Fantastik nağıl həvəskarı olan hədisçilər özlərindən daha bir məsələ uydurublar. Onların iddiasına görə günahkar müsəlmanlar Cəhənnəmdə biraz yanandan sonra, günahları yuyulacaq və Cənnətə keçəcəklər. Bunun üçün çeşidli hədislər də uydurublar. Amma nə hikmətdirsə Qurandan bircə ayə də sübut gətirə bilməyiblər. Bu inanc birbaşa olaraq uydurulmuş Tövratdan gəlir, yəni yəhudi inancıdır. Hədislər vasitəsilə İslama daxil edilmişdir.
Hinduizmdə də bu inanc var. Hinduizmə görə Cəhənnəm arınma yeridir. Günahkarlar bir müddət cəzasını çəkəndən sonra oradan çıxarılıb Cənnətə aparılacaqlar. Yəhudilərin inancına görə də onlar Allahın sevimli bəndəsi olduqları üçün biraz Cəhənnəmdə yanandan sonra Cənnətə gedəcəklər. Yəhudilərin hədislərinə görə onlar 12 ay yandıqdan sonra Cənnətə düşəcəklər. Quran da onların bu uydurmasına cavab verir:
Onlar dedilər: “Od bizə ancaq bir neçə gün toxunacaq!” De: Məgər siz Allah yanında əhdmi almısınız? Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?” (Bəqərə surəsi, 80)
Məzhəblərdə belə bir adət var ki, Quranın yəhudilərə, xaçpərəstlərə xitab etdiyi heç bir ayəni öz üzərlərinə götürmürlər. Əvvəlcə baxaq görək Cəhənnəm kimlər üçündür?
- Kafirlər
- Müşriklər
- Münafiqlər
- Fasiqlər
- Zalımlar
- Allahın ayələrini gizləyənlər
- Allahın ayələrini lağa qoyanlar və s. üçün.
Quranda Cəhənnəm əzabının davamlı olduğu bildirilir. Heç bir ayədə müddətli əzabdan söz açılmır:
Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. (Bəqərə surəsi, 81)
Onları daimi bir əzab gözləyir! (Tövbə surəsi, 68)
Kafir olaraq ayələrimizi təkzib edənlər isə cəhənnəmlikdirlər, onlar orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 39)
Onlar bu lənət içərisində əbədi olaraq qalacaqlar. Əzabları əskilmədiyi kimi, onlara baxılmayacaqdır! (Ali İmran surəsi, 88)
Ayələrimizi yalan hesab edib onlara təkəbbürlə yanaşanlar isə cəhənnəmlikdirlər və onlar orada əbədi qalacaqlar! (Əraf surəsi, 36)
I Cəhənnəmdən çıxış yoxdur. Cəhənnəmə düşənlər orada əbədi qalacaq. Heç bir ayədə müəyyən müddət qalıb cənnətə gedəcəkləri barədə söz yoxdur. Bunun əksini deyən artıq Quranı inkar edir. Məhz bu vəziyyətdən çıxmaq üçün xurafatçılar yalan hədis uydurmağı seçdilər. Guya Qiyamətdə cəhənnəmlik olan müsəlmanları Peyğəmbər şəfaət ilə Cənnətə geri qaytaracaq.
Məgər sən haqqında əzab sözü vacib olmuş kimsəni qoruya bilərsənmi? Məgər sən Cəhənnəmdə olanı qurtara bilərsənmi?! Demək haqqında Cəhənnəm hökmü verilmiş şəxsi heç kim oradan çıxara bilməz. (Zümər surəsi, 19)
Cəhənnəmdə yanıb sonra Cənnətə getmək kimi batil inanc bir sıra müsəlmanların günah işləməsinə səbəb olur. Belə uydurmalara aldanmamaq üçün mütləq Qurana üz tutmaq lazımdır və onu diqqətlə oxuyub araşdırmaq mütləqdir. Belə olduğu halda, kimsə sizi Allah adına, Din adına aldada bilməyəcək.

