Quran bizə cənnətin xəyal belə edə bilməyəcəyimiz sonsuz gözəllikdə bir yer olduğunu xəbər verir. Bu səbəbdən ehtişamın, zənginliyin, texnologiyanın, sağlamlığın və s. nemətlərin ən çoxu və sonsuz olanı Allahın izni ilə cənnətdə olacaq. Ayədə bildirildiyi kimi “ …eni göylərlə yer qədər olan…” (Ali İmran surəsi, 133) cənnət dünyaya bənzər yeri, göyü, hətta hədislərdə ifadə edildiyi kimi küçələri, bazarları olan, normal bir yaşam tərzinin hökm sürdüyü, ancaq dünyadan fərqli olaraq ən qüsursuz şəkildə yaradılmış bir yerdir.
İnsanlar reallaşdırmasını istədikləri, ancaq dünya həyatında mümkün olmayan şeyləri bəzən film və ya romanlarda canlandırırlar . Bu cür fikirləri fantastik və ya utopik adlandıraraq həqiqətdən uzaq kimi göstərməyə çalışırlar. Ancaq dünyada bu gözəlliklərin mümkünsüz olduğunu bilərək sadəcə xəyal qurmaq onların ruhunda dərin bir zövq yaşatmır. Əksinə yaşadıqları dünyanın əskikliklərinin fərqinə vararaq həqiqi üzünü görmələrinə, bu da öz sözləri ilə desək, “keflərinin pozulmasına” səbəb olur. Əlbəttə bu ruh halı iman etməyən insanlara aiddir.
Axirətin varlığına yəqinliklə iman edən möminlər isə xəyal gücünün sərhədlərini aşan ehtimalların Allahın “ol” əmri ilə reallaşacağını və axirətdə cənnət neməti kimi qarşılarına çıxacağını bilirlər. Ona görə də insan dünyada “olsa əla olardı” deyə düşündüyü hər gözəllik və nemətə cənnətdə qovuşmağı ümid edir. Bu insan istədiyi hər şeyə qovuşa biləcəyi cənnəti qazanmaq üçün ciddi səy göstərməyə başlayır.
Allah cənnəti təsvir edib tanıtdığı ayələrdə insanlara dünyadakılarla müqayisə olunmayacaq gözəllikdə nemətlər söz verir. “Orada onlar üçün istədikləri hər şey var. Yanımızda isə daha çoxu var.” (Qaf surəsi, 35) ayəsində bu nemət bolluğunu xəbər verir.
Allahın cənnətdə verəcəyi nemətləri düşünərkən diqqət edilməli bir məqam da insan ağlının çox məhdud olduğudur. Bəziləri cənnətdə onlara vəd edilən nemətlərin bolluğunu, çeşidliliyini, bənzərsiz gözəlliklərini təxəyyülündə canlandırmaya bilər.
Quranda və hədislərdə bildirilən nemətlər, edilən cənnət təsvirləri insanlarda təsəvvür yaratmaq üçün dünyadakı gözəlliklərə bənzədilir. Əlbəttə ki, cənnətdə bu nemətlərin ən mükəmməlləri olacaq. Çünki Allah sonsuz ağlının bir təzahürü olaraq cənnəti bütün nöqsanlardan təmizlənmiş bir məkan olaraq yaratmışdır.
İnsanın məhdud düşüncə tərzini belə bir misalla açıqlaya bilərik. İnsanın görmə duyğusu olmasa, o sadəcə eşitmə, dad bilmə, qoxu alma və toxunma hisslərinə sahib olsa, gözlə görə biləcəyi nemətlər ona nə qədər anlatılsa belə bunları qavraması qeyri-mümkün olar. Rəngdən, aydınlıqdan, estetikadan, simmetriyadan, ehtişamdan bəhs edildiyi zaman insan bütün bunları anlamaz. Allah eynilə yalnız cənnətdə yaradacağı və bilmədiyimiz, bizə yeni zövqlər yaşadacaq hisslər verə bilər. Dolayısı ilə sadəcə 5 duyğu üzvümüzlə bağlı olduğumuz bu dünyada daha neçə nemətlərdən xəbərsiz olduğumuzu qavramağımız mümkün olmaya bilər. Görmə, düşünmə və təxəyyül sərhədlərimizin məhdudluğunu pəncərəsiz bir evdən heç çölə çıxmayan bir şəxsin halına bənzətmək olar. Evin xaricindəki gözəlliklərdən; dağların görünüşündən, bir-birindən estetik çiçəklərdən, sevimli heyvanlardan, aydın səmadan, gün işığından xəbərsiz olan bu şəxs necə bir nemət əskikliyi içərisində olduğunun fərqində belə olmaz. Qaldı ki, bu bənzətməni yenə də dünyadakı gözəlliklər üzərindən edirik.
Dünyadakı nemət və gözəlliklər cənnət nemətlərinin yanında çox əskik və qüsurludur. İman edən biri cənnəti sahib olduğu məhdud bilgilər daxilində dar düşüncə tərzi ilə dəyərləndirməməli və bu səhvə düşməməlidir. Çünki o Rəbbimizin bildirdikləri xaricində cənnətin necə olması və cənnət əhli üçün hazırlanmış sürprizlərin nələr ola biləcəyi haqqında fikir sahibi belə deyil. Quranda buna diqqət çəkilən ayələrdən biri də belədir:
Orada onlar üçün istədikləri hər şey var. Yanımızda isə daha çoxu var. (Qaf surəsi, 35)
Allah Dünyanı müsəlmanların Cənnət həsrəti duyacaqları şəkildə yaratmışdır. Allahın və axirətin varlığına iman edən hər kəs dünyada olan nemət və gözəlliklər qarşısında hər an cənnəti xatırlayacaq və bu nemətlərin müvəqqəti olduğunu bilərək cənnətdə həqisini istəyəcək. Nəticədə belə bir kimsənin cənnətə qovuşma istəyi və həyəcanı onun hərəkətlərindən, danışıqlarından, din əxlaqını yaşamaq barədə göstərdiyi səmimi səydən hiss ediləcəkdir.
Möminlər cənnətə qovuşmaq ümidi ilə, ən vacibi isə Allahı razı etmək üçün daim şövq və həyəcan içindədirlər. Rəbbimizin bənzərsiz nemətlərinə varis edəcəyi insanlara vəd edilən cənnətlə sevinc və hüzur içindədirlər.
Dünyada hər şeyin səbəb-nəticə əlaqəli olması Allahın sənətidir. Ancaq Rəbbimizin təcəlliləri sonsuzdur. Allah hər şeyi dilədiyi anda və surətdə yaradır və istədiyi şəklə salır. Kainatı yoxdan yaradan Allah dilədiyi an dünyada qavramağa çalışdığımız qanunları və səbəbləri aradan qaldıracaq.
Səmimi müsəlmanlar cənnətdə düşündükləri və xoşladıqları hər şeyi istəyə biləcək və həmin an o nemətlərə Allahın izni ilə sahib olacaqlar. Özlərinə və ətraflarına istədikləri surəti verə biləcəklər və hər istədiklərini edərək ən zövq alacaqları nemətlər içində yaşayacaqlar. Həmçinin bunların heç biri ehtiyaclarını ödəmək, əskiklikləri aradan qaldırmaq və ya qüsurları örtmək üçün yox, sadəcə uca Allahdan bir nemət və gözəllik olaraq cənnət əhlinin zövq alması üçün olacaq.

