Cəhənnəmdəki peşmanlığın faydası varmı?

Allah bütün insanlara elçilər və kitablar vasitəsilə etməli olduqları hər şeyi bildirər. Heç bir qövmü xəbərdar etmədən və onlara doğru yolu göstərmədən əzab göndərməz. (Şuəra surəsi, 208). Hər insan kifayət qədər nəsihət alacaq və etməli olduğu hər şeyi öyrənəcək qədər bir ömür yaşayar. Öhdəliklərini bildikləri və düşünüb öyüd almaq üçün kifayət qədər vaxtları olduğu halda inkarda israr edən insanlar cəhənnəmdə əbədi qalmağa layiqdirlər. Lakin bu insanlar oraya daxil olduqları anda dünyada etdiklərinə görə dərin bir peşmanlıq hiss etməyə başlayarlar. Bu peşmanlığın isə heç bir faydası və dönüşü yoxdur. Etdiklərini düzəltmək üçün dünyaya qayıtmaq istəyən inkarçıların yalvarışları heç bir fayda verməz. Çünki onlar özlərinə verilən fürsəti boşa vermiş və bu haqlarını əbədi olaraq itirmişlər. Allah ayədə inkarçıların bu çarəsizliyini belə ifadə edir:

Onlar orada: “Ey Rəbbimiz! Bizi (cəhənnəmdən) çıxart ki, (daha əvvəl) etdiyimiz (pis) əməllərin yerinə yaxşı əməllər edək!” – deyə fəryad edərlər. (Bu zaman onlara belə deyilər:) “Orada (dünyada) sizə düşünən bir kimsənin düşünə biləcəyi qədər ömür vermədikmi?! Sizə xəbərdar edən bir elçi də gəlmişdi. Ona görə də dadın (əzabı)! Zalımların köməkçisi yoxdur”. (Fatir surəsi, 37)

Bununla yanaşı, Allahdan rəhmət olaraq Peyğəmbərimizdən (s.ə.v) belə bir hədis rəvayət olunmuşdur:

Hz. Peyğəmbər (s.ə.v) belə buyurmuşdur: “Qəlbində zərrə qədər iman olan şəxs oddan çıxacaqdır”. Əbu Səid deyir: “Kim (bu xəbərin ifadə etdiyi həqiqətə) şübhə edərsə, bu ayəni oxusun: “Şübhəsiz ki, Allah (heç kəsə) zərrə qədər zülm etməz…” (Nisa surəsi, 40)” (Tirmizi, Sıfatu Cehennem 10, (2601))