İnsanlar arasında geniş yayılmış xüsusiyyətlərdən biri də lazımsız yerə uzadılan və hikməti olmayan söhbətlərdir. Bəzi insanlar gün ərzində, demək olar ki, qarşılaşdıqları hər mövzu haqqında (hər hansı bir məqsəd olmadan) ətraflı analizlər aparmağı və bu mövzular üzərində uzun-uzadı danışmağı sevirlər. Bir neçə cümlə ilə həll edilə bilən mövzunu qəsdən uzadırlar. Bu, xüsusilə, cahiliyyə insanlarında nəzərə çarpan bir vərdişdir. Ancaq cahiliyyə insanlarının dünya həyatına, ölümə, axirətə olan baxışları fərqli olduğu üçün onlar bu vərdişi zərərli görməzlər. Maddi mənfəət əldə etmək, məqam və vəzifə qazanmaq kimi dünyəvi idealları xaricində təqdirəlayiq və dəyərli bir hədəfləri olmaz. Bu səbəbdən, həyatının çox hissəsini başlarını qatmaqla və ya öz sözləri ilə desək, “vaxt öldürməklə” keçirərlər. Başqa sözlə, boş söhbətlərdə iştirak etmək onları narahat etməz. Çünki bu insanların axtardıqları da elə “vaxt keçirməkdir”.
Möminlərin həyatı isə çox fərqlidir. İman gətirən bir insanın həyatının hər anında edəcəyi çox iş vardır. Mömin çox yüksək hədəflərə sahib olan insandır. Müsəlman dünyada özünə verilən məhdud vaxta xeyirli söz, davranış və fəaliyyətin ən çoxunu sığdırmağa çalışar. Yuxu, yemək, fiziki təmizlik kimi zəruri ehtiyaclarına vicdani qənaətinə görə, ən az vaxt sərf edərək, həyatının digər hissəsini Allahın razılığını qazana biləcəyi fəaliyyətlərə ayırar. Buna görə də, möminin boş vaxtı olmaz. Allah Quranda möminin bu mövzudakı ölçüsünün necə olduğunu belə bildirir:
(İşlərini) qurtaran kimi qalx (Allah yolunda) çalış. (Şərh surəsi, 7)
Buna görə də, müsəlman bir mövzudan bəhs edərkən mövzunu ən qısa və ən hikmətli şəkildə həll etməyə çalışar. O mövzu həll edildikdən sonra sırf vaxt keçirmək üçün lazımsız detallarla, məqsədi olmayan izahlarla və ya təkrarlarla məsələni uzatmaz.

