Din əxlaqını sonra yaşayaram

Bu gün cahil cəmiyyətin həyat tərzindəki diqqətsizlik, biganəlik psixologiyası bəzi insanların

Bu gün cahil cəmiyyətin həyat tərzindəki diqqətsizlik, biganəlik psixologiyası bəzi insanların din anlayışında da özünü göstərir. Bu səhv anlayışa görə, islam dini qocaların, orta yaşlıların, ara-sıra evlərə gəlib mövlud oxuyan hocaların və ya cümə günləri Yasin oxuyan nənələrin dinidir.

Bu batil anlayış nəticəsində din; insanların ölümə yaxın olduğu vaxtda və ya kədər, sıxıntı anlarında ehtiyac duyduqları rahatlıq, hüzur və təsəlli vasitəsi olduğu düşünülür. Bu səhv məntiqə görə, din əxlaqını gənc yaşda, yəni dünya nemətlərindən bəhrələnə biləcəyi bir zamanda yaşamağa başlamaq məqbul deyil. Əgər insan bütün bunlara nəzərən dinə olan inancını və hörmətini qoruya bilibsə, edəcəyi ən yaxşı əməl onu sonrakı həyatına təxirə salmaq olar.

Şübhəsiz ki, bu, son dərəcə səhv düşüncədir. Quranda bildirilən həqiqi islam yalnız qocalanda tətbiq olunacaq bir din deyil; əksinə, insanların xeyirlə şəri ayırd etməyə başladığı yaşdan etibarən yaşayacaqları gözəllik və qurtuluşdur.

Yaşlılıq, insanların çox vaxt xəstəliklər və fiziki zəifliklər səbəbi ilə bir çox acizliklər yaşadığı dövrdür. Gənclik, Allahın insanlara bəxş etdiyi ən böyük nemətlərdən biridir. İnsanın həm fiziki, həm də zehni olaraq ən yüksək qabiliyyətə sahib olduğu dövrdə Allahı unutmaq, ən böyük nankorluqdan biridir. Allahın Quranda vacib buyurduğu, yaxşılığı əmr edib pislikdən çəkindirmək, islam əxlaqını insanlara izah etmək, Allahın şəninə təriflər demək kimi çox mühüm hökmləri gənc, güclü və sağlam ikən yerinə yetirməyən bir insan qocalıqda bunları necə edə bilər?

Allah Quranın müxtəlif yerlərində iman edən və Ona bağlı olan gənclərdən tərifləyərək bəhs edir:

Bir vaxt gənclər mağaraya sığınaraq: “Ey Rəbbimiz! Bizə Öz dərgahından mərhəmət bəxş et və bizə bu vəziyyətdən çıxış yolu göstər!” – demişdilər. Beləliklə, mağarada illərlə onların qulaqlarına vurduq. Sonra da iki qrupdan hansının, (yuxulayıb) qaldıqları müddəti daha düzgün hesablayacağını bilmək (görmək) üçün onları oyandırdıq. Biz onların xəbərini sənə olduğu kimi danışırıq. Həqiqətən, onlar Rəbbinə iman etmiş gənclər idi. Biz də onların hidayətini artırdıq. Onların qəlbinə qüvvət (cəsarət) verdik. Bu zaman onlar (hökmdarın qarşısında) ayağa qalxaraq belə demişdilər: “Bizim Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz Ondan başqa heç bir ilaha dua etmərik! Yoxsa, haqdan uzaq bir şey söyləmiş olarıq. (Kəhf surəsi, 10-14)

Hz. Musanın dövründə qövmünün bəzi “gənclərindən” başqa heç kəs ona inanmadı:

Firon və qövmünün işgəncə verməsindən qorxduqları üçün öz qövmündən Musaya yalnız gənc bir dəstə iman etdi. Çünki Firon həqiqətən, o yerin hökmdarı və həddi aşanlardan idi. (Yunis surəsi, 83)

Quranda adı keçən peyğəmbərlərin çoxu gənc yaşlarında bu mühüm məsuliyyəti öz üzərinə götürmüşlər. Hz. İbrahim də bu mübarək insanlardan biri idi. Hələ gənc ikən müxtəlif bütlərə ibadət edən və Allaha şərik qoşan qövmü ilə fikri mübarizəyə başlamış və insanlar arasında tanınmışdır. İş o yerə çatdı ki, qövmünün lider inkarçıları: “İbrahim deyilən bir gəncin onları (bütləri) ələ saldığını eşitmişdik”, – dedilər.” (Ənbiya surəsi, 60).

