Cinlər necə varlıqlardır?

Cinlər insanlar kimi Allaha ibadət etmək üçün yaradılmış, lakin insanlardan fərqli olaraq torpaqdan deyil, oddan yaradılmış və insanlardan fərqli bir aləmdə yaşayan varlıqlardır. (Zəriyət surəsi, 56; Hicr surəsi, 27)

Allah cinlərə də iman etmələri və doğru yolu tapmaları üçün elçilər göndərmişdir. (Ənam surəsi, 130) Onların arasında da insanlar kimi iman edənlər və etməyənlər vardır. Allah cinlərin bu vəziyyətini ayədə belə xəbər verir:

Bizdən müsəlman olanlar da var, haqq yoldan azanlar da. Müsəlman olanlar doğru yolu axtarıb tapanlardır. (Cin surəsi, 14)

Eyni zamanda aralarında insanlarda olduğu kimi peyğəmbərlərə düşmənçilik edənlər də vardır:

Beləcə, hər elçi üçün insan və cin şeytanlarından düşmənlər təyin etdik. … (Ənam surəsi, 112)

Cinlər də insanlar kimi axirətdə etdikləri əməllərin qarşılığını alacaqlar. Allaha iman edən və peyğəmbərlərin xəbərdarlıqlarına tabe olan cinlər mükafatlandırılacaq, onlara haqsızlıq edilməyəcəkdir. İnkar edən cinlər isə inkarçı insanlarla birlikdə cəhənnəmə atılacaqlar. Allah bu qəti həqiqəti Quranda belə bildirir:

And olsun ki, cinlərdən və insanlardan bir çoxunu cəhənnəm üçün yaratdıq. Onların (haqqı) qavramayan qəlbi, (haqqı) görməyən gözləri, (haqqı) eşitməyən qulaqları var. Onlar heyvanlar kimidirlər, hətta daha çox zəlalətdədirlər. Əsil qafillər onlardır. (Əraf surəsi, 179)