Tarix boyu milyardlarla insan doğulmuş, yaşamış və ölmüşdür. Bu insanların arasından ancaq çox az bir hissəsi həyatın həqiqi məqsədini başa düşməyə çalışmışdır. Böyük bir hissəsi isə özlərini zamanın axışına buraxmış və müəyyən ehtiyaclarını ödəmək, nəfslərinin müxtəlif istək və ehtiraslarını təmin etməkdən başqa bir məqsəd güdmədən ömürlərini sona çatdırmışlar. Bu şüursuz və məsuliyyətsiz təbəqə hər dövrdə insan cəmiyyətlərinin böyük bir topluluğunu meydana gətirmişdir. Hər gələn yeni nəsil də bəzi istisnalar olmaqla çoxluğun getdiyi bu yola tabe olmuş, çoxluğun doğrularını, məqsədlərini və dəyərlərini mənimsəmiş, bunları özlərindən sonrakılara miras buraxmışdır. Bu ənənə bu gün də eynilə davam edir.
Məhz insanlar, əllərinə bir daha keçməyəcəyini düşündükləri bu fürsəti atalarından miras aldıqları həyat tərzi və davranış formalarını eynilə tətbiq edərək dəyərləndirərlər. Özlərinə verilən ömür müddətini dünyadakı zövqlərin arxasınca gedərək, ölümü tamamilə unudaraq, dünyaya istiqamətli planlar quraraq və heç bir qayda-qanuna tabe olmadan keçirərlər. Dünyanın harasında və hansı dövrdə yaşayırlarsa yaşasınlar, hansı mədəniyyətə, hansı irqə mənsub olurlarsa olsunlar bu vəziyyət dəyişməz. Olduqları cəmiyyətdə nüfuzlu bir mövqeyə gəlmək, yaxşı təhsil almaq, zəngin olub rifah içində həyat sürmək, xoşbəxt ailə qurmaq, müxtəlif məqam və vəzifələrə çatmaq və bunlar kimi saysız-hesabsız irili-xırdalı məqsədlərə çata bilmək üçün çalışırlar.
Bu məqsədlər daha yüzlərlə maddə halında qeyd oluna bilər. Lakin həqiqət budur ki, bütün bu insanlar dünyaya gəlmələrinin tək və ən əhəmiyyətli məqsədini unudarlar. Və bu məqsəd üçün özlərinə verilmiş və bir daha qaytarılma imkanı olmayacaq yeganə ömür müddətini boşa keçirərlər. Bu məqsəd, Allaha xidmət etməkdir. Quranda bu məqsəd belə bildirilir:
Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım. (Zəriyət surəsi, 56)
I … Allaha necə ibadət etməyimizi bizə yenə haqq din öyrədir. Allaha qul olmaq, Onun varlığını və birliyini qəbul etmək, Rəbbimizi lazım olduğu kimi tanıyıb təqdir etmək, Allahdan başqa ilah qəbul etməmək və bütün həyatını Onun istədiyi şəkildə keçirmək deməkdir. Quranda bizə Allahın insanlar üçün bəyəndiyi əxlaq və həyat tərzi də təfərrüatlı olaraq təsvir edilir. İnsanlar bu modeli tətbiq etməyə dəvət edilərlər.
Artıq bu məqsədə uyğun, Allahın razı olduğu şəkildə ömür sürən insan, dünyadakı həyatı üçün də, ölümündən sonrakı həyatı üçün də müjdələnmişdir. Lakin bu məqsəddən azan, boş məqsədlər arxasınca düşən və Allahın istədiyi şəkildə davranıb yaşamayan, Ona layiqincə qul olmayan kimsəni də pis bir aqibət gözləyir. Bütün bunlar bizə yenə Quranla xəbər verilir.
Sonsuz həyatını təyin edəcək meyar insanın dünya həyatını necə keçirdiyidir. Öldükdən sonra bir daha səhvlərini düzəltmə imkanı yoxdur. Bu baxımdan sanki dünyaya təsadüfən gəlmiş, özbaşına buraxılmış və etdiklərindən ötrü haqq-hesaba çəkilməyəcəkmiş kimi bir məntiqlə hərəkət etmək, insanın öz gələcəyi üçün çox böyük itki olacaq. Yaradılış məqsədini unudaraq məsuliyyətsizcə həyat yaşayan və bunun nəticəsindən də narahatlıq hissi keçirməyən bu cür kəslər haqqında ayədə belə deyir:
Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz heç vaxt Bizə qaytarılmayacaqsınız?” (Muminun surəsi, 115)
Yaradılış məqsədlərini unudan bu kəslər əslində bu məqsəddən xəbərsiz deyildirlər. Allah kitabları və elçiləri vasitəsi ilə onları bu həqiqətlə xəbərdar etmiş və onlara doğru yolu göstərmişdir. Onlara bir ömür boyu da öyüd-nəsihət almaları üçün müddət vermişdir. Artıq özlərinə verilmiş bu qədər fürsəti görməzlikdən gəlib, yalnız nəfslərinin istək və ehtiraslarını təmin etməyi qarşılarına məqsəd qoyaraq, həqiqi məqsədlərindən azanların isə əbədi sürəcək peşmançılıqları özlərinə fayda verməyəcək.

