Namaz ibadəti, başda peyğəmbərlər olmaq üzrə bütün iman edənlərə fərz qılınmış bir ibadətdir. Tarix boyunca insanlara göndərilmiş olan peyğəmbərlər qövmlərinə Allahın fərz buyurduğu bu ibadəti təbliğ etmişlər, özləri də həyatları boyunca bu ibadəti ən gözəl və ən doğru şəkildə tətbiq edərək bütün möminlərə nümunə olmuşlar. Quranda, peyğəmbərlərə namaz qılmalarının əmr edilməsi, onların bu ibadətə verdikləri əhəmiyyət, bu ibadəti yerinə yetirməkdə və qorumaqda göstərdikləri qətiyyət, qövmlərinə namaz qılmağı əmr etmələri ilə əlaqədar bir çox ayə yer alır. Bu ayələrdən bəzi nümunələr belədir:
– Hz. İbrahim üçün: Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə! (İbrahim surəsi, 40)
– Hz. İsmayıl üçün: Kitabda İsmayılı da xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O, bir elçi və peyğəmbər idi. O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (Məryəm surəsi, 54-55)
– Hz. Musa üçün: Həqiqətən, Mən Allaham, Məndən başqa heç bir tanrı yoxdur; Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl. (Taha surəsi, 14)
Mömin qadınlara nümunə olaraq göstərilən hz. Məryəmə də namaz qılması əmr edilmişdir: Məryəm, öz Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get.(Ali İmran surəsi, 43)
Allahın sözü olan hz. İsa da eyni əmri almışdır: Körpə dil açıb dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. (Məryəm surəsi, 30-31)

