Cəhənnəmdə hər kəs etdiklərinin qarşılığını tam şəkildə alacaqdır. Əlbəttə ki, inkarlarının şiddətinə, Allahın dininə və möminlərə qarşı apardıqları mübarizəyə, dünyada etdikləri zülmün dərəcəsinə görə insanlar arasında dərəcə fərqləri olacaqdır. Məsələn, möminlərin ən böyük düşmənlərindən olan və onlara qarşı gizli fəaliyyətlər yürüdən münafiqlərin cəhənnəmin ən alt qatında olacaqları (Nisa surəsi, 145) Quranda bildirilmişdir. Bu kimi nümunələrdən də göründüyü kimi, hər bir inkarçı mütləq cəhənnəmə daxil olacaq və Allahın ədaləti ilə etdiklərinin tam qarşılığını görəcəkdir. Bu həqiqət Quranda belə ifadə olunur:
Onlar özlərindən əvvəl gəlib-keçmiş cinlərdən və insanlardan ibarət millətlər arasında haqlarında əzab sözü vacib olmuş kimsələrdir. Onlar, həqiqətən, ziyana uğrayanlardır. Hər kəsin etdiyi əməllərə görə dərəcələri vardır. Allah onlara əməllərinin əvəzini tam verəcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir. (Əhqaf surəsi, 18-19)
Bununla yanaşı, bəzi insanların düşündüyünün əksinə olaraq, Allahın diləməsi istisna olmaqla, insanlar günahlarının cəzasını müəyyən müddət çəkdikdən sonra bağışlanaraq cəhənnəmdən çıxmayacaqlar. Ora daxil olan hər bir inkarçı (Allahın diləməsi istisna olmaqla) sonsuza qədər cəhənnəmdə qalacaqdır. (Bəqərə surəsi, 80–81)

