Din əxlaqı asandır

Cahil cəmiyyətdə dinə adət-ənənələr, yanlış inanclar və daha bir çox kənar ünsürlər təsir

Cahil cəmiyyətdə dinə adət-ənənələr, yanlış inanclar və daha bir çox kənar ünsürlər təsir etmiş və nəticədə ortaya çox çətin, sapqın və yanlış bir model çıxmışdır. Buna dinə qarşı mübarizə aparan inkarçıların hədəfi olan təbliğatları da əlavə etdikdə bir çox insan İslamı çox çətin, tətbiq etdikdə insanı çətinliyə salacaq din kimi təsəvvür edir.

Ancaq bu, bir aldanma və səhvdir. İnsanı yaradan Allahdır və “Məgər yaradan bilməzmi? O, incəliyinə qədər biləndir; xəbərdardır” (Mülk surəsi, 14) ayəsində də vurğulandığı kimi, yaratdığı bəndəni ən yaxşı tanıyan, onun istək və ehtiyaclarını ən yaxşı bilən Odur. İnsanlar üçün müəyyən etdiyi dini də onlara ən uyğun şəkildə vermişdir. Məqsəd insanları üzmək yox, onların ruhuna ən uyğun olan sistem içində Rəbbini tanıması, Ona qulluq etməsi, həqiqi qurtuluş və xoşbəxtliyə çatmasıdır. Bir ayədə Allah belə buyurur:

Allah yolunda layiqincə cihad edin! O sizi seçdi və atanız İbrahimin dinindəki kimi, din barəsində sizə də heç bir çətinlik vermədi. Peyğəmbərin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün O, həm daha əvvəl (gələn kitablarda), həm də bunda (Quranda) sizi “müsəlmanlar” adlandırdı. Elə isə namazı qılın, zəkatı verin və Allaha sarılın (güvənin)! O, sizin mövlanızdır (himayədarınızdır). O nə gözəl mövla və nə gözəl yardımçıdır! (Həcc surəsi, 78)

Bir başqa ayədə isə belə deyilir:

Biz Quranı sənə əziyyət çəkəsən deyə nazil etmədik! Məhz (Allahdan) qorxanlara nəsihət olsun deyə (nazil etdik). (Taha surəsi, 2-3)

İslamın məqsədi insanları asan və rahat olana dəvət etmək və insanları ən çox rahat edəcəkləri həyatla təmin etməkdir. Bu, Allahın rəhmətindəndir. Quranda belə deyilir:

Allah sizin yükünüzü yüngülləşdirmək istəyir. Axı, insan zəif olaraq yaradılmışdır. (Nisa surəsi, 28)

Bu həqiqət təbliğ edilən insana mütləq geniş şəkildə izah edilməlidir. Beləliklə, dindən uzaq durmaq üçün nəfsin gətirdiyi ən böyük bəhanələrdən biri yox edilmiş olur. Dinin asanlığını insana açıqlayarkən onun xurafatçıların öyrəndiyi din modelinin yanlışlıqları da göz önünə gətirilməli, İslamın bir parçası bildiyi xurafatlar onun beynindən silinməlidir.