Bu həyatı ciddi qəbul edən nə qədər də çox insan var ətrafımızda. Malı yığıb saxlayır, nəfslərinin əylənməsini hər şeydən önəmli görürlər. İstəyirlər ki, bütün dünya onların olsun, sərhədsiz istəkləri bir-bir yerinə yetirilsin. Ehtiras və eqoistlik gözlərini sanki kor edib. İman gətirməyən bu insanlar dünyaya qapılıb elə bir həyat yaşayırlar ki, təsvir etmək mümkün deyil. Çox bəsit zövqlərlə, bir neçə boşqab yemək, geyindikləri bir neçə geyimlə xoşbəxt olurlar. Bankdakı pulları, yaxşı məktəblərdə oxutdurduqları uşaqları, bəzədikləri evləri ilə öyünürlər. Yığdıqca yığır, amma bu dünyadan sonra bir hesab günü olduğunu və bu hesab günündən heç kimin qaçışı olmadığını əsla düşünmürlər:
Dünya həyatı kafirlər üçün zinətlənmişdir. Onlar (bununla da) iman gətirənlərə istehza edərlər. Halbuki müttəqilər qiyamət günündə onlardan üstündürlər. Allah istədiyi kəsə saysız-hesabsız ruzi verər. (Bəqərə surəsi, 212)
İman gətirməyənlər gözlərini qaldırıb göyə baxmır, bütün bu kainatı kim yaradıb deyə düşünmür, niyə bu dünyaya göz açdıqlarını anlamır, bomboş həyatın içində boğulurlar. Dünya sanki bir bataqlıq kimi onları özünə çəkir. İman nədir bilmədən, imanın qəlbə verdiyi zənginliyi, hüzuru, gözəlliyi dadmadan bu dünyadan köçüb gedirlər. Allaha güvənməyin ən böyük sərvət olduğunu, iman və təqvanın həm bu dünyada, həm də sonsuz həyatımızda əsl xoşbəxtliyin açarı olduğunu bilmirlər…
Qəlbi imanla isinməmiş milyonlarla insan və imanla dolu olan möminlər eyni dünyada yaşayır kimi görünsələr də, əslində tamamilə başqa dünyada yaşayırlar. Eyni yerlərdə, eyni məkanlarda gəzir, eyni hadisələrə şahid olur, müxtəlif hadisələrlə imtahan olunurlar. Lakin verdikləri reaksiya, söylədikləri sözlər, qəlblərindəki hisslər tamamilə fərqlidir. Bir tərəf dərin imanın ləzzətini və komfortunu yaşayarkən, digər tərəf imansızlığın bərəkətsizliyini yaşayır. Bir tərəf sevinc içində yaşayarkən, digər tərəf kədərin içində boğulur. İman gətirməyən insan dərin imanın bənzərsiz rahatlığını, təvəkkülün hüzurunu həyatının heç bir dövründə əldə edə bilmir.
Dərin imana qovuşmuş bir mömin üçün artıq bu dünyada mükəmməl bir həyat başlayır. Bu böyük nemətə qovuşmuş möminin qəlbi hər an Allah ilə birlikdədir. Düşüncələrində Allah, sözlərində ancaq Allah var. Bənzəri olmayan təvəkkül, böyük səbir sahibidir. Bütün diqqəti Allahın üzərindədir. Hadisələrin içində yaşamaz, hadisələrə özünü verməz, dünya həyatı onu içinə çəkməz. Belə bir güclü imana qovuşmuş mömin bütün hadisələrin Allahın nəzarətində olduğunu bilir. Bütün gözlərdən Allah baxır, bütün sözləri Allah söyləyir. Bütün hadisələri Allah yönləndirir. Bunu çox yaxşı bilən kamil iman sahibi Allaha qarşı sərhədsiz güvənir və təslim olmuşdur. Hər nə yaşayırsa yaşasın, Quran əxlaqından əsla güzəştə getmir, həmişə Allaha yönəlib dönür və hər hadisədə xeyir və hikmət olduğunu bilir.
Kamil imanı əldə etmiş bir mömini heç kim məğlub edə bilməz, yolundan döndərə bilməz, kədərə və vəsvəsəyə sala bilməz. Çünki dərin iman ruha böyük güc verir. Bu mömin hansı imtahanla qarşılaşsa da, əyilməz, Allaha olan hüsn-ü zənnini əsla tərk etməz. Allahı o qədər dərin, tərtəmiz və güclü bir sevgi ilə sevər ki, Allahın sevgisini bir an belə itirməkdən qorxar. Məqsəd bu dünyada yalnızca Onu razı etmək, Onun sevdiyi bəndə olmaqdır. Bütün dünya üzərinə də gəlsə, ən çətin imtahanlardan da keçsə, əbədi sevgilisini, Rəbbini əsla tərk etməz.
İnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olacağını bilərdilər. (Bəqərə surəsi, 165)
Hz. İbrahim oda atılarkən, hz. İsanı münafiqlər tutmağa çalışarkən, hz. Musa Fironun qarşısında, peyğəmbərimiz hz. Məhəmməd müşriklərin hücumları qarşısında, hz. Nuh bütün qövm onu lağa qoyan zaman, təkbaşına gəmini inşa edərkən çox güclü idi. Hz. Yusif haqsız yerə illərlə zindanda tutularkən çox güclü idi. Allahın bu sevimli qulları şübhəsiz ki, bu güclərini dərin imanından alırdılar. Bütün qövm qarşılarına çıxsa da, heç vaxt qorxmur, Allahın daima yanlarında olduğunu çox yaxşı bilirdilər. Bütün kainatı yaradan Allahı dost tutan bir Peyğəmbəri kim yolundan döndərə bilərdi, yalnızca Rəbbinə güvənən bir Peyğəmbərə kim əngəl ola bilərdi?
Mömin üçün bu dünyada əsas məqsəd bu saleh peyğəmbərlərin qəlbinə verilən dərin imanı əldə etmək olmalıdır. Mömin gecə-gündüz demədən belə bir güclü imana qovuşmaq üçün cəhd etməlidir. Hər keçən gün bir öncəki ilə eyni olmamalıdır. Mömin səthi iman gətirməkdən Allaha sığınmalıdır. Kamil imanda kədərlənmək, üzüntü, sıxıntı yoxdur. Ancaq hüzur, təvəkkül, sevinc və taleyə təslimiyyət var. Üzünü hara çevirsə də Rəbbinin gözəl üzünü görmək var. Nə yaşayırsa yaşasın, xeyir və gözəlliyi fərq etmək var. Aram tapmış nəfsə, Quranla qidalanmış ruha və dərin eşqlə atan qəlbə sahib olmaq var…
“Ey rahatlıq tapan nəfs (insan)! Sən Rəbbindən, Rəbbin də səndən razı qalmış halda Ona dön! Beləcə, (yaxşı) bəndələrimin arasına daxil ol, Və cənnətimə gir!” (Fəcr surəsi, 27-30)