Qurana görə insan əqli cəhətdən yetkinləşib şüuru açıldığı andan etibarən Quran əxlaqını yaşamaqda məsuliyyət daşıyır. Gənc ikən “gələcəkdə dini yaşayaram” deyərək din əxlaqından uzaq həyat sürməyə razı olan insanın beş dəqiqə sonra yaşayacağına zəmanət yoxdur. Allah bu mövzu ilə bağlı belə buyurur:

Həqiqətən, qiyamət haqqındakı məlumat Allah yanındadır. Yağışı O yağdırır. Bətnlərdə olanı da O bilir. Heç kim sabah nə qazanacağını bilə bilməz. Heç kim harada öləcəyini də bilə bilməz. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır. (Loğman surəsi, 34)

Yoxsa o məmləkətlərin əhalisi, əzabımızın onlara gecə yatarkən gəlməyəcəyindən əmin idilərmi?! Yaxud o məmləkətlərin əhalisi, əzabımızın onlara gündüz əylənərkən gəlməyəcəyindən əmin idilərmi?! Yoxsa onlar Allahın məkrindən (əzabından) əmin idilərmi?! Ziyana uğrayan qövmdən başqası Allahın məkrindən əmin ola bilməz. (Əraf surəsi, 97-99)

Gənc, güclü və sağlam ikən Allahın dəvətinə cavab verməyənlərin axirətdəki aqibəti Quranda belə bildirilir:

O gün işlər çətinləşər və onlar səcdə etməyə dəvət olunarlar, lakin onların buna gücü çatmaz. Gözləri yerə zillənmiş bir vəziyyətdə onları zillət bürüyər. Halbuki onlar sağlam ikən səcdə etməyə dəvət olunurdular. (Qələm surəsi, 42-43)

İnsanlar arasında “gənc ikən həyatımı yaşayım, ölməmişdən əvvəl tövbə edərəm, heç bir günahım qalmaz” kimi batil inanc da vardır. Ümumiyyətlə cəhalətdən və din əxlaqından uzaq həyatdan qaynaqlanan belə bir batil zehniyyət Allaha qarşı böyük səmimiyyətsizlikdir.

Çünki bu sözün əsl mənası belədir: “İndi mən hər cür günaha girərəm, hər cür pislik edərəm və istədiyim kimi Allahın hədlərini istədiyim kimi pozaram. Daha sonra, ömrümün sonuna yaxın tövbə edib axirətimi xilas edərəm”. Halbuki, “qəlbdə gizli olanı bilən” Allah, belə bir qeyri-səmimi zehniyyətin uğur qazanmayacağını və bu cür tövbənin də keçərli olmayacağını xəbər vermişdir:

Yoxsa günah işlər görməyə davam edib və nəhayət ölümü çatdığı zaman: “Mən indi tövbə etdim”, – deyən kimsələrin və inkar edən olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Onlar üçün şiddətli bir əzab hazırlamışıq. (Nisa surəsi, 18)

Bu ağılsız düşüncəyə sahib olan insan Allahı layiqincə təqdir edə bilmədiyi üçün Allahın onu tövbə edərək bağışlayacağını və cənnətə aparacağını düşünür. Gündəlik həyatında etdiyi kiçik işlərlə Uca Rəbbimiz olan Allahı aldada biləcəyini düşünür (Allahı tənzih edirik). Ancaq axırda aldanan və məyus olan əlbəttə ki, özü olacaq. Ölüm onu gözlənilməyən bir anda yaxalayar və geriyə dönüş olmaz. Amma buna baxmayaraq, həyatında sahib olduğu hiyləgər zehniyyəti özü ilə daşıyar. Bu təkəbbürlü, lakin ümidsiz çırpınma Quranda belə bildirilir:

