Dünya həyatında insanın ən çox dəyər verdiyi hisslər Allahın əzabı qarşısında yoх olаcаq. Artıq insanlar arasındakı dünyəvi yaxınlıqların, soy bağlılıqlarının heç bir mənası qalmamışdır. Dəyəri olan tək şey imandır:
“Sur çalındığı gün artıq aralarında nə qohumluq olar, nə də onlar bir-birindən soruşub hal-əhval tutarlar. Məhz tərəziləri ağır gələnlər nicat taparlar. Tərəziləri yüngül gələnlər isə özlərinə ziyan edənlərdir. Onlar cəhənnəmdə əbədi qalarlar” (Muminun surəsi, 101-103).
Dünyadakı əlaqə və münasibətlər elə parçalanar ki, sözdə ən çox sevilən oğullar, zövcələr, qardaşlar, hətta bütün nəsil inkarçılar tərəfindən əzabın əvəzində fidyə (can vergisi) olaraq təklif ediləcək:
“Və dost dostu arayıb axtarmayacaqdır. Onlar bir-birinə göstəriləcəklər. O günün əzabından qurtarmaq üçün günahkar istərdi ki, fəda etsin öz oğullarını, övrətlərini və qardaşını; ona sığınacaq verən əşrəfini, qohum-əqrəbasını; Və yer üzündə olanların hamısı – təki özünü qurtarsın! Xeyr! Həqiqətən o cəhənnəm alovlu atəşdir” (Məaric surəsi, 10-15).
Məhşər günü yaşanacaq bu “fidyə təklifi” inkarçıların əslində nə qədər nankor olmasının və öz mənfəətlərinə görə necə amansız hərəkət etmələrinin daha bir göstəricisidir. Bu təklif dünya həyatının nə cür boş və mənasız olduğunu bir daha sübut edir. Dünya həyatında insanların əksəriyyəti çox kiçik mənfəətlər ardınca qaçır. Yaxşı bir iş sahibi olmaq, gözəl evlər, qadınlar və ya pul üçün bütöv ömür sərf edilir. Bunun əvəzində Quranın xəbərinə görə, tək bir qadını deyil, dünyadakı qadınların hamısını, tək bir evi deyil, dünyadakı bütün mülkləri, yer üzünün qızıl və gümüş xəzinələrini, hətta bütün dünyanı məhşər gününün əzabından qurtulmaq üçün fidyə olaraq vermək istəyəcəklər. Amma əlbəttə, bu, mənasız və ümidsiz bir cəhddir və insanı heç bir şəkildə qurtara bilməz. O mülklərin sahibi Allahdır. İnsanın qurtuluşu isə bir daha geri qayıda bilməyəcəyi dünya həyatında qalmışdır. Artıq çox gecdir və cəhənnəmin atəşi ona vəd olunduğu kimi yanmağa başlamışdır.

