“Nəzakət, incə düşüncə” deyiləndə insanların ağlına müəyyən davranış formaları gəlir. Kiçik yaşlarından etibarən, “nəzakət qaydaları” adlandırılan bütün qaydaları tətbiq edən insanlar, cəmiyyətdə “nəzakətli, kübar, incə düşüncəli” insanlar olaraq tanınırlar.
Ancaq əsl nəzakət ağılla və vicdanla əldə edilir. Ən nəzakətli insan vicdanına tam şəkildə tabe olan insandır. Cəmiyyətdə “nəzakətli və kübar” adlandırılan insanların hərəkətləri isə sadəcə təqliddən ibarətdir. Çünki bu insanlar sadəcə əzbərlənmiş bəzi müəyyən hərəkətləri tətbiq edirlər. Daha əvvəl qarşılaşmadıqları bir hadisə ilə rastlaşdıqlarında nəzakətli davrana bilmirlər. Vicdanlarının ilhamına əsasən nəzakətli davranan insanlar isə bütün hadisələr qarşısında ən gözəl əxlaqı göstərirlər.
Cahil cəmiyyətdə insanlar nəzakət göstərdikləri zaman bunu ətrafdakı insanlara hiss etdirirlər. Çünki düşünürlər ki, ancaq qarşı tərəfə bunu hiss etdirsələr nəzakətli insan olaraq tanınacaqlar. Hətta bəzi insanlar məhz göstəriş üçün nəzakətli davranırlar.
Möminlərin nəzakət anlayışında isə diqqəti cəlb edən çox əhəmiyyətli bir xüsusiyyət var: möminlər o qədər nəzakətli və incə davranırlar ki, ətrafındakı çox insan onların nəzakət göstərdiyini heç hiss etmir. Hadisələrin təbii olaraq bu cür baş verdiyini düşünürlər. Halbuki möminlər bu zaman öz haqlarından keçir, özləri pis vəziyyətdə qalsalar da fədakarlıq edirlər. Amma bunu qarşılarındakı insanlara hiss etdirmirlər. Ətrafa elə göstərirlər ki, guya həqiqətən bu cür davranmaq istəyirlər. Bu şəkildə qarşılarındakı insanları pis vəziyyətdə qoymadan, onlara hiss etdirmədən çox üstün əxlaq nümayiş etdirirlər.
Əlbəttə ki, istəsələr möminlər də bu incə davranışlarını gizlətmək üçün cəhd etməzdilər. Ancaq bu əxlaq şəkli Allahın rizasını qazanmağa daha uyğundur.

