Cinlər gələcəkdən xəbər verə bilərlərmi?

Allah Quranda qeybi yalnız Özünün bildiyini və Ondan başqa heç kimin qeybi bilməyə qadir olmadığını bir çox ayədə bildirmişdir. Bu ayələrdən birində belə buyurulur:

De: “Allahdan başqa göylərdə və yerdə olan heç kim qeybi bilə bilməz. Onlar nə zaman dirildiləcəklərini də bilməzlər”. (Nəml surəsi, 65)

Cinlər də Allahın istəyi və bildirməsi istisna olmaqla gələcəklə bağlı heç bir məlumat əldə edə bilməzlər. Quran ayələrində cinlərin qeybdən xəbər almağa çalışdıqları, lakin buna nail ola bilmədikləri və bunu özlərinin də etiraf etdikləri bildirilir. Cin surəsindəki bu ayələr insanların cinlər haqqında formalaşdırdıqları bir çox yanlış təsəvvürləri də aradan qaldırır. Bundan əlavə, Quranda hz. Süleymana xidmət edən cinlərdən də bəhs edilir. Və bu cinlərin hz. Süleymanın vəfatını çox sonradan öyrəndikləri bildirilir. Buna görə də cinlərdən bir fayda əldə etmək ümidi ilə onlara sığınan insanlar çox böyük bir yanılma içində olduqlarını bilməlidirlər. Çünki cinlərin gələcəyə dair məlumat əldə etmələri — Allahın diləməsi istisna olmaqla — mümkün deyildir. Quranda hz. Süleymanın qissəsi ilə də cinlərin qeybə dair bir məlumata malik olmadıqlarına diqqət çəkilmişdir:

Ölümünə hökm etdiyimiz zaman onun öldüyünü ancaq əsasını yeyən bir ağac qurdu onlara göstərdi. O, (Süleyman ölmüş vəziyyətdə) yerə yıxıldıqda aydın oldu ki, əgər cinlər qeybi bilsəydilər, alçaldıcı əzabın içində qalmazdılar. (Səba surəsi, 14)

Cin surəsində cinlərin qeybdən xəbər əldə edə bilmədiklərini göstərən digər ayələr isə belədir:

Biz (cinlər) göyə qalxıb onu yoxladıq, onun güclü gözətçilərlə və yandırıb-yaxan ulduzlarla dolu olduğunu gördük. Biz qulaq asmaq üçün onun (göyün) bəzi yerlərində otururduq. Ancaq indi kim qulaq asmaq istəsə, yandırıb-yaxan bir ulduzun (pusquda) onu gözlədiyini görər. Biz bilmirik ki, bununla yer üzündəkilər üçün şər istənilmiş, yoxsa Rəbbi onlar üçün xeyir istəmişdir. (Cin surəsi, 8-10)