Bir mövzu üzərində düşünərkən insanın diqqəti başqa şeylərə yönələ bilər. Mühüm bir məsələ haqqında düşünərkən insan birdən-birə özünü ertəsi gün görəcəyi əhəmiyyətsiz bir işi və ya əlində tutduğu qələmi düşünərkən tapa bilər. Fikrin dağılması isə dərinləşməyə mane olar.
Bundan əlavə, insanın hər hansı bir mövzu haqqında kifayət qədər məlumatı olmadıqda, onun düşünmə qabiliyyəti müəyyən bir həddə qədər inkişaf edə bilər. Lakin bu da dərin düşünməyə mane olacaq bir səbəb deyildir. İnsan necə və hansı istiqamətdə düşünəcəyini bilərsə, həmin sahədə özünü inkişaf etdirə və lazım gəldikdə məlumatını da artıra bilər.
Ancaq düşünməyə mane olan ən mühüm amillərdən biri, şübhəsiz ki, ülfət, yəni hadisələrə vərdiş pəncərəsindən baxmaqdır. Ətrafında baş verən hadisələri dünyaya gəldiyi andan etibarən daim görən insan, əgər ətraflı düşünməzsə, bunların hamısını adi qəbul edə bilər. Məsələn, canlılardakı fövqəladə yaradılışı görə bilməz. Həmişə görməyə alışdığı üçün qarışqanın öz ağırlığından 200–300 dəfə ağır bir cismi asanlıqla metrlərlə uzağa daşıdığını, bunun son dərəcə mühüm bir xüsusiyyət olduğunu və qarışqaya belə çətin bir işi yerinə yetirə biləcək fiziki mexanizmi kimin verdiyini heç düşünməz. Özünün isə bunu heç bir şəkildə edə bilməyəcəyini ağlına belə gətirməz. Yaxud bir quşun qanadının quruluşundakı bütün incəlikləri və bu qanad mexanizminin son dərəcə xüsusi bir yaradılış tələb etdiyini dərk etməz. Halbuki dərin düşünə bilən bir insan təkcə bir lələyi əlinə alıb onu diqqətlə araşdıraraq çox mühüm nəticələrə gələ bilər. Lələyin düzülüşündən onu təşkil edən maddənin möhkəmliyinə qədər çoxlu mühüm, lakin üzərində düşünülməyən təfərrüatları özü müşahidə edərək aşkar edə bilər. Tək bir lələyə baxaraq onun üzərindəki yaradılış dəlillərini müəyyən edə bilər.
Lakin qeyd etmək lazımdır ki, insanın ülfətdən uzaq şəkildə düşünə bilməsi üçün mütləq çox geniş biliyə malik olması lazım deyildir. Sadəcə olaraq ətrafındakı canlılara, göy üzünə və hətta öz bədəninə diqqətlə baxması kifayət edər. Allah bu məsələyə Qaf surəsində belə bir nümunə ilə diqqət çəkir:
Onlar başları üstündəki səmaya baxmadılarmı ki, Biz onu necə inşa edib bəzəmişik?! Onda heç bir yarıq (qüsur) yoxdur. Yer üzünü döşəyib orada sabit dağlar yerləşdirdik və hər növ gözəl bitki bitirdik. Bunları Allaha yönələn hər bir bəndə üçün ibrət və öyüd-nəsihət olsun deyə yaratdıq. Göydən bərəkətli su endirdik və onun vasitəsilə bağlar və biçilən dənələr (əkinlər) bitirdik. Həmçinin salxım-salxım tumurcuqları olan hündür xurma ağacları bitirdik. Bəndələrə ruzi olsun deyə! Biz o su ilə ölü bir məmləkətə can verdik. Yenidən dirilmə də belə olacaqdır. (Qaf surəsi, 6-11)

