhih Buxari, 13-cü cild, səh. 6005)