Cahil insanların hadisələrə baxışı

Bəzi insanlar başlarına gələn hadisələri öz məntiqləri əsasında yaxşı və ya pis şəklində

Bəzi insanlar başlarına gələn hadisələri öz məntiqləri əsasında yaxşı və ya pis şəklində müəyyən kateqoriyalara ayırırlar. Bunu edərkən öz vərdişlərini və milli adətləri önə sürürlər. Reaksiyaları hadisənin şiddət və formasına görə dəyişir, lakin nəticə etibarilə cəmiyyətin təyin etdiyi qəlibdən kənara çıxmırlar.

Hər insanın uşaqlıqdan etibarən gələcəklə bağlı bir çox planı olur. Lakin həyat həmişə insanların düşündüyü və ya planlaşdırdığı şəkildə inkişaf etmir. Zamanla hər insanın başına gözlənilməz hadisələr gəlir. Bəzən hər şey insanın tam istədiyi şəkildə olur, bəzən də zahirən tərs görünən bir çox hadisə baş verir. Çox sağlam birisi bir anda ölümcül xəstəliyə tutulur və ya qəza keçirib şikəst olur. Yaxud da çox varlı birisi bir anda bütün malını itirir.

Ümumiyyətlə, insanlar həyatı boyu rastlaşdığı bu hadisələrə fərqli reaksiyalar verirlər. İşləri qaydasında getdiyi və mənfəətlərinə zərər gəlmədiyi müddət ərzində müsbət reaksiya verir, ancaq gözlənilməz hadisələrdə narazı qalıb üsyan edirlər. Hadisələrin əhəmiyyətinə və nəticəsinə görə bu üsyankar davranışları daha da şiddətlənir.

Əsasən, bu ortaq xüsusiyyəti cahil cəmiyyətin hamısında görmək mümkündür. Lakin bu insanların bəziləri narazı qaldığı bu hadisələrdə “xeyir vardır” və ya “xeyirdir, inşaAllah” deməyi unutmurlar. Bu sözlər vərdişdən, yaxud da adət-ənənədən qaynaqlanır. Yoxsa bir çox insan sözdə deyildiyi kimi, başına gələn hadisələrdə xeyir axtarmır.

Bəziləri də zərərsiz və ya əhəmiyyətsiz gördüyü hadisələrə: “Bir xeyir var”, -deyərkən, vacib bildiyi və mənfəətinə ciddi zərər vuracağını düşündüyü hadisələr qarşı heç bir xeyir söz işlətmirlər. Məsələn, avtobusa çatmayan və ya maşını xarab olan birisi: “xeyir var”, -deyib vecinə almır. Ancaq buna görə müdiri onu təhqir edəcəksə və ya işindən qovulacaqsa, bu vəziyyətdə gileylənməyə başlayır. Yaxud da ucuz bir saatı itəndə eyni sözü işlədən insan qızıl üzüyü itəndə özünü itirir. İnsanın xeyirlə baxdığı və ya səbir etdiyi kiçik hadisələr vardır, amma böyük hadisələrdə hər cür neqativ davranışı özünün təbii haqqı kimi görür.

Bəziləri də xeyirlə baxmaqdan yalnız təsəlli məqsədilə istifadə edir. Yoxsa insanlar hadisələri xeyirlə dəyərləndirməyin həqiqətdə nə məna ifadə etdiyini anlamırlar. Bunun sadəcə sıxıntıya düşən və ya zərər çəkən dostların bir-birinə təsəlli vermək şəkli olduğuna inanırlar. Məsələn, iflas edən tanışa, yaxud sinifdə qalan dosta onu sakitləşdirmək üçün “eybi yoxdur, bir xeyir var” və ya “olmalı idi, xeyirə düşünmək gərək” kimi sözlər deyirlər. Eyni hadisə özlərinin başına gələndə heç bir xeyir söz işlətmirlər. Bu vəziyyət işlətdikləri sözün mənasından tamamilə xəbərsiz olduqlarını açıq şəkildə göstərir.

Belə insanların başına gələn və pis kimi görünən bütün hadisələrdə bir xeyirin olduğunu düşünməmələri iman zəifliyindən qaynaqlanır. İnsanın həyatı boyu qarşılaşdığı hər hadisəni Allahın yaratdığını, hər işin müəyyən tale ilə baş verdiyini və dünya həyatının imtahan yeri olduğunu anlamaması xeyirlə baxmasına mane olur.