Kaş günahkarlar Rəbbinin hüzurunda başlarını aşağı salıb: “Ey Rəbbimiz! Gördük və eşitdik. Elə isə, bizi (dünyaya) geri qaytar ki, yaxşı işlər görək. Biz yəqinliklə iman etdik”, – deyərkən onları görəydin. Əgər Biz istəsəydik, əlbəttə, hər kəsə hidayət verərdik. Lakin “Cəhənnəmi bütövlüklə cinlər və insanlarla dolduracağam!” sözü Mənim tərəfimdən qərara alınmışdır. (O gün onlara belə deyiləcəkdir:) “Bu gününüzlə qarşılaşacağınızı unutduğunuza görə dadın əzabı! Şübhəsiz, biz də sizi unutduq. Etdiyiniz əməllərə görə dadın əbədi əzabı! (Səcdə surəsi, 12-14)

Nəhayət, onlardan (müşriklərdən) birinə ölüm gəlib çatdığı zaman belə deyər: “Ey Rəbbim! Məni (dünyaya) geri qaytar! Ola bilsin ki, tərk etdiyim o yerdə yaxşı bir iş görüm”. Xeyr, onun dediyi boş bir sözdür. Onların qarşısında (yuxudan) oyanacaqları günə qədər maneə vardır. (Muminun surəsi, 99-100)

Allah iman edənlərin geri dönüşü olmayan belə bir vəziyyətə düşməmələri üçün necə davranmalı olduqlarını müxtəlif ayələrində bu cür açıqlayır:

Sizdən birinizin ölümü gəlib çatmazdan əvvəl sizə verdiyimiz ruzidən infaq edin ki, sonra o: “Ey Rəbbim! Kaş yaxın bir vaxta qədər məni (ölümümü) təxirə salaydın. Beləcə, mən də sədəqə verər və salehlərdən olardım!” – deməsin. Allah əcəli çatan heç kimin ölümünü təxirə salmaz. Allah sizin etdiklərinizdən xəbərdardır. (Münafiqun surəsi, 10-11)

Ey iman edənlər. Allahdan layiqincə qorxun və yalnız müsəlman olaraq can verin! (Ali İmran surəsi, 102)

Ey iman edənlər, Allahdan qorxun! Hər kəs sabah (axirət) üçün nə hazırladığına baxsın! Allahdan qorxun! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır. (Həşr surəsi, 18)

Diqqət yetirsəniz, bu zehniyyət Allahı tamamilə inkar etmir, “Allahı lazım olduğu kimi qiymətləndirə bilməmək” və nəticədə “Allahdan lazım olduğu kimi qorxmamaq və ondan çəkinməmək” üzərində qurulub. Allahın varlığını qəbul etmək, Onun sonsuz qüdrətini və ağılını, elmini, hökmranlığını və hər an hər şeyə hakim olduğunu bilmək, Onun əzabına qarşı heç kimin zəmanəti olmadığını bilmək, Ondan gücü çatdığı qədər qorxub çəkinmək tamamilə fərqli şeylərdir. Şeytan da Allahın varlığına tam əmindir. Lakin o, üsyankar olma qəflətinə düşmüşdür. Quranda Allahın varlığını qəbul edən, lakin Onu layiqincə təqdir etməyən və asi olan insanlardan belə bəhs edilir:

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqların və gözlərin sahibi kimdir? Ölüdən dirini, diridən də ölünü çıxardan kimdir? Hər cür işi nizamlayan kimdir?” Onlar: “Allah!” – deyə cavab verəcəklər. O zaman de ki: “Elə isə Allahdan çəkinmirsinizmi?! O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Haqq ortadan qalxdıqdan sonra zəlalətdən başqa nə qalar?! Bəs necə olur ki, (haqdan) döndərilirsiniz? Beləcə, Rəbbinin fasiqlər haqqındakı “Onlar iman etməzlər!” sözü gerçək oldu. (Yunis surəsi, 31-33)

Əgər onlara özlərini kim yaratdı deyə sual versən, əlbəttə: “Allah!” – deyəcəklər. Bəs necə olub (haqq yoldan) döndərilirlər?! (Zuxruf surəsi, 87)