Ayədə dağların yer üzündəki təkanların qarşısını alan xüsusiyyəti xəbər verilir. Quran nazil edildiyi dövrdə heç kimin bilmədiyi bu həqiqət dövrümüzdə müasir geologiyanın kəşfləri nəticəsində üzə çıxmışdır.
Keçmişdə dağların sadəcə yer üzünün səthində qalmış yüksəkliklər olduğunu düşünürdülər. Ancaq elm adamları dağların sadəcə yer üzünün yüksəklikləri olmadığını, dağların kökünün hündürlüklərindən 10-15 dəfə çox yer qabığının dərinliyinə doğru uzandığını aşkar etdilər. Bu xüsusiyyəti ilə dağlar eynilə mismarın və ya dirəyin çadırı yerə möhkəm bağlaması kimi rola malikdir. Zirvəsi yer səthindən təxminən 9 km yüksəkdə olan Comolunqma dağının 125 km-dən artıq kökü var.
Dağlar yer qabığını təşkil edən böyük təbəqələrin hərəkətləri və toqquşmaları nəticəsində meydana gəlir. İki təbəqə toqquşduqda daha möhkəm olan təbəqə digərinin altına girir. Yuxarıda qalan təbəqə isə qıvrılaraq yüksəlir və dağları əmələ gətirir. Altda qalan təbəqə isə yerin altında irəliləyərək aşağıya doğru dərin kök meydana gətirir. Ona görə, daha əvvəl bildirdiyimiz kimi, dağların yer üzündə gördüyümüz gövdəsi qədər yerin altında da dərin kökü var. Bir elmi mənbədə dağların bu quruluşu belə tərif edilir:
“Qitələrin daha qalın olduğu dağlıq ərazilərdə yer qabığı mantiyanın dərinliyinə doğru uzanır.”
Məşhur dəniz geoloqlarından biri olan professor Siaveda isə dağların yerdə kök saldığını belə izah edir:
“Qitələrdəki dağlar və okeanlardakı dağlar arasındakı əsas fərq materialındadır… Lakin hər ikisində də dağları dəstəkləyən kökləri var. Qitələrdəki dağlarda yüngül və sıxlığı az olan maddə yerin içinə doğru kök kimi uzanır. Okeanlardakı dağlarda da dağı kök kimi dəstəkləyən yüngül maddə var… Köklərin funksiyası Arximed qanununa görə dağları dəstəkləmək üçündür.”
Bundan başqa, Amerika Elmlər Akademiyasının keçmiş rəhbəri Frank Pressin dünya səviyyəsində bir çox universitetdə dərslik kimi tədris edilən “Yer” (Earth) adlı kitabında dağların dirək kimi yer üzünə dərinliyə doğru yerləşdiyi ifadə edilir.
Quran ayələrində isə dağlar bu funksiyasına görə dirəyə bənzədilir:
“Məgər Biz yeri döşək etmədikmi?! Dağları da dirək?!” (Nəbə surəsi, 6-7)

