Həqiqi İslamı səhv tanıyanlar, ümumiyyətlə, yuxarıdakı ayədə bəhs edilən cizyə vergisinin yalnız kitab əhlindən alındığını və müsəlman olmayanlara qarşı haqsızlıq edildiyini irəli sürürlər. Ayədə işlənən “öz əlləri ilə cizyə verməyə məcbur oluncaya qədər vuruşun” hökmünə əsasən, iddia edirlər ki, kitab əhli İslama dönmədikdə guya dinimiz onlara qarşı savaş açmağı əmr edir. Halbuki burada ciddi yanlışlıq var.
İlk öncə bunu qeyd etmək lazımdır ki, cizyə bir vergi növüdür. Vergi ödəmək hər ölkə vətəndaşının vəzifə borcudur. Yəni müsəlman ölkəsində yaşayan hər kəs müsəlman olub-olmamağından asılı olmayaraq, vergi ödəməlidir. Müsəlman ölkəsində müsəlmandan vergi alınmayıb kitab əhlindən alınması kimi bir ayrı-seçkilik yoxdur. Vergi vermək hər bir vətəndaşın üzərinə düşən məsuliyyətdir.
Cizyə ilə bağlı mövzuda bizim üçün həmin hökmün tarixdə müsəlman dövlətlərinin necə həyata keçirdiyi əsas deyil. Bizim üçün bu barədə Quranın əmri əsasdır. Yəni müsəlman ölkəsində yaşayan hər hansı bir şəxs dinindən asılı olmayaraq, vergi ödəməlidir. “Tövbə” surəsinin 29-cu ayəsindəki hökmə nəzər salanda qarşımıza bu həqiqət çıxır:
Ayədə bəhs edilən o şəxslər kitab verilənlərdən Allaha və axirət gününə iman gətirməyən, Allahın və Onun Elçisinin haram buyurduğunu haram saymayan və həqiqi dinə etiqad etməyənlər, yəni xristian və musəvilərin arasından çıxıb Allaha və axirət gününə inanmayan, dini və peyğəmbərləri tanımayan inkarçılardır. Daha əvvəl də qeyd etdiyimiz kimi, hər insan iman edib-etməməkdə azaddır. Quran dində məcburiyyəti qadağan etmişdir. Bir müsəlman hər kəsə olduğu kimi, inkarçıya da hörmət etməli, onu qorumalıdır (Tövbə surəsi, 6). Qurana görə, inkarçı birini təqsirkar edən ünsür onun təcavüzkar olması, dindarlara qarşı mübarizə aparması və fitnə çıxarmasıdır.

