Cəhənnəm əhlinin öz aralarındaki mübahisəsi

Quranda inkarçıların (zombilərin) həyatına son qoyularkən böyük əzab çəkəcəklərindən xəbər

Quranda inkarçıların (zombilərin) həyatına son qoyularkən böyük əzab çəkəcəklərindən xəbər verilir. Arxalarına və üzlərinə vurularaq canlarının çətinliklə çıxarılacağı, ölümün əzablı sarsıntılarını yaşayacaqları və mələklərin onları əbədi əzabla müjdələyəcəkləri ayələrdə bildirilmişdir. Bu vəziyyət ayələrdə belə ifadə edilir:

Mələklər özlərinə zülm edənlərin canlarını alarkən dedilər: “Nə işlə məşğul idiniz?” Onlar dedilər: “Biz yer üzündə aciz idik”. Mələklər dedilər: “Allahın yeri hicrət edəcəyiniz qədər geniş deyildimi?!” Onların sığınacaqları yer cəhənnəmdir. O necə də pis dönüş yeridir! Kişilər, qadınlar və uşaqlardan aciz olub heç bir çarə və hər hansı bir yol tapa bilməyənlər isə istisnadır. Ola bilsin ki, Allah onları bağışlasın. Allah əfv edəndir, bağışlayandır. (Nisa surəsi, 97-99)

Buradan da anladığımız kimi, kafirlərin ölüm vaxtı özlərini zəif, çarəsiz və günahsız göstərmək səyləri nəticəsiz qalacaq. Bu, onları getdikcə artan ümidsizliyə və cəhənnəmin qorxunc olmasının yol açdığı dəhşətə sürükləyir. Buna görə də, bütün cəhənnəm əhli ətrafındakıları “satmaqda”, özünün əzabdan qurtarmayacağını anladıqda dostlarının da eyni əzabı, hətta daha şiddətlisini çəkməsini istəyir. Quranda bu məsələ belə açıqlanır:

…Hər tayfa girdikcə yoldaşlarına lənət oxuyacaqlar. Nəhayət, hamısı bir-biri ardınca orada toplandığı zaman sonradan gələnlər, daha əvvəl gələnlər barəsində: “Ey Rəbbimiz! Bizi bunlar sapdırdı. Ona görə də onlara ikiqat cəhənnəm əzabı ver!” – deyəcəklər. (Allah da): “Hər kəs üçün ikiqatı (əzab) vardır, lakin siz bilmirsiniz”, – deyəcəkdir. (Əraf surəsi, 38)

Cəhənnəmdə bu insanlar keçmişdə itaət etdikləri və onları yoldan çıxarmış “mürşid, hoca, alim”“böyüklərinə” Allahdan ikiqat böyük əzab və lənət istəyərlər. Aralarındakı birlik və yaxınlıq artıq əbədiyyən yox olmuşdur. Burada nə dostluq, nə də qohumluq əlaqəsi davam etməyəcək.

Quranın ifadəsi ilə desək, “orada bir-biri ilə çəkişib mübahisə edərək” belə deyərlər: “…İndi artıq nə şəfaət edən kimsələrimiz, nə də bir mehriban dostumuz var!” (Şuəra surəsi, 100-101). Əksinə, cəhənnəmliklər onları azdırmış dostlarını “…onları ayaqlarımızın altına salıb cəhənnəmin dibinə göndərək…” (Fussilət surəsi, 29) deyərlər. Bu qarışıq şəraitdə aralarındakı mübahisələr də bir-birini günahlandırmaqdan ibarətdir. Quranda belə deyilir:

İnkarçılar: “Biz nə bu Qurana, nə də ondan əvvəlkilərə inanacağıq!” – dedilər. Kaş o zalımları Rəbbinin hüzurunda dayandırıldıqları zaman bir-birlərinə söz qaytararkən görəydin. (Dünya həyatında) zəif olanlar təkəbbürlü kimsələrə: “Əgər siz olmasaydınız, biz mömin olardıq!” – deyəcəklər. (Səba surəsi, 31)

Başqa bir ayədə də belə deyilir:

Onlar cəhənnəmdə bir-biri ilə mübahisə etdikləri zaman (dünyada ikən) aciz olanlar təkəbbürlənənlərə: “Biz sizin arxanızca gedirdik. İndi siz cəhənnəm əzabının bir hissəsini bizdən sovuşdura bilərsinizmi?” – deyəcəklər. (Mömin surəsi, 47)

Göründüyü kimi, cəhənnəm əhlinin arasındakı mübahisələr bir-birini günahlandırmaq, özlərini məsum, günahsız qəbul etdirmək və başlarına gələn bu qorxunc aqibətin tək səbəbi kimi qarşısındakını göstərmə şəklində olur. Dünya həyatında Allahın hökmünü, həqiqi islamı inkar edib Qurana inanmamaqda “inadkarlıq” edərkən, cəhənnəmə girəndə “… əgər sizlər olmasaydınız, bizlər möminlər olardıq” (Səba surəsi, 31) demələri, sahib olduqları ikiüzlü xarakteri açıq şəkildə ortaya qoyur.

Burada diqqət çəkən bir məqam daha var: Bu insanlar hər nə qədər mömin olmayıb və azğın xarakterə sahib olsa da, onları yoldan çıxarmaq üçün xüsusi səy göstərən, planlar quran bəzi insanlar da var. “Səba” surəsinin 33-cü ayəsində cəhənnəmdəkilərin mübahisələrindən danışarkən belə bir dialoq diqqət çəkir:

Zəiflər də təkəbbürlənənlərə: “Əksinə, siz gecə-gündüz hiylə qururdunuz. O zaman bizə Allahı inkar etməyimizi və Ona şəriklər qoşmağımızı əmr edirdiniz”, – deyəcəklər… (Səba surəsi, 33)

“Saffat” surəsinin 28-ci ayəsinə görə də cəhənnəmdəkilər, onları haqq yoldan azdıranlara “Həqiqətən, siz bizə sağ tərəfdən gəlirdiniz (özünüzü haqlı göstərirdiniz)” deyəcəklər. Bəs kimdir bu planları quranlar və insanları Allahın doğru yolundan azdırmağa çalışanlar? Bunlar şübhəsiz ki, şeytanın firqəsi olan münafiqlərdir.