Dəmir dünyada geniş yayılmış üçüncü elementdir və yer qabığının 5%-ni təşkil edir. Dəmir Yerdə bu qədər çox olmasına baxmayaraq, Yerdən kənarda əmələ gəlmişdir. Müasir astronomik tədqiqatlar Yerdəki dəmirin kosmosdakı nəhəng ulduzlardan gəldiyini aşkar etmişdir.
“Hədid” surəsinin 25-ci ayəsində dəmir haqqındakı “ənzəlna”, yəni “nazil etmək, endirmək” sözü məcazi mənada insanların xidmətinə verilmə mənasında ola bilər. Lakin sözün yağış və günəş şüaları ilə bağlı “göydən endirmə” şəklindəki həqiqi mənasını nəzərə aldıqda ayənin yuxarıda izah etdiyimiz mühüm elmi həqiqətə işarə etdiyini görürük.
Ancaq təkcə Yerdəki deyil, bütün Günəş sistemindəki dəmir kosmosdan gəlmişdir. Çünki Günəşin temperaturu dəmirin əmələ gəlməsi üçün kifayət deyil. Günəşin səthində 6.000 dərəcə C, nüvəsində isə 20 milyon dərəcə C temperatur var. Dəmir ancaq Günəşdən çox böyük olan ulduzlarda, bir neçə yüz milyon dərəcəyə çatan temperaturlarda əmələ gəlir. Nova və ya Supernova adlandırılan bu ulduzlardakı dəmirin miqdarı müəyyən ölçünü keçdikdə, ulduz bunu daşıya bilmir və partlayır. Bu partlayışlar nəticəsində dəmir kosmosa yayılır.
Bir elmi mənbədə bu haqda belə məlumat verilir:
“Daha yaşlı Supernova partlayışlarını göstərən dəlillər var: dənizin dibində toplanmış dəmir-60 təqribən 5 milyon il əvvəl Günəşdən 90 işıq ili uzaqda əmələ gələn Supernova partlayışının nəticəsidir. Supernova partlayışında əmələ gələn dəmir-60 1.5 milyon il ömrü olan radioaktiv izotopdur. Yerin daxili təbəqələrindəki dəmir-60 izotopu kosmosdakı elementlərin nukleosintez keçirərək əvvəlcə atmosferə, oradan da yerin daxili təbəqələrinə çökməsi nəticəsində əmələ gəlmişdir.”

