Çinin Şərqi Türküstandaki təzyiqləri

Çinin Şərqi Türküstandakı təzyiqləri

Bölgədə 1 milyona qədər silahlı əsgərini saxlayan Çin Şərqi Türkistanda müsəlmanların atdığı hər addıma nəzarət edir. Yollarda qurulmuş postlarda bütün nəqliyyat vasitələri bir-bir dayandırılıb yoxlanılır və bu vaxt insanlar təhqir olunur, müsəlman qadınlar sataşmaya məruz qalırlar. Çinin təzyiqi yolların tutulması və ya əsgərlərin tez-tez evlərdə axtarış etməsi ilə də məhdud deyil. Yaponiyada nəşr olunan “Mainichi Daily News” qəzeti bu ağır təzyiqi 29 iyun 2000-ci il tarixli nəşrində belə yazmışdır:

“(Şərqi Türkistanda) Çinin yoxlaması günbəgün artır və daha da dözülməz hal alır. Xalqın Qurtuluş Ordusu hər yerdədir. Ünsiyyət qurmaq məhdudlaşdırılıb və polis nəzarətində edilir. Çox az kənddə telefon var və bu xətlərin hamısı dinlənilir. Bir adam sadəcə əsassız bir şübhəyə görə illərlə həbsxanada qala bilər.”

Çinin daxilində olduğu kimi Şərqi Türkistanda da edamlar davam edir. Müsəlmanlar heç bir dəlil olmadan cəzalandırılır, günahsız olsalar belə qətl edilirlər. Çində məhkəmələr demokratik ölkələrdəki kimi müstəqil olaraq işləmir. Çin Kommunist Partiyasının siyasi məqsədləri çərçivəsində hərəkət edir. Buna görə də edama məhkum edilən insanların işlərinə tez baxılır, insanlara özlərini müdafiə etmək üçün kifayət qədər vaxt və imkan verilmir. Təcili alınan edam qərarı çox vaxt insanın ailəsinin xəbərdar edilməsinə belə imkan vermədən həyata keçirilir. Rəsmi rəqəmlərə görə 1997-1999–cu illərdə sadəcə Şərqi Türkistanda 210 müsəlman edam edilmişdir. Həqiqi rəqəmin isə bundan daha çox olduğu düşünülür.