Allah bəyəndiyi və sevdiyi həyat formasını sonsuz yurdumuz olan cənnətdə yaratmışdır. Dolayısilə, cənnətdə Rəbbimizin təriflədiyi və bəyəndiyi həyat bizim üçün ideal həyatdır. Allah cənnətdəki insanların sevinc içində olduqlarını bildirir.
Xurafatçılar saxta hədislər vasitəsilə cənnətdə sevinc içində olan müsəlmanları dünyada həmin sevinci yaşamaqdan məhrum etmək istəyirlər. Hüznlü olmağın həqiqi mənasını bilmirlər. Baş verən hər hansı hadisəyə görə üzülmək “kaş, olmasa idi” deməklə eyni şeydir. Bu isə öz növbəsində (insan bunu qəbul edib-etməsə də) taleyə qarşı üsyandır. Xurafatçılar başa düşməlidirlər ki, qəm-kədəri halala çevirməklə Allahın hökmünə və Allahın yaratdığı taleyə qarşı çıxırlar.
Allahın insana verdiyi ən böyük nemətlərdən biri imandır. İmanlı insan dünyanın bütün nemətlərindən uzaq olsa da, ən böyük çətinliklərlə imtahan olunsa da və baş verənlər əleyhində imiş kimi görünsə də, imanın qəlbində yaratdığı xoşbəxtlik hissi bütün bunların hamısından üstündür. Allah Ona üz tutan insanların qəlbinə rahatlıq, ruhuna da xoşbəxtlik verir. Allaha yönəlməyən insan (bunu təkzib etsə də) həqiqi mənada xoşbəxt ola bilməz. Allah imtahandan dolayı ona dünya nemətlərindən verə bilər. Həmin adamın kənardan nemət və gözəllik içində olduğu görünə bilər. Keçici həvəs və xoşbəxtlik yaşaya bilər. Lakin ruhu daimi xoşbəxtliyi, yəni daxili rahatlığı yaşamaz. Allah Quranın “Rəd” surəsinin 28-ci ayəsində: “Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır”, buyurur. Qəlbin rahatlığı yalnız Allahı yada salmaqla mümkündür.
Dolayısilə, Allaha, həqiqətən, iman edən insan həqiqi mənada xoşbəxtdir. Onsuz da xoşbəxt olmaq insanın fitrətinə ən uyğun olan, insanı sağlam və dinc tutan gizli sirdir. Hüceyrələr xoşbəxt olmaqla sağlam qalır. Bu müsbət təsirin səbəbi fitrətə uyğun olan şeylərin Allahın insanlara nəsihət etdiyi gözəlliklər olmasıdır. Allah gülməyi və sevinməyi gözəllik üçün yaratmışdır. Kədərin isə psixoloji və fiziki yöndən insanı ölümə qədər sürükləyən mənfi təsirləri vardır.

