Cariyə uydurması

Quranda cariyə sözü yoxdur

Quranda cariyə sözü yoxdur. Bu söz “cry” kökündən gəlir “gənc qız”, “xidmətçi”, “qadın qulluqçu” mənalarını verir. Ərəbcə “cara” felinin (axmaq, axıntı, axış) bir halıdır. “cry” kökündən həm cariyə həm də cərəyan sözləri yaranır. Məsələn, Qurandan buna aid misal verək:

Haqqa 11. İnna lemma tagal mau hamelnakum fil cariyeti-(Su qalxıb daşanda biz sizi üzüb gedənin içində daşıdıq).

Zariyat 3. Fel cariyati yusran-(Asanlıqla üzüb gedənlərə).

Göründüyü kimi bu ayədə cariyə sözü “üzüb gedən” mənasında işlənib. Əməvi və Abbasi dönəmində qadınlar ikinci dərəcəli məxluq olduğu üçün əldən-ələ keçdiyi, alınıb-satıldığı üçün onlara cariyə adı veriblər. Cariyə kimi çevrilən söz “mə mələkət əymən” sözüdür. Bu haqda qısaca məlumat verib əsas məsələyə keçəcəyəm.

Əymən” kəlməsi “sağ əl” mənasını verən “yəmin” kəlməsinin cəmidir. Bu kəlimə Quranda “and”“əhd bağlamaq” mənalarında keçir.

And içmək mənasında-Bəqərə 224, 225, Ali İmran 77, Maidə 53, 89, 108, Ənam 109, Tövbə 12, 13, Nəhl 38, Nəhl 91, 92, 94, Nur 53, Fatir 42, Mücadilə 16, Münafiqun 2, Təhrim 2.

Əhd bağlamaq mənasında-Nisa 33, Tövbə 12, Qələm 39.

Bununla da deyə bilərik ki, “mə mələkət əymənuhum” sözü “Sağ əlinizin sahib olduğu”, “Andla sahib olduğunuz”, “Müqavilə ilə sahib olduğunuz” mənalarını verir. Yəni bu söz təkcə qadına aid deyil, eyni zamanda kişiyə də aiddir. Bu kəlmənin Quranda keçən anlamlarını ümumiləşdirsək bu nəticəyə gələrik:

  • Qanuni nigah əqdi əsasında nigahda olan şəxs.
  • Hər hansı kişi və ya qadınla bağlanmış andlaşma (məsələn, iş müqaviləsi).
  • Yəmin edilərək sahib çıxılan insanlar (məsələn, qəyyumluğa götürülən uşaq).

Göründüyü kimi bu söz kişilər üçün “sərhədsiz sayda qadın” mənasını vermir. Tərcüməçilər kişiləri razı salmaq üçün bunları uydurublar, çünki tərcüməçilərin, təfsirçilərin demək olar hamısı kişi olub. Hətta, bəzi ayələrdə “mə mələkət əymənuhum” sözünü cariyə kimi çevirə bilməyib kölə kimi tərcümə ediblər.

I Kişilərə cariyə təmin etmək üçün əsas iki ayənin üzərində oynayıblar. Ənənəvi tərcüməni olduğu kimi verirəm:

Muminun 6. İlla ala ezvacihim ev ma meleket eymanuhum fe innehum gayru melumin (Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar).

Məaric 30. İlla ala ezvacihim ev ma meleket eymanuhum fe innehum gayru melumin (Övrətləri və cariyələri istisna olmaqla. (Onlarla yaxınlıq etməyə görə) əsla qınanmazlar).

Ayədə olan “və” bağlayıcısını çarpdıraraq elə təəssürat yaradıblar ki, guya kişilər nikahlı qadınları ilə yanaşı istənilən sayda cariyə ilə də cinsi əlaqədə ola bilər. Gəlin birgə araşdıraq:

1) Muminun 1, 2, 3, 4, 5 və Məaric 26, 27, 28, 29 ayələrini oxuyanda görürük ki, xitablar möminlərədir. “Ey mömin kişilər” yox “Ey möminlər” deyilir. Yəni bura həm kişilər, həm də qadınlar aiddir. Qadın hər halda cariyə ilə cinsi əlaqədə olan deyil. Demək ki, bu ayələrdə “mə mələkət əymənuhum” sözünü cariyə kimi tərcümə etmək olmaz.

2) Ərəbcədə “bir-birinə zidd olan cüt” kimi işlənən “zevc” kəliməsi, təkcə qadını yox kişini də əhatə edir. Amma yuxarıda verdiyim tərcümədə bu kəlməni “kişilərin qadınları” (övrətləri, zövcələri) kimi tərcümə ediblər.

3) Ayədə olan “ev” bağlayıcısını nədənsə heç düşünmədən “və” mənasında tərcümə ediblər. Halbuki, bu bağlayıcının “yəni”, “və ya”, “xüsusilə” mənaları da var.

Ayələrə Quran üslubunda yanaşsaq, Muminun 6 və Məaric 30 ayələrində “mə mələkət əymənuhum” sözü qanuni nikahda olan cütlüklərdən bəhs edir. Tərcümə edək:

Muminun 6, Məaric 30. Həyat yoldaşları yəni nikah əhdi bağladıqları istisna olmaqla qınanmazlar.

Yəni ayə insanlara çatdırmaq istəyir ki, əgər qanuni, rəsmi nikah yoxdursa, iki əks cins arasında olan cinsi münasibətlər zinadır. Amma qanuni nikahda olanlar buna aid deyil. Bu Allahın bizim üçün təyin etdiyi bir qaydadır. Əgər istənilən qədər cariyə əldə etmək imkanı olsaydı daha evliliyə nə gərək vardı ki?