Namaz ibadəti, başda peyğəmbərlər olmaqla bütün iman edənlərə vacib edilmiş bir ibadətdir. Tarix boyu bəşəriyyətə göndərilən peyğəmbərlər Allahın vacib etdiyi bu ibadəti öz qövmlərinə təbliğ etmiş və özləri də bu ibadəti həyatları boyu ən yaxşı və ən doğru şəkildə yerinə yetirərək bütün möminlər üçün nümunə olmuşlar. Quranda, peyğəmbərlərə namaz qılmalarının əmr edilməsi, onların bu ibadətə verdikləri əhəmiyyət, bu ibadəti yerinə yetirməkdə və qorumaqda göstərdikləri qətiyyət, qövmlərinə namaz qılmağı əmr etmələri ilə əlaqədar bir çox ayə yer alır. Bu ayələrdən bəzi nümunələr belədir:
– Hz. İbrahim üçün
Ey Rəbbim, məni və nəslimdən gələnləri namaz qılanlardan et! Ey Rəbbimiz, duamı qəbul et! (İbrahim surəsi, 40)
– Hz. İsmayıl üçün
Kitabda İsmaili də an! Həqiqətən, o, sözünə sadiq idi. O, həm rəsul, həm də nəbi idi. O, öz xalqına namaz qılmağı və zəkat verməyi əmr edirdi. Həmçinin o, Rəbbinin rizasına nail olmuşdu. (Məryəm surəsi, 54-55)
– Hz. Musa üçün
Şübhəsiz, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Ona görə də Mənə ibadət et və Məni anmaq üçün namaz qıl! (Taha surəsi, 14)
Mömin qadınlara nümunə olaraq göstərilən hz. Məryəmə də namaz qılması əmr edilmişdir
Ey Məryəm, Rəbbinə itaət et, səcdəyə qapan və rüku edənlərlə birlikdə rüku et!” (Ali İmran surəsi, 43)
Allahın sözü olan hz. İsa da eyni əmri almışdır
(Körpə) dedi: “Həqiqətən, mən Allahın bəndəsiyəm. O mənə Kitabı (İncili) verdi və məni elçi etdi. Harada oluramsa olum, məni mübarək etdi və mənə yaşadığım müddətdə namaz qılıb zəkat verməyi əmr etdi. (Məryəm surəsi, 30-31)

